Məhkəmə qərarları › İş №2(060)-6555/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6555/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6555/2025 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 8000 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, Salyan rayonunda yerləşən N saylı hərbi hissədə mülki işçi kimi mətbəxdə işləyir. Vaxtı ilə həmin hərbi hissədə işləyən kapitan X3 ərzaqçı arxa təminat xidmət rəisi vəzifəsində işləmişdir. X3 əvvəllər bir neçə dəfə ondan borc alıb qaytarmış, ona görə də, onun ona inamı yaranmışdır. X3 2022-ci ilin dekabr ayında işlədiyi hərbi hissədən ərzaq çıxardığı üçün barəsində tədbir görülmüşdür. Həmin məsələni həll etmək üçün X3 ondan yenə borc pul istəmişdir. O da cavabdehi tanıyıb inandığı üçün 5000 manat faizlə pul götürüb X1 vermişdir. X3 ona dediki faiz borcunu özü ödəyəcək. X3 faiz borcunu ödəmədiyi üçün məcbur olub borcu özü ödəmişdir. Bundan başqa o X1 2022-ci ilin sentyabr ayında da 3000 manat borc pul vermişdir. Həmin pulu bankdan götürmüşdür. Banka olan borcunu faizlə birlikdə məcbur olub özü ödəmişdir. Daha sonra X3 başqa hərbi hissəyə təyin olunmuş, onun borcunu qaytarmamışdır. O dəfələrlə cavabdehdən pulunu istəmişdir. Cavabdehin borclu olması Whatsapp yazışmaları ilə də təsdiq olunur. O cavabdeh barəsində pulunun qaytarılması ilə aiddiyəti qurumlara şikayət etmişdir. Sonuncu dəfə pulunu istəyəndə X3 gəlib onu evində döymüşdür. X2 onu döyməsi barəsində Salyan rayon Polis Şöbəsinə də şikayət etdikdən sonra Salyan rayon Məhkəməsinin 30 iyun 2025-ci il qərarı ilə X3 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 300 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarda Oktay izahatında ondan pul aldığını etiraf etmişdir. Oradan ona bildirdilər ki, məhkəməyə müraciət etməlidir. Ona görə də, məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verərək tələbinin təmin olunmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, 8 mindən əlavə 4830 manat pul vermişdir. Cavabdeh 5 mindən heç nə ödəməmişdir. Cavabdeh deyir ki verəcək, kartını atsın karta atacaq. 5 min manat 2022-ci il də vermiş, 3 min də hissə-hissə vermişdir. Telefonda səs yazıları vardır. Cavabdeh deyir ki, maaş alanda atacaq, veteran kartını verəcəkdir. 5 min 2021-ci il də götürmüşdür. O hər ay 500 manat olmaqla faiz götürdüyü adama vermişdir. Cavabdeh pulu onun tanışlığı ilə gedib götürmüşdür. Rayonda faiz verən adamdan götürmüşdür. 2025-ci ilin may ayında olan səs yazısıdır. Cavabdehin Veteran kartı ondadır. Cavabdehin 5 min manat götürdüyü sələmçiyə pulu o qaytarmışdır.Cavabdehin anası onun əvəzindən faizləri ödəmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək edərək qeyd etdi ki, səs yazısı kreditə görə olmuşdur. 26 min manat pul ödəmişdir. 2 min 20 manat onun anası iddiaçıya pul vermişdir. O zəng etmişdir ki, pulunu versin. O borclu deyil. 5 minə görə 26 min ödəmişdir. Pulu verən də deyir ki, ona pul çatmamışdır. İddiaçının evində olan paltaryuyanı, televizoru o almışdır. Onun adına göndərib ödəməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Sumqayıt şəhər Məhkəməsinin hesabına 99.60 manat dövlət rüsumu ödənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin İddiaçı göndərmiş olduğu müraciətə cavabından görünür ki, müraciət mülki xarakter daşıdığından məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin İddiaçı göndərmiş olduğu müraciətə cavabından görünür ki, eyni məzmunlu müraciət üzrə Salyan Rayon Polis Şöbəsində araşdırma aparılıb ekspert rəyinə, həmçinin toplanmış digər sübutlara istinad edilərək əməldə cinayət tərkibi olmadığına görə 16 iyun 2025-ci ildə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2. maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməklə qərarın surəti Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilmiş və pul tələbi ilə bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-704/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd olunanları nəzərə alaraq Cavabdeh müraciəti əsasında Salyan Rayon Prokurorluğunda toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş və Cavabdeh Murad Qədirova ödədiyini qeyd etdiyi 22.980 manat faiz (sələm) borcunun, həmçinin əlavə 3.800 manat əsas borcun ona geri ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X5 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür . Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən-hazırki halda cavabdeh şikayət ərizəsi əsasında başlanılmış material və tərəflərin verdiyi izahatları ilə müəyyən edilir ki, hazırki mübahisə üzrə cavabdeh İddiaçı (hazırki iş üzrə iddiaçı) və digər şəxslərə ümümiilikdə 21000 manat pul, 2020-ci ilin fevral ayından 2023-cü ilin yanvar ayınadək keçən dövr ərzində cavabdeh Murada Gülmirə vasitəsi ilə 22.980 manat məbləğində pul (faiz –sələm) vermişdir.İddiaçı həmin qərara əsasən ona pul verilməsini inkar edən izahat verməmiş, məhkəmə aradışması gedişatında səs yazısı olduğunu bildirməsinə baxmayaraq təqdim etməmiş, cavabdehin öhdəliyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında iddiaçının tələbinin əsası kimi cavabdehə pul verilməsinin mövcudluğuna dair iddiaçı tərəfin hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar