Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-664/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci ildə anadan olmuş övladı Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixdə gecə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində naməlum şəraitdə itkin düşmüşdür. Həmin gecə oğlu evə gəlmədiyindən onun axtarışına çıxmış, polis orqanlarına müraciət etmişdir. Oğlunun oğurlanması ilə əlaqədar X13 oglu barəsində AR CM-nin 144.1-ci maddəsi ilə cinayət işi başlanmış, onun tapılması mümkün olmadığından barəsində axtarış elan olunmuş, işin icraatı dayandırılmış, lakin indiyədək oğlunun tapılması mümkün olmamışdır. Oğlundan 15 il ərzində heç bir xəbər çıxmamışdır. Ona görə hesab edir ki, oğlunun olduğu yer məlum olmadığından o, xəbərsiz itkin düşmüş hesab olunmalıdır. Oğlunun itkin düşməsi ilə əlaqədar o, Sumqayıt Şəhər Pİ-yə, AR DİN-ə, AR Baş Prokurorluğuna. AR MTN-nə dəfələrlə müraciət etmiş, onlar da öz cavablarında oğlunun axtarışı ilə əlaqədar iş getdiyini bildirmişlər. Lakin, oğlunun tapılması mümkün olmamışdır. Oğlu itkin düşəndən sonra onun arvadı, yəni gəlini X7 bir ildən artıq onunla yaşamış, sonra isə xx.xx.2003-cü il təvəllüdlü Ləman, xx.xx.2005-ci ildə doğulmuş Rəvan adlı uşaqlarını (onun nəvələrini) onun üstünə ataraq çıxıb atası evinə getmişdir. O vaxtdan da nəvələri onun himayəsindədir. Hazırda nəvəsi Ləman ödənişli əsaslarla universitetdə təhsil alır. Oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi bəzi sosial məsələlərlə əlaqədar onun yetkinlik yaşına çatmayan övladlarına müavinət təyin edilməsi üçün lazımdır ki, bunu da yalnız məhkəmə yolu ilə müəyyən etdikdən sonra etmək mümkündür. Ərizəçi və nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə şahid X1 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur və onun oğlunu uşaqlığından tanıyırdı. O, çox ağıllı və tərbiyəli insan idi. Yaşar 15-16 ildir ki, itkin düşüb. İtkin düşdükdən sonra anasından Yaşarı maraqlanmışdır. Yaşar işə getmiş, lakin qayıtmamışdır. Ərizəçi övladının itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Maraqlı şəxs2 harada olması ilə bağlı məlumat yoxdur. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. Yaşar yaxşı oğlan idi. Hara getdiyini bilmir. Maraqlı şəxs2 barəsində anası itkin düşməsi ilə bağlı polisə və prokurorluğa müraciət etmişdir. Ərizəçi ilə bir-birilərini çoxdan tanıyırlar. Məhkəmədə şahid X5 ifadəsində göstərdi ki, o, ərizəçinin oğludur. Qardaşı Yaşar xx.xx.2007-ci ildə səhər işə getmiş, lakin geri qayıtmamışdır. Həmin gün qardaşı ondan 1000 manat pul almış və axşam maaşını alarkən qaytaracağını bildirmişdir. Mərhum ailəli idi və iki uşağı var idi. İtkin düşməsi ilə bağlı polisə müraciət edilsə də bir nəticə əldə edilməmişdir. Qardaşı ilə bağlı heç bir məlumat almamışdırlar. Məhkəmə, ərizəçinin və nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5208/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Ərizəçi oğlu xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş Maraqlı şəxs2 xx.xx.2007-ci ildə Sumqayıt şəhərində ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3639/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5208/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti, qismən təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəllüdlü X6 anası X3, atası Maraqlı şəxs2dur. - 1 Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə Maraqlı şəxs2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlər Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 33/435 saylı məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2004-cü ildə ölkəyə girişi qeydə alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 144-cü maddəsi ilə başlanılmış cinayət işinin icraatı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə həvalə edilmiş və istintaq araşdırması zamanı X8 təqsirləndirilən şəxs qismində cəlb edilərək 2010-cu ildə axtarış elan olunmuşdur. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xx.xx.2010-ci il tarixdə R.Qurbanov Rusiya Federasiyası ərazisində saxlanılmış, lakin Rusiya Federasiyası vətəndaşı olduğu üçün verilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işinin icraatı təzələnərək R.Qurbanov yenidən axtarışa elan edilmiş və barəsində Sumqayıt ŞPİ-də axtarış işi açılaraq onun yerinin müəyyən olunması istiqamətində müvafiq axtarış tədbirləri davam etdirilir. - Azərbaycan Respublikası Daxili Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən qərarlardan görünür ki, Sumqayıt ŞPİ İŞ-nin müstəntiqi polis mayoru Qasım Abbasov tərəfindən material üzrə araşdırma aparılmış və Maraqlı şəxs2 itkin düşməsində cinayət tərkibi olduğu müəyyən edilmədiyindən xx.xx.2008-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2009-ci ildə Sumqayıt şəhər prokurorunun qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsinə dair Sumqayıt ŞPİ İŞ-nin müstəntiqi polis mayoru Qasım Abbasovun xx.xx.2008-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmiş, Maraqlı şəxs2 itkin düşməsi ilə əlaqədar fakta görə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Sumqayıt ŞPİ İŞ-nin baş müstəntiqi, polis kapitanı Tural Əhmədli tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsi ilə başlanmış 70454 №-li cinayət işi üzrə icraat cinayəti törədən şəxs müəyyən edilib istintaqa təhvil verilənədək dayandırılmışdır. - Həmin qərarlardan görünür ki, Ərizəçi xx.xx.2007-ci ildə ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət edərək oğlu Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixdə səhər işə gedib sonra qayıtmadığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin oğlu Maraqlı şəxs2 xx.xx.2007-ci ildə səhər işə getmiş və bir daha geri qayıtmamış, fakta görə cinayət işi başlanmış və işin icraatı dayandırılmışdır. Həmin tarixdən etibarən onun barəsində hər hansı məlumat ailəsinə, yaxınlarına və hüquq mühafizə oqranlarına daxil olmamışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1 və 40.2-ci maddələrinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının MPM-nin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Bu Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər. Bu Məcəllənin 315-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göründüyü kimi, fiziki şəxs iki halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Mülki qanunvericiliyin müvafiq müddəasının tələblərindən göründüyü kimi, həmin norma imperativ olmamaqla bu halın müəyyən edilməsi üçün kifayət qədər məlumatların olması halında edilə bilməsininin mükünlüyünü nəzərdə tutmuşdur. Belə məlumatların olmaması halında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qənaətə gəlinməsi mümkün deyildir. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, Maraqlı şəxs2 harada olması barədə artıq iki ildən çoxdur ki, məlumat yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş şəxs elan edilməsi üçün yetərli əsaslar vardır. Məhkəmə onu da qeyd edir ki, Maraqlı şəxs2 itkin düşməsi haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadığından onun xəbərsiz itkin düşmüş sayılması üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, yəni 2007-ci ilin iyul ayının 1-dən başlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-664/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-664/2023
03.03.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver