Məhkəmə qərarları › İş №2(060)-67/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-67/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-67/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh onun avtomobilinə dəymiş zərərin əvəzi olaraq 2390 manat pulun və ödənilmiş 43.90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, X6 adına xx.xx.2021-ci ildə «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyatda alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı etibarnamədən görünür ki, X6 «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2025-ci il tarixədək idarə etməyi ona - İddiaçı etibar etmişdir. Həmin avtomobil faktiki onun sahibliyindədir. xx.xx.2023-cü ildə, saat 02:30-da Cavabdeh idarə etdiyi «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Sumqayıt şəhəri, Sülh ilə N.Nərimanov küçələrinin kəsişməsində, X2 idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşmuşdur. Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan (etibarnaməsiz) idarə etdiyindən, «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyən zərərin əvəzi ondan tutulmalıdır. Belə ki, “Hyundai Sonata” markalı avtomobilin zərərini sığorta qarşılayır, lakin «Opel Astra» markalı, 10-UY502 dövlət qeydiyyat nömrə nişanlı avtomobil xeyli miqdarda zərər görmüş və cavabdeh o zərəri qarşılamaqdan yayınır, hər dəfə bir bəhanə gətirir. Belə ki, iddiaçının maddi ziyanın ödənilməsi hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. Həmin qərardan görünür ki, Cavabdeh svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 60 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. Hadisə nəticəsində «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil zərər dəymişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə nəticəsində zərərçəkən digər avtomobilin zədələnməsi ilə əlaqədar ona sığorta ödənişi sığorta şirkəti tərəfindən veriləcəkdir. Hal-hazırda «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil işlək vəziyyətdə deyildir, belə ki, təmir olunmalıdır və onun imkanı yoxdur. Avtomobil faktiki onun sahibliyindədir. Cavabdeh əvvəl zərəri qarşılayacağını bildirmiş, lakin öhdəliyini yerinə yetirməmişdir. Bu fakt onun cavabdehlə “Whatsapp” vasitəsilə yazışmalarından da görünür və onu iddia ərizəsinə əlavə etmişdir. xx.xx.2023- cü il tarixli qüsur aktından görünür ki, «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 2390 manat məbləğində müəyyən edilmişdir. Onda qüsur aktı ilə müəyyən olunan avtomobilə dəymiş zərəri cavabdehdən tələb edir. Özü hal-hazırda işləmir, maddi imkanı aşağıdır, avtomobili təmir edəcək gücü yoxdur. O həmin avtomobillə taksi fəaliyyəti göstərərək pul qazanmışdır. Cavabdehin törətdiyi hadisə nəticəsində o artıq heç bir iş görə bilmir. Cavabdeh ona 2390 manat zərər vurmuşdur. Dəfələrlə cavabdehdən vurduğu zərəri tələb etsə də verməkdən yayınmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Avtomobilin fotoşəkillərini də iddia ərizəsinə əlavə etmişdir. Hazırki iddiaya görə 43.90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvəzinə ödədiyi 78 manat cərimə pulunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh qarşı avtomobilinə dəymiş zərərin əvəzi olaraq 2390 manat pulun və ödənilmiş 43.90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi vardır. xx.xx.2023-cü ildə, saat 02:30-da Cavabdeh idarə etdiyi «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Sumqayıt şəhəri, Sülh ilə N.Nərimanov küçələrinin kəsişməsində, X2 idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin vəkili Vəkil xx.xx.2023-cü ildə baş vermiş hadisə nəticəsində zərər dəymiş digər avtomobilə sığorta ödənişinin edilib- edilməməsi barədə məlumatın öyrənilməsini istəmişdir. Bildirir ki, avtomobil Carpoint Servisə yönləndirilmiş, "xxxx" ASC tərəfindən həmin avtomobilə dəymiş zərərin məbləği 2210 manat olaraq qiymətləndirilmişdir və sığorta aktı hazırlanmışdır. Bu barədə avtomobilin sahibinə sms göndərilərək məlumat verilmişdir. Avtomobili təmiri Carpoint Servis təmir müəssisəsinə həvalə edilmişdir. Göründüyü kimi avtomobilin sahibi sığorta təşkilatı tərəfindən avtomobilə dəymiş zərərin məbləği kimi qiymətləndirilən 2210 manatı götürməmiş, avtomobili Carpoint Servis təmir müəssisəsinə həvalə etmişdir. Eyni zamanda bildirir ki, o iddia tələbinin həcminin artırıraraq Cavabdeh əvəzinə ödədiyi 78 manat cərimə pulunun tutularaq ona verilməsini xahiş etmişdir. (İddianı digər hissələrdə müdafiə edir.) Belə ki, Cavabdeh nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 60 manat məbləğində inzibati qaydada cərimə edilmiş və cəriməni ödəməmişdir.Cərimə ödənilmədiyinə görə onun avtomobilinin üzərinə həbs qoyulacağı barədə sms bildiriş gəlmişdir. Cavabdehin təqsirinə görə avtomobil üzərinə həbs qoyulmasın deyə cəriməni o özü ödəmiş və hazırda həmin məbləğin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh onun avtomobilini idarə etməsində səbəb iddiaçının içkili olması olmuşdur. Belə ki, o demişdir ki, ayıq sürücü çağırsın. Lakin Cavabdeh bildirmişdir ki, ayıqdır. Ona görə də maşını o idarə etsin. Həmin zaman cavabdehin sürücülük vəsiqəsi də olmuşdur. Avtomobil idarə olunan zaman Karvan ticarət məntəqəsinə yaxınlaşdıqda sola dönüşə icazə verilməyən yerdən sola dönmüş və işıqforun qırmızı işığında yolu keçmişdir. Bunu nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və yol polisləri hadisə yerinə gələrək müvafiq sənədləşmə işlərini aparmışlar. Həmin zaman etibarnamə də olmuşdur. Əgər avtomobili cavabdehə sürmək üçün icazəsi olmasa idi, yol polisləri ona da cərimə yazardılar. Eyni zamanda sığorta ödənişi də həyata keçirilməzdi. Yol polis əməkdaşları gəlmiş, sığorta da hadisə yerində iştirak etmişdir. Əgər onun səlahiyyəti yox idisə nə üçün ona cərimə yazılmamışdır? Cavabdehə etibarnamə verməmişdir. Sadəcə o içkili olduğuna və cavabdehin də sürücülük vəsiqəsi olduğuna görə avtomobili idarə etmək üçün vermişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, qanunvericilik müəyyən edir ki, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə ziyan vuran şəxs idarə etdiyi yüksək təhlükə mənbəyinin icarə, istifadə, ilk növbədə mülkiyyət hüququ ilə bağlı sahiblik etmək hüququ olmalıdır. Yəni ki, Cavabdeh verilmiş səlahiyyətlər daxilində sahiblik etmək ixtiyarı olmalı idi. Sərbəst avtomobili idarə edə bilmək səlahiyyətinə malik olduğu zaman məsuliyyət daşıyır. Sadəcə olaraq iddiaçı spirtli içki qəbul etmiş, cavabdeh isə içkili vəziyyətdə olmadığı üçün avtomobili idarə etmişdir. Bu sahiblik etmək demək deyildir. Eyni zamanda müvafiq sahiblik də verilməmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı bu tələbdə zərər tələb etməkdə Cavabdeh subyetlərin dairəsində deyildir. İş materiallarına əlavə edilmiş etibarnamədən müəyyən olunur ki, iddiaçının avtomobili yalnız idarə etmək səlahiyyəti olmuşdur. Həmin avtomobil iddiaçının mülkiyyətində deyildir. Həmin etibarnmədə iddiaçının dəymiş ziyan ilə bağlı iddia vermək hüququ nəzərdə tutulmamışdır. Deliktlərdən əmələ gələn öhdəliklərdə 1097-ci maddə vardır. Belə ki, 1097.1-ci maddəyə əsasən delikt törətmiş şəxsin qanunsuz hərəkətləri ilə əmlakına və şəxsiyyətinə zərər vurulmuş şəxs vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. O zaman iddiaçının tələb hüququ yaranardı ki, iddiaçının həmin avtomobilə əmlak hüququ vardır. Əmlak hüququ yoxdursa, sadəcə idarə etmək hüququ vardırsa iddiaçının iddia qaldırmaq hüququ yoxdur. Eyni zamanda Mülki Məcəllənin dəymiş ziyanın ödənilməsi ilə bağlı hissəsi də vardır. Belə ki, 20.1-ci maddəyə əsasən tələb etmək hüququ ziyanı tələb etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. İddiaçının həmin şəxsin adından çıxış etmək hüququ yoxdur. İkinci bir tərəfdən iddiaçıya ziyan dəyməsi təsdiq olunmur. Çünki, həmin əmlak iddiaçının əmlakı deyildir. İddia vermək hüququ adına texniki pasport verilmiş şəxsə məxsusdur. Yaxud əmlakı tələb etmək hüququ ilə etibarnamə verdiyi şəxsdir. Ona görə də hesab edirlər ki, iddia tələbi tələb etmək hüququ olmayan şəxs tərəfindən verildiyi üçün iş üzrə iddia tələbi təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “FMS” servisin direktoru X10, həmin aktı ondan ötrü tərtib etmişdir ki, İddiaçı məxsus “**- UY-***” qeydiyyat nömrəli Opel Astra markalı avtomobilə texniki baxış keçirilmiş və göstərilən işlərin görülməsi və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün yekun məbləğ 2390 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Opel Astra” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilənərək 60 manat məbləğində cərimə edilmişdir. Mülki işin materiallarında İddiaçı şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surətləri mövcuddur. Mülki işin materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməninin surətindən görünür ki, X1 Emil Əhəd oğluna “Opel Astra” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ vermişdir. Mülki işin materiallarında olan ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 60 manat məbləğində cərimə edilmişdir. Mülki işin materiallarında avtomobilə dəymiş zərəri əks etdirən fotoşəkillər və iddiaçı ilə cavabdehin “vatsap” sosial şəbəkəsi üzərində yazışmalarını əks etdirən fotoşəkillər mövcuddur. Mülki işin materiallarında olan dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 43.50 manat, daha sonra bir manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət ilə müraciət edərək, 2(060)-4047/2023 saylı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini, ekspert qarşısında “Opel Astra” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyən edilməsi sualının qoyulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4047/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Ekspert rəyi təqdim olunduğundan, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli 9/6946 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “FMS” servisin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Opel Astra” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2290,0 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarına əlavə edilmiş “Opel Astra” markalı **-UY-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat şəhadətnaməsindən məlum olur ki, avtomobilin mülkiyyətçisi X4r. Məhkəmə hazırki tələblə bağlı iddiaçının cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, iş materiallarından aydın olur ki, hazırki iş üzrə İddiaçı hadisə zamanı Cavabdeh idarə etdiyi avtomobilin, yəni “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyildir. Həmin avtomobilin mülkiyyətçisi iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X4r. Yəni, məhkəmə tərəfindən müəyyən edildi ki, hadisə zamanı bir-birilə toqquşan avtomobillərdən “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi əslində X4r. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi ilə bağlı iddia irəli sürməsi yalnız avtomobili idarə etmək səlahiyyət olduğundan əsassızdır. Lakin məhkəmə qeyd edir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İstinad olunan Qanunun 25.1.3-cü maddəsi avtomobillərə münasibətdə tətbiq edilərkən «idarə etməyə və sair hərəkətlərə hüququ olmayan şəxs» dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə olunması ilə bağlı istər nəzəri, istərsə də təcrübi biliklərə malik olmur ki, nəticədə bu cür şəxsin (və ya şəxslərin) avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırmış olur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun nəqliyyat vasitələrini idarəetmə hüququndan bəhs edən 33-cü maddəsinin İ hissəsində qeyd edilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Tədqiq olunmuş sübutlardan görünür ki, icbari qaydada sığortalanmış avtomobilin mülkiyyətçisi X6 olmaqla cavabdeh-sürücü Cavabdeh yol nəqliyyat hadisəsini törədərkən həmin avtomobili etibarnamə olmadan, lakin sürücülük vəsiqəsi (AE018003, xx.xx.2015-ci il tarixdə verilməklə istifadə müddəti xx.xx.2025-ci il tarixədək) əsasında idarə etmişdir. Bununla yanaşı, məhkəmə həm də onu vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud inzibati qanunvericiliyə görə inzibati məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması isə mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır və belə olan halda istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (hazırkı halda avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası KM Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Konstitusiya ilə təsbit edilmiş hər kəsin təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi, mülkiyyət hüququnun qorunması məqsədi ilə qanunverici yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrinin istismarının, yol hərəkətinin xüsusi qaydalarını təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 19 may tarixli Qərarı). “Yol hərəkəti haqqında” Qanunun 2-ci maddəsi ilə yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsasları və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqları və vəzifələri müəyyən edilir. Qanunun nəqliyyat vasitələrinin dövlət qeydiyyatını tənzimləyən 27-ci maddəsində göstərilmişdir ki, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün özündə saxlamalı olduğu sənədlər müəyyən edilmişdir. Fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücülük vəsiqəsi ilə yanaşı, sənədlər sırasında sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə göstərilmişdir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. İşdən görünür ki, yol nəqliyyat hadisəsi 28 aprel 2023-cü il tarixdə baş vermişdir. İddiaçı “OPEL ASTRA” minik markalı, 99-XS069 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 adından çıxış etmək səlahiyyətinə malik olmasına dair də iş materiallarında hər hansı bir sənəd yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə qeyd edir ki, hər kəs özünün pozulmuş hüququnun bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün pozulmuş hüququnun bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təminolunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Eyni Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ekspertiza xərci 100 manat təşkil etdiyindən, İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar