Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6649/2023 29.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh X3 və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 dekabr 2023cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 25700 (iyirmi beş min yeddi yüz) manat məbləğində pulun, 167 məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini, həmçinin cavabdeh X3 əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxararaq prokurora göndərilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş qaynatasıdır. Belə ki, o, cavabdehin qızı X4 ilə xx.xx.2018-ci ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur və rəsmi nikaha girdikdən sonra o, anasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X9 adlı bir övladları olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5108/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Evləndikləri vaxtdan keçmiş həyat yoldaşı anası ilə yola getmədiyi üçün anası da onun ailəsinin dağılmasını istəmədiyi üçün mülkiyyətində olan evi sataraq ona 15000 manat pul vermişdir ki, o, özünə yataqxana alsın və ailəsı ilə orada yaşasın. O, həmin pulu qaynatası Fizuli Ələkbərova aparıb gələcəkdə ev almaq məqsədi ilə saxlaması üçün vermişdir. Bir müddət sonra cavabdeh ona ilkin ödəniş 15.000 (on beş min) manat olmaqla Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MTK-da ucuz kreditə ev düşdüyünü demişdir. O, cavabdeh ilə həmin mənzili götürmüş və bundan sonra cavabdeh bildirmişdir ki, mənzili təmir etmək üçün də pul lazımdır. Yenidən anası ilə birlikdə bankdan kreditlə pul götürmüşlər və 7500 (yeddi min beş yüz) manat məbləğində pulu da cavabdehə vermişlər. Bundan əlavə o, özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını sataraq 3200 (üç min iki yüz) manatı da cavabdehə vermişdir. 2023-cü ilin əvvəllərində həyat yoldaşı ilə aralarında söz-söhbət yaranmış, mənzilin sənədlərini cavabdehdən tələb etdikdə ona məlum olmuşdur ki, cavabdeh ondan aldığı 25700 (iyirmi beş min yeddi yüz) manat məbləğində pulu öz adına mənimsəyib. Belə ki, mənzili öz adına alıb. Ona görə də cavabdehin onlara qarşı dələduzluq etməsi barədə anası Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi" barədə qərarına əsasən ərizə təmin edilməmiş, məhkəməyə müraciət etmək barədə hüquqları izah edilmişdir. Cavabdehin bu əməlindən əsl şok yaşamışdır. Cavabdeh keçmiş qaynatası olduğu və ailəsinin dağılmasını istəmədiyi üçün məhkəməyə anası X10 müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsi anası bu məsələdə subyektiv hüquqa sahib olmadığı üçün anasının iddiasını təmin etməmişdir. O, artıq cavabdehin qızı ilə boşanmışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin qızı ilə ailə qurduqdan sonra anasının yaşadığı Sumqayıt şəhəri, məhəllə 45-də yerləşən evdə yaşamağa başlamışdır. Lakin anası və keçmiş yoldaşı arasında münasibətlər pozulduğu üçün anası həmin evi satmaq məcburiyyətində qalmışdır. Anası evin satılmasından sonra əldə etdiyi puldan ev almaq üçün 15000 manat pulu ona, o isə qaynatasına vermişdir. Ev 45 min manata satılıb və həmin pul 3 nəfər arasında bölünmüş, ona da 15000 manat pul düşmüşdür. Həmin pulla qaynatası öz adına ev almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli ev əvvəl heç kimin adına deyildi. Lakin sonradan ona məlum olmuşdur ki, onların xəbəri olmadan cavabdeh evi öz adına rəsmiləşdirib. Halbuki o, evin öz adına alındığını düşünmüşdür. 2023-cü ilin fevral ayında evin onun adına olmadığını öyrənəndə, evdə söz-söhbət olmuş, cavabdehin evi öz adına keçirməsi məsələsini aydınlaşdırmağa çalışmışdır. Cavabdeh isə ona “sənə ev düşmür, qızımın puludur” cavabını bildirmişdir. Bir müddət sonra cavabdeh evin təmiri üçün də pul lazım olduğunu bildirmişdir. Bununla əlaqədar xx.xx.2022-ci ildə "xxxx" ASC-dən 2500 manat, anası isə sentyabr ayında "xxxx" ASC-dən 5000 manat kredit götürmüşdür. Həmin pulu da cavabdehə vermişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, evin təmiri üçün yoldaşı ilə birlikdə özünə məxsus 3200 manat dəyərində qızılları da satmışdırlar. Ona məxsus təxminən çəkisi 25 qr. olan bir sep və komplekt satmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh iddiaçının keçmiş qaynatasıdır. 2018ci ildə tərəflər evlənəndən sonra iddiaçının atasının evində yaşamağa başlayıblar. Sonra ailədaxili söz-söhbət olduğu üçün yaşadıqları evi satıb, həmin pulla başqa ev almalı olublar. Belə ki, ana oğlunun ailəsi dağılmaması üçün evi satmaq qərarına gəlmişdir. Evin satılması nəticəsində iddiaçının anası əldə olunan puldan 15000 manatı oğluna vermiş, oğlu isə həmin pulu ev alınması üçün cavabdehə vermişdir. Cavabdeh də iddiaçının pulu hesabına ev almışdır. Ev alsa da, sonradan iddiaçıya məlum olmuşdur ki, onun adına deyil, cavabdehin adınadır. Daha sonra cavabdeh evin təmiri üçün də pul lazım olduğunu bildirmişdir. Bununla əlaqdar iddiaçı yoldaşı ilə birlikdə qızılları satıb pulunu da cavabdehə vermişdir. Yenə pul lazım olanda iddiaçı və anası Bankdan ümumilikdə 7500 manat məbləğində kredit götürərək cavabdehə vermişdilər. Keçən ilin fevral ayında tərəflər arasında münasibətlər pozulanda iddiaçı evin özünə qaytarılmasını tələb etmişdir. Bu zaman aydın olmuşdur ki, ev iddiaçının adına deyil, cavabdehin adınadır. Bununla əlaqədar iddiaçının anası Polis Bölməsinə müraciət etmiş, orada araşdırılma aparılmışdır. Cavabdeh Bölmədə verdiyi izahatda 15000 manat və 3200 manat məbləğində pulların ona verildiyini etiraf edib, qalan məbləğ barədə isə məlumat verməyib. Göründüyü kimi Bölmədə məsələ ilə əlaqədar ətraflı araşdırılma aparılmayıb. Belə ki, digər şəxslərin izahatları alınmayıb. Bu səbəbdən hesab edir ki, cavabdehin barəsində xüsusi qərardad çıxarılmaqla, iddia tələbi tam təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddiaçı onun qızının keçmiş əridir. İddiaçı ona ev almaq üçün 15000 manat pul vermişdir. O, da həmin pulu ev almaq üçün ilkin ödəniş kimi vermişdir. Evin qiyməti 40000 manat idi. Qalan pulu isə hər ay 720 manat olmaqla ödənilməli idi, həmin pulu da o, ödəmişdir və hal-hazırda da ödəyir. Hazırda evin çıxarışı yoxdur. Yalnız evin alqı satıqısı ilə bağlı Saray MTK-da müqavilə bağlanılıb. Hazırda mənzildə qızı və iddiaçının övladları yaşayır. Ramid o, evdə heç vaxt yaşamayıb. Evin alınması üçün həmçinin qızına məxsus qızıllar satılaraq 800 manat pul da əlavə olaraq verilib. Onu da məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli evi o, öz vəsaiti hesabına təmir etdirib. Evin təmiri üçün təxminən 14000 manat pul xərcləyib. Qızıllardan başqa iddiaçı tərəf ona heç bir əlavə ödəniş etməyib. Ramidin Bankdan götürdüyü kreditləin bu məsələyə və ona heç bir aidiyyatı yoxdur. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə dair izahat verərək bildirdi ki, cavabdeh iddiaçıdan 15000 manat pul almasını inkar etmir. Sözügedən qızıllar həmişə cavabdehin qızının istifadəsində olub. Cavabdehin qızı evin təmirinə kömək etmək məqsədi ilə qızıllarını da satmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin evi alan zaman müqaviləni öz adına bağlayıb və bununla əlaqədar ilkin ödənişdən sonra qalan pulları da özü ödəyib. İddianın bankdan götürülən ümumi 7500 manat pulla bağlı hissəni ümumiyyətlə qəbul etmirlər. İddiaçının anası bankdan götürlmüş krediti cavabdehə deyil, Ramidə verildiyini bildirir. Bundan başqa hesab edir ki, xüsusi qərardad çıxaılmasına heç bir əsas yoxdur. Belə ki, polisdə sözügedən məsələ araşdırılmış və cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ramid onun keçmiş həyat yoldaşıdır. Evin alınması üçün onlara iddiaçının anası tərəfindən 15000 manat pul verilmişdir. Əslində iddiaçı tərəfin öz istəyi ilə ev atasınının adına rəsmiləşdirilmişdi. Hazırda isə ev heç kimin adına deyil. Orada heç kim yaşamır. Evin bütün kommunal ödənişlərini atası ödəyir. Ev alınması üçün iddiaçı ona məxsus qızılları satıb 800 manat pulu da evin alınması üçün verilən pulun üstünə qoymuşdu. Bildirir ki, qızıllar ancaq ona məxsus idi. Həmin qızıllar toy vaxtı ona hədiyyə edilmişdi. Sözügedən qızılların arasında Ramidə aid heç nə yox idi. Həmin vaxt bütün xərcləri atası ödədiyi üçün o, məcbur olub qızılları satmış və həmin satışdan əldə olunan 1200 manatdan puldan 800 manat pulu atasına vermişdir. Bundan başqa evin təmiri üçün maddi imkanları yox idi. Bu səbəbdən evin təmirini atası edib. Belə ki, yoldaşı 416 manat əmək haqqı alırdı. Ev üçün aylıq 720 manat pul ödənilirdi. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Ramidin Bankdan pul götürdüyündən xəbərsiz olmuşdur. Bu barədə evə məktub gələndən sonra xəbəri olmuşdur. Ramid bankdan onların yaşadıqları evi deyil, anasının aldığı evi təmir etmək üçün pul götürmüşdür. Ramidin özü bu barədə ona demişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ramid oğlu, Füzuli isə onun qaynatasıdır. Oğlu cavabdehin qızı ilə ailə qurduqdan sonra onunla birlikdə yaşamağa başladılar. Lakin gəlini onunla yola getmədiyi üçün evini satmaq məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin ev Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşirdi. Onun evi satıldıqdan sonra oğlu ailəsi ilə birlikdə bir müddət kirayədə yaşamağa başlamışdır. Evini 60000 manata satmış və həmin puldan oğluna 15000 manat verildikdən sonra oğlu özü üçün ev axtarmağa başlamışdır. Qalan pulla isə o, qızı ilə birlikdə özünə ev almışdır. Bir müddət sonra oğlu evin təmiri üçün pulunun çatmadığını bildirmişdir. Bununla bağlı o, Bankdan 5000 manat pul götürüb oğluna vermişdir. Cavabdeh evi təmir etdirdikdən sonra qızını kirayə evdən götürmüş, yeni alınan evi də öz adına keçirtmişdir. Bir daha qeyd edir ki, həmin ev onun pulu ilə alınıb. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçı qardaşı, cavabdeh isə onun qaynatasıdır. Onlar yaşadığı evi satdıqdan sonra ev almaq üçün həmin puldan qardaşına 15 min manat pul vermişdilər. Ev adıqdan bir müddət sonra qardaşı evin təmiri üçün pul lazım olduğunu bildirdi. Bununla əlaqədar anası "xxxx" ASC-dən 5000 manat kredit götürüb qardaşına vermişdir. Onu da qeyd edir ki, qızılı da evin təmiri üçün vermişdilər. Bildirir ki, pulu onlar Ramidə vermişdilər, həmin pulun cavabdehə verilməsində iştirak etməyiblər. Ramid onlara evin təmirli vəziyyətdə şəkillərini göstərmişdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/1108 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş, kreditin tarixi barədə məlumatdan görünür ki, İddiaçı SUNPU -06229 saylı kredit müqaviləsi üzrə ümumi borcu 1319.59 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, X13 ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən S.Səfərovaya 48 ay müddətinə, illik 22% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Tam kart Müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sumqayıt filialı X8 36 ay müddətinə, illik 24% olmaqla 300 manat məbləğində kredit xətti açılmışdır.. İşdə olan Rabitə Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kreditin tarixi barədə məlumatdan görünür ki, İddiaçı SUNPU -06229 saylı kredit müqaviləsi üzrə ümumi borcu 1038.41 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X12 özünə ev almaq niyyəti ilə cavabdeh İddiaçı ilkin olaraq 15000 manat, daha sonra isə 3200 manat pul vermişdir. Bu halı cavabdeh İddiaçı Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində verdiyi izahatında etiraf etmişdir. Məhkəmə iclasında tərəflərin izahatına əsasən həmçinin müəyyən edilmişdir ki, evin alqı-satqısına dair müqavilə iddiaçı ilə deyil, cavabdehlə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus 18200 manat məbləğində pulu mənimsəyərək özünə ev almış, nəticədə iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxsəldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı sözügedən məbləğdən əlavə iddiaçıya daha 7500 (25700-18200) manat pul verdiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 18200 (on səkkiz min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilən 3200 manat məbləğində pulun bir hissəsinin cavabdehin qızına məxsus qızılların satışından əldə olunması ilə bağlı qeyd edir ki, sözügedən hal iddia tələbinin həmin hissədə rədd edilməsinə əsas ola bilməz. Belə ki, hazırki mübahisə iddiaçı ilə onun keçmiş həyat yoldaşı arasında deyil. Bu məsələyə iddiaçının keçmiş həyat yoldaşı - X5 iddiaçıya qarşı müvafiq tələblə məhkəməyə müraciət etdiyi təqdirdə baxıla bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində iddiaçı cavabdeh X3 əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxararaq prokurora göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 71 faiz hissədə) təmin edildiyindən ödənilmiş 167 manat dövlət rüsumunun 119 manatı cavabdehdən tutularaq iddiaçıya verilməli, 48 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 18200 (on səkkiz min iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 119 (bir yüz on doqquz) manat hissəsi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6649/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6649/2023
29.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver