Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6743/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər X1rşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh X5 Xəstəxanasına (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Sumqayıt şəhər X5 Xəstəxanasından düzgün diaqnoz qoymama və müalicə etməmə nəticəsində əməliyyat olunma xərci-2000 manat, əməliyyatdan sonrakı 6 ay əmək qabiliyyətini itirməyə görə 7200 manat, itirilmiş qazancına görə 9500 manat və bütün bunlar nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 manatın, 30 manat dövlət rüsumunun, 1 manat bank xərcinin, cəmi 23731 (iyirmi üç min yeddi yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.06.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçını Sumqayıt şəhər TTYX-nm travmatologiya şöbəsinə gətirmişlər. Burada isə həkimlər öz həkimlik vəzifələrinə səhlənkar yanaşmaqla onu düzgün müayinə və müalicə etməmiş və düzgün diaqnoz qoymamaqla iddiaçının səhhətimə bərpa olunmaz zərər yetirmişlər ki, bu da maddi cəhətdən onun külli məbləğdə ziyana düşməyi ilə nəticələnmişdir. Belə ki, düzgün diaqnoz qoymama və müalicə etməmə nəticəsində əməliyyat olunma xərci-2000 manat, əməliyyatdan sonrakı 6 ay əmək qabiliyyətini itirməyə görə 7200 manat, itirilmiş qazanca görə 9500 manat və bütün bunlar nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 manat onlar tərəfindən ona zərər yetirilmişdir. Bundan başqa, bunları təsdiq edən hər bir sübutu və sənədi vardır. Onda sual olunur ki, bu şəxslər niyə görə indiyə kimi məsuliyyətə cəlb olunmamışlar. Bütün bunların nəticəsində iddiaçı ağır xəstəliyə tutularaq hal-hazırda da həkim nəzarətində müalicələr alır. Bunun nəticəsində ağır və müxtəlif xəstəliklərə düçar olmuşdur. Lakin ona dəymiş maddi və mənəvi ziyan indiyə kimi ona ödənməmiş və təqsirkarlar məsuliyyətə cəlb edilməmişlər. Bütün bunlar isə şahid ifadələri, xəstəlik sənədləri, məhkəmə qətnamələri və sairə ilə də tam sübut olunmuşdur. Hal-hazırda, ağır xəstəlikdən əziyyət çəkir və sağlamlığımı itirmişdir. Belə ki, səhhətində çoxlu problemləri vardır. Bütün əmlaklarını satıb müalicəsinə sərf etməklə hal-hazırda imkansız bir durumda yuxarı göstərilən ünvanda xəstə kimi yaşamağa məcbur olmuşdur. Xəstəliyi ilə əlaqədar ağır maddi vəziyyətə düşmüşlər. Bunun da əsas səbəbkarı ona dəymiş maddi və mənəvi ziyanı ödəməyən Sumqayıt şəhər X5 Xəstəxanasıdır. Vəziyyəti maddi cəhətdən o qədər ağırdır ki, artıq həkimə gedə bilmir. Hal-hazırda ailəsi onun himayəsindədir. Hətta yaşadıqları evin kommunal pulunu belə ödəməyə maddi imkanı yoxdur. Bunun da əsas səbəbi onun ağır xəstəliyi və maddi və mənəvi zərbələr almağıdır. Həmin hadisədən sonra onun həyatı demək olar ki, bir tükdən asılı vəziyyətdə qalmışdır. Keçirdiyi stress nəticəsində hələ də təcili yardımın köməyindən istifadə edir. Sumqayıt şəhər TTYX-nın həkimləri başda baş həkim olmaqla öz peşə borclarını layiqincə yerinə yetirməməklə özlərinin həkim səhvləri nəticəsində səhhətinə vurduqları maddi və mənəvi ziyana və öhdəliklərinə görə maddi və mənəvi və cinayət məsuliyyət və cavabdehlik daşıyırlar. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunları təsdiq etdi. Hal-hazırda, ağır xəstəlikdən əziyyət çəkir və sağlamlığını itirmişdir. Bütün əmlaklarını satıb müalicəsinə sərf etmişdir. Xəstəliyi ilə əlaqədar ağır maddi vəziyyətə düşmüşdür. Bunun da əsas səbəbkarı ona dəymiş maddi və mənəvi ziyanı ödəməyən Sumqayıt şəhər X5 Xəstəxanasıdır. Sumqayıt TTYX-nın həkimləri başda baş həkim olmaqla öz peşə borclarını layiqincə yerinə yetirməməklə özlərinin həkim səhvləri nəticəsində səhhətinə vurduqları maddi və mənəvi ziyana və öhdəliklərinə görə maddi və mənəvi və cinayət məsuliyyət və cavabdehlik daşıyırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi. İddiaçının Sumqayıt şəhər X5 Travmotologiya və X5 Xəstəxanasının həkimlərinə qarşı pul tələbinə dair iddia ərizələri Sumqayıt şəhər Məhkəməsinin icraatında olmuş və iş üzrə müxtəlif qətnamə, qərar və qərardadlar qəbul edilmişdir. Həmçinin, Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-54/2019 saylı qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçının xəsarətlər YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İddiaçının iddia tələbinin, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2019-cu il tarixli qətnaməsi, 30.01.2019-cu il tarixli qərarı, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 05.12.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 21.07.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallara və işin faktiki hallarına zidd, qanunsuz və əsassızdır buna görə də iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(060)-3059/2019 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı cavabdehlər X3 və X4 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov, A.Ə.Abbasov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(060)-3059/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3059/2019 saylı mülki iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 11.07.2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı adına Sumqayıt şəhər X5 xəstəxanasında tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Döş qəfəsinin küt travması. Sol ağciyərin əzilməsi. Sol İİ-V-Vİ-Vİİ qabırğaların sınığı. Sol çiyin qurşağının əzimiş-cırılmış yarası. Sol budun əzilmiş-cırılmış yarası” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. İddiaçı 09.06.2018-ci il tarixdə Sumqayıt şəhər X5 Xəstəxanasında icra edilmiş sol çiyin qurşağının rentgen müayinəsi zamanı sümük tamlığının pozulması aşkar edilməmişdir. İddiaçı 09.06.2018-ci il tarixdə Sumqayıt şəhər X5 Xəstəxanasında sol çiyin qurşağının əzilmiş-cırılmış yarası, 28.01,2019-cu il tarixdə isə “X7”ndə körpücük akromial oynağının diastazı-körpücük sümüyünün yuxarı yerdəyişməsi, həmin səviyyədə yumşaq toxumanın qabarması müəyyən edilmişdir. Rentgenoloji olaraq təyin edilmiş dəyişikliklər bir-biri ilə uyğunsuzluq təşkil edir. Lakin icra edilmiş rentgenoloji müayinələr arasında uzun müddət keçdiyindən aşkar olunmuş patologiyanın differensiasiyası və konkret olaraq əmələ gəlmə şəraiti barədə dəqiq fikir söylənilməsi mümkün olmadı. Belə ki, aşkar olunan patologiyanın təkrari travmanın alınması nəticəsində də baş verməsi inkar olunmur. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda müəyyən edilmiş sol kürək körpücük birləşməsinin uyğunsuzluğu və bağın cırılması ilə əlaqədar operativ müdaxilənin keçirilməsinə ehtiyacı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (1112). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Göründüyü kimi hazırkı halda iddiaçı cavabdeh tərəfindən ona düzgün diaqnoz qoyulmadığını və müalicənin düzgün aparılmadığını, nəticədə onun bir müddət əmək qabiliyyətini itirdiyini, səhhətində (sol çiyin qurşağında) ağırlaşma meydana gəldiyini, əlavə tibbi müdaxiləyə ehtiyacı olduğunu və həmin tibbi müdaxilə nəticəsində əmək qabiliyyətini yenə müvəqqəti olaraq itirəcəyini bildirir. Bu qeyd edilənlərə əsasən ona dəyən zərəri cavabdehdən tələb edir. İddia tələbinin təmin edilməsi üçün iddiaçı əmək qabiliyyətindən məhrum olmasının, səhhətində (sol çiyin qurşağında) ağırlaşma meydana gəlməsinin, əlavə tibbi müdaxiləyə ehtiyacı olmasının və bununla bağlı əlavə xərclərinin meydana çıxmasının cavabdehlərin qanunsuz hərəkətləri (ona düzgün diaqnoz qoymamaları və düzgün müalicə aparmamaları) nəticəsində meydana gəlməsini sübut etməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 11.07.2019-cu il tarixli ekspert rəyində iddiaçıda müəyyən edilmiş sol kürək körpücük birləşməsinin uyğunsuzluğu və bağın cırılması ilə əlaqədar operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu göstərilmişdir. Lakin, bunun iddiaçıya 09-14.06.2019-cu il tarixlərində Sumqayıt şəhər TTY xəstəxanasında düzgün diaqnoz qoyulmaması və düzgün müalicə aparılmaması nəticəsində meydana çıxması ekspert rəyi ilə müəyyən edilmir. Belə ki, rəydə həmin vaxt iddiçıya düzgün diaqnoz qoyulduğu, 09.06.2018-ci il tarixdə Sumqayıt şəhər X5 Xəstəxanasında icra edilmiş sol çiyin qurşağının rentgen müayinəsi zamanı sümük tamlığının pozulmasının aşkar edilmədiyi, iddiaçıya Sumqayıt şəhər X5 Xəstəxanasında və “X7”ndə qoyulmuş diaqnozlar arasındakı fərqin təkrari travmanın alınması nəticəsində də yaranmasının mümkünlüyü qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının səhhətində bağ vermiş ağırlaşmanın onun 09- 14 iyun 2018-ci il tarixlərində Sumqayıt şəhər TTY xəstəxanasında düzgün olmayan müayinə və müalicə aparılması nəticəsində meydana gəlməsi iş materialları ilə sübuta yetirilmir. Cavabdehlərin hər hansı qanunsuz əməlləri nəticəsində iddiaçıya maddi ziyan vurulması müəyyən edilmədiyindən iddia mənəvi ziyanın tutulması hissəsində də, əsaslı deyildir. Qeyd edilənlərə əsasən iddiatəmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər X5 Xəstəxanasından düzgün diaqnoz qoymama və müalicə etməmə nəticəsində əməliyyat olunma xərci-2000 manat, əməliyyatdan sonrakı 6 ay əmək qabiliyyətini itirməyə görə 7200 manat, itirilmiş qazancına görə 9500 manat və bütün bunlar nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 manatın, 30 manat dövlət rüsumunun, 1 manat bank xərcinin, cəmi 23731 (iyirmi üç min yeddi yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6743/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6743/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver