Məhkəmə qərarları › İş №2(060)-6573/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6573/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6573/2024 27.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona “Kapital Bank”ın Suraxanı rayonu filialından “Birbank” kredit kartı vasitəsilə kredit götürülərək verilən əsas borc və ona hesablanmış faiz borcundan qalan 2000 manat pul vəsaitinin, cavabdehin pul vəsaitini qaytarmaqdan boyun qaçırdığına görə 5% bank uçot dərəcəsinə uyğun 75 manat, mənəvi ziyan əvəzi olaraq 2000 manat pul vəsaitinin, cəmi 4075 manat pul vəsaitinin, o cümlədən də məhkəmə xərci olaraq 61 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutularaq iddiaçılardan İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, hazırki iddianın qiyməti beş min manatdan aşağıdır və iddiaçılar işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişlər. Bu səbəbdən də ərizənin MPM-in 23-1-ci fəslində nəzərdə tutulmuş normaların tələbləri daxilində verilib-verilmədiyi araşdırılmalıdır. MPM-in 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qanunvericiliyin sonuncu qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəyə verilmiş tələbi (4075 manat) təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, məhkəmə MPM-nin 284-4.1.3-cü maddəsinin tələbinə əsasən hesab edirki, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddiaçının ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.2 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. İddiaçı1 və İddiaçı2 izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçıların həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar