Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-673/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1939 manat, faiz borcu üzrə 14,54 manat olmaqla, cəmi 1953,54 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 39.59 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh2 dair sənədlər S-AVK-532 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən (və ya İH qərarına) Cavabdeh2 ilə İddiaçı QSC arasında 22 dekabr 2021-ci il tarixli 1 №-li “X1 keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehin 3438 manat məbləğində qalıq kredit borcu illik 1 % hesablanmaqla və 3 il müddətinə ödənilməklə restrukturizasiya edilmişdir. Həmin Müqavilənin 2.2-ci yarımbəndinə əsasən borclu qalıq 3438 manat əsas borcu və ona hesablanmış faizləri qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh1 ilə 22 dekabr 2021-ci il tarixli, 1 №-li saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh1 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin iddiaçıya hazırda olan borcu əsas borc üzrə 1939 manat, faiz borcu üzrə 14,54 manat olmaqla, cəmi 1953,54 manat təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda iddiaçıya ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, iddianın təmin olunması xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2in təşkilata olan borcu əsas borc üzrə 1939 manat, faiz borcu üzrə 14,54 manat olmaqla, cəmi 1953,54 manat məbləğindədir. İş materiallarında olan S-AVK 532 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh2 dair sənədlər İddiaçı QSC-yə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli sənəddən görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 20% dərəcəsi ilə 8900 manat məbləğində kredit verilmişdir. Təhvil verilən borc məbləği – əsas borc 4628 manat, faiz borcu 776 manat məbləğindədir. İş materiallarına əlavə edilmiş 22 avqust 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmi 1953,54 manat borc barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsinə əlavə xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək hər ay 96.98 manat olmaqla 36 ay müddətinə borcu ödəməlidir. Cavabdeh2 (Borclu) və İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsindən görünür ki, bu Müqavilə İddiaçı QSC-yə problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə yaranmış və ödənilməmiş vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə” İddiaçı QSC-nin Səhmdarının 09 iyul 2021ci il tarixli 04 saylı Protokol Qərarının icrası ilə əlaqədar olaraq Borclunun Kreditora olan vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə aşağıda göstərilən şərtlər əsasında şərait yaradılması məqsədi ilə bağlanılır. Müqavilənin 2.1-ci bəndi: Tərəflər Borclunun "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “27” sentyabr 2013-cü il tarixli 355 saylı Kredit müqaviləsinə əsasən aldığı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-dən Kreditora ötürülmüş kredit borcu üzrə ödənilməmiş qalan vaxtı keçmiş 4628 manat əsas, 776 manat faiz, cəmi 5404 manat borcun olmasını təsdiq edirlər. Müqavilənin 2.2-ci bəndi: Kreditor Borclunun bu Müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3438 manat vaxtı keçmiş əsas kredit borcunun Tərəflər arasında bu Müqavilə imzalandığı tarixdən 3 il müddətinədək uzadılmasını, bununla əlaqədar sözügedən kredit üzrə bundan əvvəl Borcluya hesablanmış və ödənilməmiş 776 manat faiz borcunun onun şəxsi hesabındakı uçotdan çıxarılmasını təmin edir, Borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 3438 manat əsas borcunu və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq Kreditora ödənilməsini öz öhdəsinə götürür. Cavabdeh1 (Zamin) və İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Kredit Təşkilatı ilə Cavabdeh2 (bundan sonra “Borclu”) arasında bağlanmış “22” dekabr 2021-ci il tarixli 1 saylı X1 keçmiş kredit borcunun Restrukturizasiya müqaviləsi əsasında Borclunun Kredit Təşkilatına ödənilməli olan 3438 manat borcu ilə əlaqədar olaraq Borclunun Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borclu ilə birlikdə Kredit Təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 2.1ci bəndi: Bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası: Kredit Təşkilatı ilə Borclu arasında “22” dekabr 2021-ci il tarixdə bağlanmış 1 saylı Restrukturizasiya müqaviləsidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli təhvil- təslim aktına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh2 dair sənədlər İddiaçı QSC-yə verilmişdir. İddiaçı BOKT QSC ilə Cavabdeh2 arasında X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, cavabdehin 3438 manat məbləğində qalıq kredit borcu illik 1 % hesablanmaqla və 3 il (36 ay) müddətinə ödənilməklə restrukturizasiya edilmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən borclu qalıq 3438 manat əsas borcu və ona hesablanmış faizləri qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh2in xx.xx.2021-ci il tarixli X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı BOKT QSC-ya ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdeh - Cavabdeh1 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh1 zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə borclu ilə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər iddiaçı qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam və hərtərəfli araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1939 manat, faiz borcu üzrə 14,54 manat olmaqla, cəmi 1953,54 manat məbləğində kredit borcu tutularaq İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 39.54 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1939 manat, faiz borcu üzrə 14,54 manat olmaqla, cəmi 1953,54 manat məbləğində kredit borcu, həmçinin ödənilmiş 39.54 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-673/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-673/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver