Məhkəmə qərarları › İş №2(060)-6542/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6542/2022

10.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6542/2022 10.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində müəyəyn edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 29 may 2014-cü il tarixdə məhkəmə qətnaməsi ilə rəsmi şəkildə ayrılmışdır. Birgə nikahlarından iki uşaqları var və onlar iddiaçının himayəsinə verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 790/2014 saylı, xx.xx.2014-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün hər uşağa 103 manat olmaqla, cəmi 206 manat məbləğində aliment müəyyən olunmuşdur. Hazırda cavabdeh normal şəkildə vaxtlı-vaxtında alimenti ödəmir. Məhkəmə tərəfindən kəsilmiş məbləğ uşaqların saxlanması və digər xərcləri üçün kifayət etmir. Eyni zamanda uşaqlar məktəblidir, həm də bazar qiymətlərinin həddən artıq bahalaşması nəticəsində cavabdehə kəsilən aliment məbləğinin heç bir real dəyəri yoxdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, uşaqlar böyüyür, ehtiyacları günü-gündən artır. O, daha öncə alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etməyib. Cavabdeh mövcud alimenti də ödəmir. O, özü astma xəstəsidir və ailənin bütün ehtiyaclarını təkbaşına ödəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, o yenidən nikaha daxil olmuşdur. Həmin nikahdan bir uşağı vardır. O, ailəsi ilə birlikdə kirayə evdə qalır və hal-hazırda işləmir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməmsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1987-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1987-ci ildə, Qazax rayonu, Qırlı kəndində anadan olmuşdur. O, ünvan 3i ünvanında qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən nikahın ləğv edilməsi akt qeydləri kitabında xx.xx.2014-cü ildə, 480 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-1089/2014 saylı qətnaməsi ilə tərəflər arasında 06 iyun 2008-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, 09 aprel 2009-cu il tarixdə anadan olmuş X2 və 03 may 2011-ci il tarixdə anadan olmuş X1 iddiaçının yanında qalmasının müəyyən edilməsi, 09 aprel 2009-cu il tarixdə anadan olmuş X2 və 03 may 2011-ci il tarixdə anadan olmuş X1 18 yaşa çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər bir uşağa 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin, 50 manat maddi yardımın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-790/2014 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-1089/2014 saylı qətnaməsi qismən, 50 manat maddi yardımın tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X3 xx.xx.2011-ci ildə, X4 isə xx.xx.2009-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. İddiaçı məhkəmə qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Lakin, cavabdehin həmin məbləğdə alimenti ödəmək üçün zəruri vəsaitə malik olduğunu sübut edə bilməmişdir. İşdən göründüyü kimi cavabdeh yeni nikaha daxil olmuşdur və həmin nikahdan bir uşağı vardır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşaqların saxlanması üçün yüksək məbləğdə alimentin tutulması, onun digər nikahdan olan uşağının hüquqlarının pozulmasına səbəb olmamalıdır. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-1089/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-1089/2014 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, hər ay cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar