Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6582/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, atası X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14450 manat maddi zərər və 133,65 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçaı xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı notarif ofisində rəsmiləşdirilən etibarnamə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.550 manata “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşını almışdır. Avtomaşın digər Cavabdeh3 adına olmuşdur. Həmin avtomaşını Cavabdeh3 yaxın tanışı X1 üçün vermiş, baş etibarnaməni isə Radilin yanında işlərini görən Vəliməhəmməd adlı şəxsə vermişdir. Radil və Vəliməhəmməd bu maşını Bakı şəhəri, 28 saylı notariat ofisində verilən etibarnamə əsasında Cavabdeh1 satmış, avtomaşına görə etibarnaməni isə Cavabdeh2 adına rəsmiləşdirmişdir. xx.xx.2021-ci il tarixdə mənə avtomaşını Cavabdeh1 14450 manata satmış, etibarnaməni isə Cavabdeh2 qalan müddətə,11 ay 29 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək vermişdir. Avtomaşının satışı ilə bağlı pul həm Cavabdeh3, həm də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çatmışdır. Həmin vaxtdan da avtomaşın iddiaçıda olsa da, Cavabdeh3 avtomaşına dair verdiyi etibarnaməni ləğv etdirdiyinə görə iddiaçı avtomaşını idarə edə bilmir, öz adına rəsmiləşdirə və özgəninkiləşdirə bilmir. xx.xx.2022-ci il tarixdə Cavabdeh3 iddiaçını axtarıb tapmış və bidirmişdir ki, guya “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşını təmir etdirmək üçün Radil Çıraqova 1000 manat pul vermiş, lakin Radil onu aldadaraq avtomaşının idarə edilməsi üçün deyil, ondan yanındakı Vəliməhəmməd adlı şəxsin adına baş etibarnamə almışdır. Guya təsadüfən avtomaşının başqa adımın sürməyini görüb onun maşının ondan xəbərsiz satıldığını bilmiş və verdiyi etibarnaməni ləğv etdirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, maşını 2021-ci ilin dekabrında Cavabdeh1 almışdır. İddiaçı maşını alan zaman yanında qardaşı da olmuşdur. Qardaşı maaşının nasaz olduğunu bilirdi. Lakin maşının qiyməti iddiaçının büdcəsinə uyğun olduğu üçün o razılaşmışdır. Notariat ofisində o, 14 500 manat pulu və etibarnamə üçün 50 manat pulu Zahidə vermişdi. Gündüz, Vəliməhəmməd və Zahidin qardaşı da orada olub. İddiaçı avtomobili aldıqdan bir ay sonra ona etibarnamənin ləğv edildiyi məlum olmuşdur. Maşının alqı-satqısı zamanı Gündüz, Ayşən orada olmayıb. Etibarnamə Gündüzün adına olduğu üçün notariusa o da gəlmişdi. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, atası X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, maşını iddiaçıya 14 500 manata satmışdır. O, əslində avtomobilin satılmasında vasitəçi rolunu oynayıb. Belə ki, avtomobil etibarnamə ilə Vəliməhəmməd adlı şəxs tərəfindən ona verilib. Məqsəd avtomobilin satılması və əldə edilən vəsaitdən gəlir əldə etməsi olub. Sadəcə şəxsiyyət vəsiqəsi özündə olmadığı üçün tanışı Gündüzdən xahiş edərək avtomobilə dair etibarnaməni onun adına rəsmiləşdirib. Gündüzün avtomobilin satılmasında heç bir rolu olmayıb. Notariat ofisində iddiaçıdan 14500 manat pulu alıb və aldığı pulu Vəliməhəmədə verib. Pulu verərkən cavabdeh də bunu görüb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun avtomobilin alqısatqısına heç bir aidiyyəti yoxdur. Zahid onun dostudur. Sadəcə Zahidin xahişi ilə onun adından etibarnamə verilib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh3 məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. Cavabdeh2 xx.xx.1989-cu ildə ünvan 1i ünvanında qeydiyyatdadır. Cavabdeh3 xx.xx.1990-cı ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1993-cü ildə, ünvan 3 ünvanında qeydiyyatdadır. Nəqliyyat vasitəsinin səsrəncam verilməsi haqqında etibarnaməyə əsasən Cavabdeh3 HYUNDAİ ELANTRA MİNİK markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşını iddiaçıya etibar etmişdir. Etibarnamə üzrə ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq , qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Cinayət işi başlanması haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh3 və iddiaçının müraciəti üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən X4 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. AD seriyalı, 162871 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh3 “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, iddiaçının qardaşıdır. Avtomobili almağa qardaşı ilə birlikdə getmişdir. Onun avtomobildən xoşu gəlməmiş və iddiaçıya avtomobili almamağı məsləhət görmüşdür. Qiyməti razılaşdıqdan sonra sonra notariusa getmişlər. Alqı-satqı məsələsi həll edildikdən sonra, 14500 manat pul notariusda Zahidə vermişlər. Bu zaman Gündüz də orada idi. Həmin məbləğin Vəliməhəmmədə və ya başqa şəxsə verilməsini isə görməmişdir. İş materiallarına disk yazısı əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh3 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair iddiaçıya nəqliyyat vasityəsinə dair sərəncam verilməsi barədə etibarnamə vermiş və iddiaçı bunun müqabilində Cavabdeh1 14450 manat pul vermişdir. Sonradan Cavabdeh3 trəfindən verilmiş etibarnamələr ləğv edilmiş və avtomobil iddiaçıdan tələb edilmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.). Beləliklə iddiaçı 14450 manat puldan məhrum olmuş və bunun nəticəsində Cavabdeh1 əsassız olaraq varlanmışdır. Cavabdeh1 həmin pulu Vəliməhəmməd adlı şəxs göndərdiyini bildirsə də, qeyd edilən halı məhkəmədə sdübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14450 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Digər cavabdehlərə gəldikdə isə onlarla iddiaçı arasında avtomobilin alqı-satqısı ilə bağlı heç bir razılaşma olmadığından və onlara iddiaçı tərəfində hər hansı məbləğdə pul ödənilmədiyindən iddia həmin cavabdehlərə aid hissədə təmin edilə bilməz. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 133,65 manat dövlət rüsumunun 80 manatı Cavabdeh1 dən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14 450 (on dörd min dörd yüz əlli) manat pul və (80) səksən manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6582/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6582/2022
04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver