Məhkəmə qərarları › İş №2(060)-6506/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6506/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6506/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 18.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 18 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdə boyun qaçırır. 18.06.2021-ci ilədək Cavabdeh1 banka 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1160,56 manat əsas, 155,9 manat faiz və 89,02 manat cərimə, ümumilikdə 1405,48 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcunu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1160,56 manat əsas, 155,9 manat faiz və 89,02 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1405,48 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin 2000 (iki min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 13 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, 15.07.2021-ci il tarixdə məhkəmə Cavabdeh1 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin Cavabdeh1 yaşadığı ünvanda heç kəs olmadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamış və həmin bildiriş geri qaytarılmışdır. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 18.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 4-MZ-2-0-1137-19 saylı, 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1160,56 manat əsas, 155,9 manat faiz, 89,02 manat cərimə, cəmi 1405,48 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 4-MZ-2-0- 1137-19 saylı, 18.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 3000 manat məbləğində, 18 ay müddətinə, illik 23% dərəcəsi ilə kredit müqaviləsi imzalanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 4-MZ-2-0- 1137-19 saylı, 18.12.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 zamin durmuşdur. İş materiallarında olan 4-MZ-2-0-1137-19 saylı, 18.12.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh1 18.01.2020-ci il tarixindən etibarən 18.06.2021-ci il tarixinədək ümumilikdə 3546,24 manat borc ödəməlidir. İş materiallarına əlavə edilmiş 08 iyun 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4-MZ-2-0-1137-19 saylı, 18.12.2019-cu il tarixli kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirməsi tələb olunmuş, müqavilələr üzrə yaranmış borcun ödənilməsi lazımi qaydada aparılmadığı halda borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilələrin şərtlərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, cavabdehlər kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1160,56 manat əsas, 155,9 manat faiz, 89,02 manat cərimə, cəmi 1405,48 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə 1425,48 manat məbləğində pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1–284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1160,56 (min yüz altmış manat əlli altı qəpik) manat əsas, 155,9 (yüz əlli beş manat doxsan qəpik) manat faiz, 89,02 (səksən doqquz manat iki qəpik) manat cərimə, cəmi 1405,48 (min dörd yüz beş manat qırx səkkiz qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, ümumilikdə 1425,48 (min dörd yüz iyirmi beş manat qırx səkkiz qəpik) manat məbləğində pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar