Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-676/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bayramova (Piriyeva) Gövhər Bayram qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdeh Bayramova (Piriyeva) Gövhər Bayram qızına qarşı “pul“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5954,60 manat əsas, 934,52 manat faiz, 10,03 manat cərimə, cəmi 6899,15 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 89,40 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 23.02.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 29,50% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12.11.2021-ci il tarixə “Unibank KB ASC-yə 5954,60 manat əsas, 934,52 manat faiz, 10,03 manat cərimə, cəmi 6899,15 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirak olmadan baxılmasını və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, övladının ağır xəstəliyi ilə əlaqədar bankdan pul götürsə də hazırda maddi durumla əlaqədar gecikmələri olmuş, bank isə onu faizlə yükləmişdir. Aldığı pensiya 259 manat təşkil edir. O, bankla razılaşmaya o halda razı olar ki, ona yükləmiş faizlər və dəbbə pulları silinsin və hər ay pensiyasından 100 manat çıxmaqla uzun müddət faizsiz vaxt verilsin ki, o, banka olan borcunu ödəyə bilsin. O, tək ailə başçısıdır, övladı xəstədir, durumu çıxılmaz vəziyyətdədir. Aldığı 6000 manat hazırda faizlərlə birlikdə artmış, onların ailəsinin isə həmin pulları ödəməyə gücü çatmır. O, gecəqonduda kiçik bir evdə yaşayır, maddi durumu acınacaqlıdır, heç yerdən köməyi yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki materiallarında olan: 16.10.2019-cu il tarixli 18113sSUM/19 saylı kredit müqaviləsindən və hesabdan çıxarışdan görünür ki, Unibank ASC borcalan X1 120 ay müddətinə, illik 35% ödəmək şərtilə 20000 manatadək məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və hər ay faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. 23.02.2021-ci il tarixdə 60 ay müddətə illik 29,5%-lə 6000 manat borclunun hesabına köçürülmüşdür. Maliyyə arayışından görünür ki, 12 noyabr 2021-ci il tarixə Cavabdeh Banka 5954,6 manat əsas, 934,52 manat faiz, 10,03 manat cərimə, cəmi 6899,15 manat borcu vardır. 25.08.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5954,60 manat əsas, 934,52 manat faiz, 10,03 manat cərimə, cəmi 6899,15 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89,40 manat "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bayramova (Piriyeva) Gövhər Bayram qızından 5954,60 manat əsas, 934,52 manat faiz, 10,03 manat cərimə, cəmi 6899,15 (altı min səkkiz yüz doxsan doqquz manat, on beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89,40 (səksən doqquz manat, qırx qəpik) manat "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-676/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-676/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver