Məhkəmə qərarları › İş №2(060)-6639/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6639/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6639/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etmiş olduğu 5700 (beş min yeddi yüz) manat və dövlət rüsumu olan 30 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, təxminən bir il əvvəl tanış olduğu Cavabdeh qızı ilə aralarında olan söhbət zamanı sonuncu ona Türkiyə Respublikasından Azərbaycan Respublikasına onlayn yolu ilə müxtəlif geyim və s. əşyalar gətirdərək burada onlayn qaydada satışını təşkil etməklə yaxşı gəlir əldə etdiyini bildirmişdir. Cavabdeh ona əlavə mallar gətirə biləcəyini və əldə etdiyi qazancdan ona verə biləcəyini bildirmişdir. İddiaçı cavabdehə inandığı üçün sentyabr və oktyabr aylarında aralarında olan sövdələşməyə əsasən hissə-hissə olmaqla ümumilikdə 5700 (beş min yeddi yüz) manat pul versə də, cavabdeh ötən dövr ərzində iddiaçıya pulu ödəməmişdir. Cavabdeh onunla sonrakı danışığında qeyd edilən məbləği tanışına verdiyini, lakin həmin tanışının onu aldatdığını bildirmişdir. İddiaçı cavabdehə 3100 (üç min yüz) manat pulu əlbəəl vermişdir. Digər məbləği isə 2 dəfə 1000 manat və 1 dəfə 600 manat olmaqla ödəniş terminalı vasitəsi ilə göndərmişdir. Qeyd edilən mübahisə ilə bağlı dələduzluq faktı ilə hüquq mühfizə orqanlarına müraciət etmişdir. Bakı şəhəri, Nəsimi RPİ-nin istintaq şöbəsində araşdırma aparılarkən cavabdeh həmin məbləği iddiaçıdan aldığın etiraf etmişdir. Cavabdeh bu pulu iddiaçıdan almaqla əsassız varlanmışdır. Bu baxımdan iddiaçının caavabdehə verdiyi 5700 manat məbləğində pul vəsaiti ondan alınaraq iddiaçıya verilməlidir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -01.05.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçıdan borc aldığını etiraf etmişdir. -cavabdehin Bakı şəhəri Nəsimi RPİ-dəki 19.04.2021-ci il tarixli izahatından görünür ki, iddiaçıdan 5700 manat aldığını etiraf etmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, cavabdeh iddiaçıdan 5700 manat almış və qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi pul vəsaitini, gəlir əldə etmək məqsədilə vermiş, lakin cavabdeh həmin işlə məşğul olmaqla bağlı vədini tutmayaraq, iddiaçıdan aldığı pul vəsaitini özününküləşdirərək, əsassız varlanmışdır. Buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədədə təmin edilməli iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etmiş olduğu 5700 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5700 (beş min yeddi yüz) manat və ödənilmiş Dövlət rüsumunun əvəzi 30 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar