Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6504/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Alahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Yelobank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 3855,19 manat əsas borc, 60,26 manat faiz borcu, 42,48 manat cərimə olmaqla, cəmi 3957,93 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 1%-lə, 60 ay müddətinə, 3855,19 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında eyni tarixli zamınlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və ona hesablanmış faizləri ödəməkdən yayınır və kredit müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmir. İddiaçının nümayəndəsi məhkəmə iclasındaiddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həqiqətən qeyd edilən məbləğdə pulu iddiaçıdan kreditlə götürmüşdür. Ona bildirmişlər ki, ödənişlə bağlı zəng vurub məlumat verəcəklər. Lakin, ona zəng vurulmayıb. Bu səbəbdən ödənişləri ləngidib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1981-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 isə xx.xx.1980-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.01.2015-ci il tarixli, 4-M-2-0-73-15 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 22%-lə, 7000 ABŞ dolları kredit vermişdir. İşdə olan kassa məxaric orderi bunu təsdiq edir. "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi imzalanmışdır. 29.11.2019-cu il tarixində iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış restrukturizasiya müqaviləsinə əsasən cavabdehin borcu kapitallaşdırılaraq 3855,19 manat məbləğində müəyyən edilmiş və kreditin müddəti 29.11.2024-cü ilə kimi müəyyən edilmişdir. Eyni tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqavilədi bağlanmış və Cavabdeh2 kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 öhdəlikləri üzrə zamin olmuşdur. Ödəniş cədvəlinə əsasən cavabdeh ilk 12 ayda 3,21 manat, qalan aylarda 81,97 manat, sonuncu ay 81,84 manat ödəniş etməli idi. Maliyyə arayışına əsasən cavabdehin 18.06.2021-ci il tarixinə borcu əsas borc üzrə 3855,19 manat, faiz borcu üzrə 60,26 manat, cərimə üzrə 42,48 manat olmaqla, cəmi 3957,93 manat təşkil edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun 5 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən ounla iddiaçı arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və iddia ərizəsində göstərilmiş məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 3855,19 manat əsas borc məbləğinə 42,48 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29.11.2019-cu il tarixli, 4-M-2-0-73-15 saylı kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 3855,19 manat, faiz borcu üzrə 60,26 manat, cərimə üzrə 42,48 olmaqla, cəmi 3957 (üç min doqquz yüz əlli yeddi) manat 93 (doxsan üç) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «Yelobank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6504/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6504/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver