Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6648/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Rəhimova (Hacıyeva) Nigar Qalib qızının iştirakı ilə İddiaçı Rəhimova (Hacıyeva) Nigar Qalib qızının Cavabdeh qarşı “alimentin artırılması və əlavə maddi yardımın tutulması tələbi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Rəhimova (Hacıyeva) Nigar Qalib qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1519/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 170 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və uşağın ağır xəstə olmasını nəzərə alaraq xəstəliyi ilə əlaqədar olaraq 300 manat məbləğində əlavə maddi yardımın tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Rəhimova (Hacıyeva) Nigar Qalib qızı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi dövlət nikahından keçərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 adlı bir övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa da, bir neçə müddət sonra onun iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1519/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında qalmasına və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət olunmuşdur. Qət olunan alimentin məbləği uşağın saxlanılması üçün bəs etmir. Bundan əlavə olaraq qeyd edir ki, qızı serebral iflic, kəllədaxili hipertenziya, spastik tetraplegiya xəstəliyindən əziyyət çəkir. Uzun illərdir ki. həmin diaqnoz ilə qızı abmulator və stasionar müalicə, müayinədədir. Belə ki, uşaq inkişafdan geri qalmışdır, oturmasında, yeriməsində, danışmasında ümumi narahatlıqlar var. Hər ay müalicə olunmasına zərurət vardır. Aliment miqdarı ilə isə bunu etməkdə çətinlik çəkir. Qeyd edir ki, cavabdeh Sumqayıt şəhər Səhiyyə Şöbəsi 1 saylı Şəhər Xəstəxanasında gözətçi vəzifəsində çalışır. Həmçinin çıxarılan qətnamədən sonra cavabdehin gəlirlərində dəyişiklik olmuşdur. Uşaq günü gündən böyüyür. Böyüdükcə xərcləri də artmaqdadır. Qızı məktəblidir. Onun ehtiyaclarını və tələbatlarını ödəməkdə çətinlik çəkir. AR Prezidentinin Fərmanına əsasən bir uşağın minimum yaşayış məbləği 193 manat təşkil edir. Hesab edir ki, uşağın xəstə olması, hər ay müalicəsi üçün alınan dərmanlara, xəstəxana məsrəflərinə xərclənən vəsait nəzərə almaqla alimentdən əlavə uşağın xəstəliyi ilə əlaqədar olaraq əlavə maddi yardım cavabdehdən tutula bilər. Mediasiya sessiyasında iştirakları məcburi olduğundan ilkin olaraq Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Şahbazov Turalın xx.xx.2022-ci il tarix, saat 12:00-12:20 saatlarında təşkil etdiyi mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, mediasiya sesiyasına gəlməmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Sumqayıt şəhəri Mediasiya Mərkəzinin mediatoru S.Ramil tərəfindən MŞB/6/-5566 № li. xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış “ verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1519/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 170 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və uşağın ağır xəstə olmasını nəzərə alaraq xəstəliyi ilə əlaqədar olaraq 300 manat məbləğində əlavə maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Rəhimova (Hacıyeva) Nigar Qalib qızını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1519/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə Hacıyeva (Rəhimova) Nigar Qalib qızı arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış, 1322 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası Hacıyeva (Rəhimova) Nigar Qalib qızının yanında qalması və 24 yanvar 2020-ci il tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat aliment Cavabdeh tutularaq Hacıyeva (Rəhimova) Nigar Qalib qızına verilməsi qət edilmişdir. İş materiallarında olan, AZ-İİİ №592460 saylı xx.xx.2015-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 4820 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 “serebral iflic. Kəllədaxili hipertenziya, spastik tetraplegiya” diaqnozu qoyulmuşdur. İş materiallarında olan şəxs haqqında məlumatdan görünür ki, İddiaçı Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində laborant vəzifəsində çalışır və aylıq əmək haqqısı 353 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı X7 Bakı 6 saylı Mediasiya Təşkilatı mediasiya şurası tərəfindən təyin edilmiş mediatoru X4 xx.xx.2022-ci il tarixinə, saat 12:00-12:20-də təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X7 ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün “X6” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqğın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1519/2020 saylı iş üzrə qəbul etdiyi 19 mart 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia tələbinin xx.xx.2015-ci il təvəllüdlü X2 müalicəsi üçün 300 (üç yüz) manat məbləğində maddi yardımın tutulması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər, 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Hər iki normanın məzmunundan göründüyü kimi ərin (arvadın) özünün saxlanılmasına görə alimentin tutulması üçün qarşı tərəfin zəruri vəsaitə malik olması əsas şərt kimi göstərilmişdir. Lakin, iddiaçı Rəhimova (Hacıyeva) Nigar Qalib qızı Cavabdeh zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1519/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Rəhimova (Hacıyeva) Nigar Qalib qızına verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq iddiaçı Rəhimova (Hacıyeva) Nigar Qalib qızına ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi maddi yardım hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6648/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6648/2022
31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver