Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6713/2020 07.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı Abdullayeva (Səmədova) Zeynəb Cəbrayıl qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Abdullayeva (Səmədova) Zeynəb Cəbrayıl qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Abdullayeva (Səmədova) Zeynəb Cəbrayıl qızı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Məhkəməsinin 2(012)-700/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 108 manat sabit pul məbləği saxlanılmaqla cavabdehin qazancının (gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış nikahları Abşeron rayon Məhkəməsinin 2(012)-700/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında qalması müəyyən edilmiş, həmçinin Cavabdeh onun xeyrinə hər uşaq üçün 108 manat alınıb verilməsi qət edilmişdir. Hazırki vəziyyətdə hər uşağa görə 108 manat alimentlə uşaqları çətinliklə saxlayır. Özü heç bir yerdə işləmir, kirayədə yaşayır. Uşaqlar məktəblidirlər, onların maddi tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdehin rəsmi iş yeri və qazanc yeri var, lakin onun aldığı aylıq əmək haqqının məbləği barədə məlumat əldə edə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, himayəsində yeni nikahdan olan uşağı var, uşaq autizm xəstəsidir, ona görə də qazancının çox hissəsini onun müalicə xərclərinin ödənilməsinə sərf edir. İddia edilən məbləğdə alimentin tutulması onun əmlak vəziyyətini əlverişsiz hala salmaqla, onun və ailəsinin, xəstə uşağının ehtiyaclarını ödəməyə imkan vermir. Hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment ödəyə bilər. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını və mübahisələndirilən alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 170 manat aliment təyin edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 2(012)- 700/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, aralarında bağlanmış xx xxxxxx 2005-ci il tarixli nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi və xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı təyin edilərkən, 2015-ci il üçün uşaqlar üçün yaşayış minimumu 108 manat məbləğində müəyyən edilməklə İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan iki övladlarının olması, uşaqların ananın yanında qalması və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də X5 Məhkəməsinin qərarlarından formalaşan hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehin əmlak, maddi vəziyyətində alimentin müəyyən edilmiş miqdarının artırılmasını təmin edə biləcək dəyişikliyin - kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Bununla yanaşı cavabdeh iddianı qismən etiraf edərək izahatında mübahisələndirilən məkhəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşağa görə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etdi. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan göründüyü kimi məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Eləcə də məhkəmə qeyd edir ki, aliment uşaqların saxlanılması üçün nəzərdə tutulmaqla onların təminatın ödənilməsinə xidmət edir. Bu baxımdan cavabdehin tələbinin nəzərə alınmasını məhkəmə qanunauyğun, eləcə də uşaqların mənafeyinə uyğun hesab edir. Məhkəmənin qənaətincə cavabdehin tələbi uşaqların üstün maraqlarına uyğun olmaqla, uşaqların lazımı və layiqincə təminatlarının ödənilməsinə yönəlmişdir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı uşağın üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu nəzərə alaraq məhkəmə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşağın saxlanılması üçün minimum dolanışıq xərci məbləğində alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşağın saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir. Məhkəmə işin hallarına şərh olunan hüquq normaları ilə birlikdə qiymət verərək, tərəflərin ailə və maddi vəziyyətləri, habelə uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququnu, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları, iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsini, bununla yanaşı cavabdehin tələbi qismən qəbul etməsini nəzərə alaraq hesab edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-700/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat aliment iddiaçı Abdullayeva (Səmədova) Zeynəb Cəbrayıl qızının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iş üzrə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-700/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Abdullayeva (Səmədova) Zeynəb Cəbrayıl qızının xeyrinə tutulsun. Dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6713/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6713/2020
07.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver