Məhkəmə qərarları › İş №2(060)-6548/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6548/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6548/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2441,6 manat əsas kredit borcu, 260,41 manat kreditdən istifadəyə görə faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2732,1 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında 14 dekabr 2018-ci il tarixli, 016FİZAM67914501 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 24 ay müddətinə, illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 14 dekabr 2018-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar kredit müqaviəsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. 24 dekabr 2020-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 2441,6 manat əsas borc və 260,41 manat faiz borcu olmaqla, ümumilkdə 2702,01 manat məbləğində borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, onlar banka olan borclarını ödəməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi Cavabdeh3 xx.xx.1981-ci ildə, Lerik rayonunun Zövnə kəndində anadan olmuş, hazırda həmin ərazidə qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1983cü ildə, Lerik rayonunun Zövnə kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 isə xx.xx.1958-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 14 dekabr 2018-ci il tarixli, 016CASA183480019 saylı kredit müqaviləsinə əsasən iddiaçı ona 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 7000 manat kredit verilmişdir. İddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2018-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar, borcalan - Cavabdeh3 ilə eyni dərəcədə, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh3 24 ay müddətinə hər ay 373,72 manat, sonuncu ay isə 373,81 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehlərə 08.06.2021-ci il tarixli borcun ödənilməsi ilə bağlı pretenziya məktubları göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh3 14.12.2020-ci il tarixə banka əsas borc üzrə 2441,6 manat əsas borc, 260,41 manat faiz borcu olmaqla, cəmi 2702,01 manat borcu vardır . Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi cavabdeh Cavabdeh3la iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Eyni zamanda kredit müqaviləsinin 3.01.-ci bəndində göstərilmişdir ki, davam edən 30 bank günü ərzində borcalan ona verilmiş kredit hisəsini və ya onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə ödəmək iqtidarında olmadıqda bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göründüyü kimi Cavabdeh3 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 14 dekabr 2020-ci il tarixinə onun banka 2441,6 manat əsas borcu, 260,41 manat faiz borcu qalmışdır. Həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən Cavabdeh3 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 2441,6 manat, faiz borcu üzrə 260,41 manat olmaqla, cəmi 2702 (iki min yeddi yüz iki) manat 01 (bir) qəpik məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər və Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar