Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6521/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2016 saylı, 18 iyul 2016cı il tarixli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə 07 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 fevral 2016-cı il tarixdən başlayaraq hər ay aliment tutulması qət edilmişdir. Həmin məhkəmənin 26 fevral 2021-ci il tarixli 2(060)- 2181/2021 saylı qətnaməsinə uyğun olaraq cavabdeh tərəfindən ödənilən alimentin miqdarı artırılaraq 175 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh daim alimentin ödənilməsindən yayınır. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxt ilə müqayisədə hal-hazırda ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu artaraq 193 manat təşkil edir. Qızının məktəbli olması, ona məktəb ləvazimatları, geyim əşyaları alınması vacibdir. Övladı əlavə məşğələlərə gedir, həmin səbəbdən əlavə xərclər ödəyir. Həmçinin qızı uzun müddətdir ki, xəstədir. Onun müalicəsi üçün Travmatologiya Bakı Mərkəzində və Onurğa Bakı Mərkəzində 2020-ci ilin avqust ayında bel-onurğa sümüyündəki problemlərə dair tibbi əməliyyatlar keçirilmişdir. Qızının uzun müddət korset işlətməsi, tibbi idmana, habelə dava-dərmanına onun tərəfindən 7000 manatdan artıq pul vəsaiti xərclənmişdir. Həmin xərcləri ödəməyə imkanı olmadığından qohumların, tanışların köməyi ilə və borc hesabına ödəmişdir. Hazırki dövrdə aylıq qazancı ödənilməli olan alimentlə birlikdə belə bütün bu xərcləri ödəməyə imkan vermədiyindən, alimentin miqdarının artırılmasına ehtiyac vardır. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(060)-2181/2021 saylı qətnaməsini dəyişərək Cavabdeh onun xeyrinə 07 fevral 2014-cü ildə anadan olmuş qızı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat məbləğində aliment tutulmasına, həmçinin bel-onurğa sümüyündəki problemlərlə əlaqədar X1 müalicəsi üçün xərclənən 7000 manat məbləğində pul vəsaitinin onun xeyrimə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Ötən məhkəmə iclasında cavabdeh Amerikada olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, ona cavabdehin Türkiyədə olduğu məlum olmuşdur. Cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur. Həmin nikahdan iki övladı var. Onda Cavabdeh gəlirləri barədə məlumat yoxdur. Cavabdeh Türkiyədə turizm sahəsində işləyir, orada evi var. Alimenti ödəməyə maddi imkanı yetərlidir. Buna baxmayaraq alimenti tam ödəməkdən yayınır. Məhkəmə qətnaməsi ilə 175 manat məbləğində aliment kəsilməsinə baxmayaraq, cavabdeh fasilələrlə 100, 150 manat ödəyir. Hazırda 5800 manat alimet borcu var. Qızının müalicəsi üçün çəkdiyi xərclərlə əlaqədar sübutu yoxdur, bununla bağlı daha sonra müraciət edəcəkdir. Hazırda alimentin artırılaraq 193 manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvan düzgün olmadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə tərəfindən göndərilmiş SMS bildirişə əsasən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştiak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İlkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 3533/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə X4 arasında olan xx.xx.2012-ci il tarixli, 1844 saylı nikah qeydinin pozulması, xx.xx.2014-cü il təvəllüdlü X1 X2 yanında qalması, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin Cavabdeh iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 2181/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3024/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah ləğv edilmiş, nikah pozulduqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X5” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı bir uşağa görə ödənilən 175 manat məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, fərd olaraq hər bir uşağın qanunvericiliyin tələbinə uyğun olaraq maddi cəhətdən sağlam şəraitdə yaşamaq hüququ təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı uşağın müalicəsi və əməliyyatı üçün 7000 manat məbləğində çəkilmiş xərcin cavabdehdən tələb edilməsinə baxmayaraq, həmin sübutlar iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilməmişdir. Bundan əlavə hər bir tərəf, öz tələb və etirazının əsasını təşkil edən dəlilləri məhkəmə təqdim edilməsi baxımından, həmin sübutlar iddiaçı tərəfindən məhkəmə iclasında təmin edilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən tərəflərin diqqətinə çatdırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə aliment müəyyən edilərkən cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla uşaq üçün 175 manat məbləğində aliment müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2181/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Ümumi beynəlxalq normalarda və milli qəbul olunmuş qanunvericiliyin əsas prinsipdən çıxış edərək alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM-nin 217.3-cü, 217.4 və 218.3-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2181/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6521/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6521/2022
23.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver