Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6608/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş 21 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2866/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 13 mart 2018-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Birgə nikahlarından 21 yanvar 2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(060)-4855/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş və birgə nikahlarından anadan olmuş 21 yanvar 2019-cu il təvəllüdlü X3 onun yanında qalması qət edilmişdir. Bildirmək istəyir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(060)-2866/2020 saylı qətnaməsi ilə 17 mart 2020-ci il tarixdən başlayaraq 21 yanvar 2019-cu il təvəllüdlü X1 üçün hər ay 170 manat aliment məbləğinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hesab edir ki, hazırda birgə nikahlarından anadan olmuş övladının saxlanması üçün aylıq 170 manat aliment kifayət etmir. Bildirmək istəyir ki, bazar qiymətlərinin qalxması, eləcə də uşağının böyüməsinin onların xərclərinə əsaslı təsir göstərdiyindən hazırda 170 manat məbləğində aliment kifayət etmir. Alimentin miqdarı bu günki iqtisadi münasibətlərə uyğun gəlmir. Belə ki, uşağın qida, geyim, təhsil, müalicə, istirahət və s. Qeyd edir ki, övladının əsas xərcləri məhz təhsili ilə bağlıdır. Belə ki, uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi nəzərdə tutulan müddəa «uşağı saxlamaq» anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən icra edilməlidir. Valideynlərin uşağı saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanın olub-olmamasından asılı deyildir. Qeyd olunanlara əsasən hesab edir ki, birgə nikahlarından anadan olmuş 21 yanvar 2019cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, alimentin məbləğinin maksimum şəkildə artırılmasını istəyir. Cavabdeh maşın ustasıdır, hazırda aliment borcuna görə axtarışdadır. Cavabdehin cəmi 1900 manat aliment borcu var. Cavabdehin ikinci dəfə ailə qurmasından xəbərdardır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2866/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4855/2021 saylı, 13 sentyabr 2021ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN xidmət’’ mərkəzi qeydiyyat şöbəsində xx.xx.2018ci il tarixdə 585 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması qət edilmişdir. İşdə olan AZ-İV 245052 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X5 bir övladları anadan olmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci ödəmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından görünür ki, Cavabdeh ikinci dəfə X2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2866/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri bir neçə dəfə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə yaşayış minimumunu və cavabdehin yalnız bir uşağa görə aliment öhdəliyinin olduğunu nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2866/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 170 manatdan 235 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 720 ((235-170) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş mediasiya xərci (60 manat) ödənilməli olan dövlət rüsumundan (30 manat) çoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2866/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 21 yanvar 2019cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması hər ay 235 (iki yüz otuz beş) manat sabit pulməbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6608/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6608/2024
09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver