Məhkəmə qərarları › İş №2(060)-6708/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6708/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6708/2025 27.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh səhvən onun hesabına göndərilmiş 400 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə istifadəsində olan 4127 2044 4433 1365 nömrəli ABB bank hesabındakı kartından digər 4169 7388 8596 3052 nömrəli Kapital bank hesabındakı kartına 400 manat məbləğində pul göndərirdi. Sonuncu 4 rəqəmində rəqəmlərin yerini dəyişik yazdığına görə səhvən pulu cavabdeh Sumqayıt şəhər sakini Cavabdeh istifadəsində olan 4169 7388 8596 5032 nömrəli Kapital bank kartına göndərmiş və həmin 400 manat məbləğindəki pul onun bank hesabına daxil olmuşdur. Əvvəlcə kartın sahibinin kim olduğunu bilmədiyinə görə bu məsələnin araşdırılması ilə bağlı və pulun daxil olduğu bank hesabının sahibinin kimliyini müəyyən edilməsi üçün Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmiş və müraciəti əsasında 400 manat pulun Sumqayıt şəhər sakini Cavabdeh bank kartına daxil olduğu müəyyən olundu. Cavabdeh pulun onun bank kartına daxil olduğunu bilsə də həmin pulu qaytarmaqdan yayınmışdır. Hətta onunla özü və polis əməkdaşları əlaqə yaratmışdır. Lakin cavabdeh həmin pulu müxtəlif bəhanələrlə ona geri qaytarmaqdan imtina edir. 2-ci qrup əlildir. Xəstəliyi ilə bağlı daima müalicə alır, həmin pul da dərmanlarının pulu idi. Ona görə də kartından digərini atırdı ki, faizi az çıxılmaqla həmin pulla dərmanlarını ala bilsin. Bu səbəbdən xahiş edir ki, həmin pulun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılsın.

Tərəflərin mövqeləri:

3. İddiaçı teleqramla məhkəməyə müraciət edərək onkoloji xəstə olduğuna və maddi imkanı əl vermədiyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iştirakı olmadan məhkəmə iclasını keçirib iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, yay aylarında ona məxsus karta əlavə pul vəsaiti gəlməsi barədə bankdan ona məlumat vermişdirlər. Buna görə də əsassız gəlmiş pul vəsaitini geri çəkmək üçün razılıq verməlidir. O isə buna razılıq vermişdir. Bu kart ona öz əmək haqqı kartını aktivləşdirərkən təklif edilmişdir. Evə gələrək boş kart aldığını bildirmişdir. Qayınatası xərçəng xəstəliyindən əziyyət çəkir. Onun üçün pul vəsaiti yığmışdırlar. Bu pulu həmin karta yükləyərək saxlamaq qərarına gəlmişdir. Baldızı onu kart məlumatlarını verməyinə görə danlamışdır. Kartda olan 1600, yaxud da 1900 manat pulu kartdan çıxararaq nağdlaşdırmışdır. Bu zaman heç bir dələduzluğun olmadığını görmüşdür. 400 manat pulun orada olduğunu bilmədən çıxarmışdır. Düşünmüşdür ki, bank onu iddiaçıya geri qaytarmışdır. Sonradan bank tətbiqində olan əməliyyatlar hissəsində görmüşdür ki, həqiqətən də 400 manat pul vəsaiti karta mədaxil edilmişdir. Maddi imkanı olmadığı üçün həmin pul vəsaitini iddiaçıya qaytara bilməmişdir.

Tədqiq olunan sübutlar:

5. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 4127********1365 saylı kartdan 4169********5032 saylı kart hesabına 400 manat pul köçürülmüşdür.

Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

9. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus olmayan vəsaiti əldə etməsi nəticəsində İddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. Beləliklə, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsassız varlanma zamanı varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddia təmin edilməli, Cavabdeh 400 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

10. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, rədd edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, çünki əlavə dəlillərin araşdırılmasına zərurət qalmır.

11. Məhkəmə iclası zamanı Cavabdeh iddianı etiraf edərək istifadəsində olan kartına 400 manat miqdarında pul köçürüldüyünü və həmin pulu kartdan məxaric etdiyini bildirmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

13. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilməlidir.

14. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 400 (dörd yüz) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.

15. Məhkəmə iddianın hüquqi xidmət üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş BPM**********76 saylı, 23 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilin xidmətlərinə görə 50 manat məbləğində ödəniş edilmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

17. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar