Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-655/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdeh2, Onun nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı «özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı və ipoteka müaqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı və ipoteka müqaviləsinin əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı «özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı və ipoteka müaqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı və ipoteka müqaviləsinin əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 18ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzilinə dair özəlləşdirmənin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə nəticəsində Cavabdeh1 adına Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş, 31892 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, həmin qeydiyyat vəsiqəsi əsasında Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X3 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 318 saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı və ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 18-ci mikrorayon ev 1, mənzil 32 Sumqayıt şəhər X11 xx xxx 1988-ci il tarixli, 11/360 nömrəli orderi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış və Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx xxxxxx 2004-cü il tarixdə 31892 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh3 ASC ilə Cavabdeh2 və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X3 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 318 saylı alqısatqı və ipoteka müqaviləsinə görə, Cavabdeh1 Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzilini Cavabdeh2 mülkiyyətinə vermiş, mənzilin satış qiyməti 40.000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 8.000 manatı Cavabdeh2, 32.000 manatı isə Cavabdeh3 ASC tərəfindən xx xxxxxx 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 verilmiş kredit vəsaiti hesabına ödənilmiş, mənzil xx xxxxxx 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh3 ASCyə ipotekaya verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 32 saylı mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında xx xxxxxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzili özəlləşdirilərkən onun razılığı alınmamışdır. Belə ki, həmin vaxt o, həmin mənzildə qeydiyyatda olduğuna baxmayaraq mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə razılığı olmamışdır. Bu hal özü «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanunun tələblərinə zidd olduğumdan həmin mənzilin özəlləşdirilməsi etibarsız hesab edilməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hesab edir ki, Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzilinə dair özəlləşdirmə etibarsız hesab edilməli, həmin özəlləşdirmə nəticəsində Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx xxxxxx 2004-cü il tarixdə, 31892 saylı qeydiyyat vəsiqəsi ləğv edilməli, həmin qeydiyyat vəsiqəsi əsasında Cavabdeh3 ASC ilə Cavabdeh2 və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X3 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 318 saylı alqı-satqı və ipoteka müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia tələbində qeyd edilənlər əsassızdır və iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X7 etirazla məhkəməyə müraciət edərək göstərdi ki, İddiaçı Sumqayıt şəhər Məhkəməsinə Cavabdeh1, Cavabdeh2 “xxxx” ASC-yə qarşı “özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və alqı-satqı və ipoteka müqavilələrinin əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun gəlmir. İddiaçı qeyd edir ki, mənzil 2004-cü ildə Cavabdeh1 adına özəlləşmişdir. Lakin özəlləşmə vaxtı qeydiyyatda olsa da, iddiaçının razılığı alınmamışdır. İddia ərizəsi bütövlükdə mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi üzərində qurulmuşdur. Mənzil 2004-cü ildə özəlləşmişdir. Azərbaycan Respublikasının Dövlət Fondunun özəlləşdirilməsi ilə bağlı qəbul edilmiş xx.xx.1993-cü il tarixli qanunun tələblərinin konkret pozulması ilə bağlı hər hansi bir müddəa yoxdur. Mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı bir müddəanın pozulmasını təstiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Hər hansı bir əqdin etibarsızlığı ilə bağlı iddianın müddəti bir ildir. Mənzil 2004-cü ildə özəlləşibsə bununla bağlı iddia 1 il müddətində qaldırılmalı idi. Hesab edir ki, göstərilən iddia 2013-cü ildən bəri davam edən məhkəmə mübahisələrinin məntiqsiz davamıdır. Sumqayıt şəhər Notariat kontorunda xx.xx.2012-ci il tarixdə İddiaçı ərziə ilə müraciət edərək, Cavabdeh1 tərəfindən Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 32 saylı mənzilin satılmasına və girov qoyulmasına etiraz etmədiyini bildirmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(060)-4640/2013 saylı qətnaməsi ilə X5 Cavabdeh2 qarşı 20000 manat pulun alınıb ona verilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin, xx.xx.2013-cü il tarixli 393AİK saylı kredit müqaviləsinin, həmin mənzilə məxsus RX seriyalı, ******* saylı hüquqların qeydiyyatı haqqında DƏDRX-nin çıxarışının ləğv olunması, xx.xx.2013-cü il tarixli, 393 AİK saylı kredit müqaviləsi əsasında bank qarşısında borclu kimi cavabdehin əvəzinə iddiaçının tanınması və ya 23000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi, həmin pulun ödəndiyi tarixdən etibarən tərəflərin birgə vəsaiti hesabına tikilmiş fərdi yaşayış evinin cavabdehin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılması, həmçinin cavabdehin əməllərində cinayət tərkibi olubolmadığının araşdırılaraq hüquqi qiymət verilməsi barədə xüsusi qərardad çıxarılması tələbinə dair ilkin iddiası rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh1, İddiaçı, X3, X16 oğlu, X8 və X1 Sumqayıt şəhəri, 18-ci mkr, ev 1, 32 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-703/2014 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh1 ilkin iddia tələbi qismən təmin edilməsi, ilkin iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 ilə qarşılıqlı iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı Notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi alqı-satqı müqaviləsinin bağlanması hissəsində ləğv edilməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 oğunun adma verilmiş ünvan 2 ünvanında yerləşən mənzilə hüqqlarm dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə rədd edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşı Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 32 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmasına dair qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)2689/2015 saylı qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-703/2014 saylı qətnaməsi ilə Cavabdeh1 iddia tələbinin onunla Cavabdeh2 arasında bağlanmış Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzilin alqı-satqısına və ipotekasına dair xx.xx.2013-cü il tarixli müqavilənin alqı-satqıya dair hissəsinin və onun əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, həmin hissəyə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)-1536/2015 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)4640/2013 saylı qətnaməsi ilk iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzilin alqı-satqısına və ipotekasına diar xx.xx.2013-cü il tarixli müqavilənin və onun əsasında Cavabdeh2 adma verilmiş DƏDR-dən Çıxarışın ləğv edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-7831/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3ASC-yə qarşı “alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbiə dair iddiası təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-2535/2016 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 7831/2016 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh1 iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)- 2513/17 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(105)-2535/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti rədd olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-5105/2018 saylı qətnaməsi ilə Cavabdeh1, X16 oğlu, X3, X6 və İddiaçı qarşı “mənzilə istifadə hüququnun xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılmasına” dair iddiası təmin edilmiş, həmin məhkəmə qətnaməsinə əsasən cavabdehlərin mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 3983/2018 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti rədd edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-5105/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 3616/2019 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti rədd edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-3983/2018 saylı qətnaməsi dəyişdrilmədən saxlanmışdır. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarından İddiaçı yenidən eyni tələb üzrə apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-3834/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd olunmuşdur. Ondan İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə Kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2363/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti rədd edilmişdir. Beləliklə tərəflər arasında eyni səpkili iddialar ilə 5 dəfə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qədər mübahisə getmiş və məhkəmə qətnamələri ilə Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin, 32 saylı mənzilinə mülkiyyət hüquqları tanınmış, cavabdehlərin isə həmin mənzildən çıxarılmalarına dair tələbi təmin edilmişdir. Hal-hazırda İddiaçı alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması hissəsinə artıq məhkəmələr hüquqi qiymət vermiş və bununla bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələri var. Bu hissədə iddia tələbinə xitam verilməlidir. Özəlləşmənin ləğvi hissəsi isə rədd olunmalıdır. İddiaçı və onun ailə üzvləri 7 ildən artıqdır ki, müxtəlif iddialar qaldırmaqla Cavabdeh2 mülkiyyətində olan mənzilə daxil olub orada yaşamaq imkanından cavabdehi məhrum etmişlər. Bununlada iddiaçılar cavabdehə maddi ziyanla bağlı mənəvi ziyan da vurmuşlar. Hal-hazırda iddiaçıların mənzildən çıxarılma prosedurları həyata keçirilir. Bütün bunları nəzərə alıb iddia ərizəsinin özəlləşmənin etibarsız hesab olunması hissəsində rədd olunması, alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab olunması hissəsində isə xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinənə baxmayaraq, Cavabdeh1 və Cavabdeh3 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh2, onun nümayəndəsi və vəkili X4 dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzili xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəmədən Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də, buna əsas verən hallar barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, işin araşdırılan halları və iş materiallarına əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzilinə dair alqısatqı müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tərəflər arasında çox saylı məhkəmə çəkişməsi olmuş və iddia tələbi bütün instansiya məhkəmələrində rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı «özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı və ipoteka müaqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı və ipoteka müqaviləsinin əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə» dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı «özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı və ipoteka müaqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı və ipoteka müqaviləsinin əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-655/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-655/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver