Məhkəmə qərarları › İş №2(060)-6607/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6607/2024

07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6607/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-386/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər uşağa, hər ay 100 manat olmaqla, cəmi 300 manat aliment pulunun tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda xx.xx.2006-cı il təvəllüdlü X3 həddi buluğa çatmışdır. Odur ki, iki uşağın saxlanılması üçün alimentin artırılması barədə mediasiya təşkilatına müraciət etmişdir. Alimentin artırılması ilə bağlı Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin Cavabdeh nümayəndəsi Mediasiya sessiyasında alimentin artırılmasına razılıq verməmişdir. Odur ki, alimentin miqdarı məhkəmə qaydasında artırılmalıdır. Göstərilənlərə əsasən alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər uşağa, hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment pulunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək, hər uşağa münasibətdə 10 manat məbləğində alimentin artırılmasına razı olduğunu bildirmişdir.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan AA5945505 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 23 sentyabr 2007-ci il tarixdə anadan olmuşdur.

7. İş materiallarında olan AA2811102 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 17 fevral 2009-cu il tarixdə anadan olmuşdur.

8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3861/2023 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 56 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra edilməsi qət edilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı müddətsiz 3-cü qrup əlildir. Diaqnoz: digər kardiomiopatiyalar, dilatasion kardimiopatiya.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X8 müddətsiz 3-cü qrup əlildir. Diaqnoz: İnsulindən asılı şəkərli diabet, ağırlaşmalarsız, şəkərli diabet İ ağır forma.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01773 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

12. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı 100 manat və 150 manat olmaqla pensiya alır.

13. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh "xxxx" MMC-də ixtisassız fəhlə, kənd təsərrüfatı vəzifəsində çalışır və aylıq əmək haqqı 504 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin nikah münasibətlərindən dörd uşaqları anadan olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3861/2023 saylı qətnaməsinə əsasən, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2006cı il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Uşaqlardan ikisi yetkinlik yaşlarına çatmışdır. Hazırda iddiaçı övladları barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

18. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

19. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

21. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

22. Məhkəmə, hazırda uşaqların saxlanılmaları üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmalarına kifayət etməməsi ilə bağlı iddiaçının izahatını, cavabdehin izahatını, iddiaçının və övladı X5 xəstəliklərini nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması məqsədəmüvafiqdir.

23. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir, süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət) cəlb edilən şəxslərin sayı artır.

24. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların atasının himayəsində olması, uşaqların analarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.

25. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf hər ay, hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə sabit pul məbləğində 470 manat miqdarında alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

27. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.

28. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

30. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, iddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur.

32. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

33. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən müəyyən müddət keçdiyini və bu müddət ərzində uşaqların böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3861/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

41. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

42. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

43. Alimentin artırılması ilə bağlı iddiaların hesablanması zamanı əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı nəzərə alınmalıdır.

44. Göründüyü kimi əvvəlki qətnamə ilə alimentin məbləği sabit məbləğdə ümumilikdə 300 manat müəyyən edilmişdir. Hazırda 470 manat alimentin tutulması tələb edilir. Belə olan halda (470-300=170 manat. 170 manat x 12 ay = 2040 manat) iddianın qiyməti 1.000 manatdan çox olduğu üçün 40,40 manat dövlət rüsumu ödəniləcəkdir.

45. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir.

46. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 40,40 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.

Nəticə hissəsi:

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3861/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 40,40 (qırx manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar