Məhkəmə qərarları › İş №2(060)-676/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-676/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-676/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim ŞirCavabdeh Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 21000 manat və dövlət rüsumunun əvəzi olaraq 155 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ona müraciət edərək xx.xx.2022xx.xx.2022-ci il tarixlər arasında ondan 21000 manat borc pul almışdır. Borcun bir hissəsini 3500 manatını 2022-ci ilin mart ayında qaytaracağını bildirmiş, qalan məbləğin 17500 manatını isə bir il müddətinə qaytarmasını söz versə də, qaytarmamışdır. O və cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 21000 manatın 3500 manatını 2022-ci il tarixin mart ayına qədər qaytaracağını, qalan məbləğin 17500 manatını isə bir il müddətinə qaytarılması öhdəliyi ilə borc müqaviləsi bağlanmışdır. Cavabdehin səmimiliyinə inanaraq xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arasında cavabdehə 21000 manat pul vermişdir. Cavabdeh almış olduğu 21000 manat pulun 3500 manatını 2022-ci il tarixin mart ayına qədər qaytaracağını, qalan məbləğin 17500 manatını isə bir il müddətinə qaytarmasını söz vermişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt istəməklə pulu ödəməkdən yayınmışdır. Artıq cavabdehin səmimiyyətinə inanmayaraq, aldandığını anlayaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavavdeh Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi qanunusuz və əsassız olduğu üçün iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 ildən çoxdur tanıyır. X1 tanışı idi. 2022-ci ilin yanvar-fevral ayından münasibət yarandı. Müalicəsi ilə əlaqədar yaranmış borcları vardı. İddiaçı ona kömək etmək istəyini bildirəndə razı olmuşdur. 2022-ci ildə Bank of Bakudan öz adına 8000 manatı və bacısı X4 götürüb ona verdiyi 8500 manat pulu ona verdi. Hər ay davamlı olaraq 240 manat Zaurun adından Bank of Bakıya, 180 manat İradənin adından Kapital Banka kartından və Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə qaldığı binaya yaxın İmran marketdə Milliön terminaldan ödənişlər etmişdir. Amma təhqirlərinə, şiddətinə dözməyib 2022-ci ilin noyabr ayında ayrıldı. Hətta oğlunun gözü qarşısında onu təhqir edərək döyməkdən çəkinmirdi. O gündən Zaurun şantajı, təhqirləri başladı. Evinə gəlib onu narahat edirdi. Küçədə, həyətdə, oğlunun məşq zalından çıxmasını gözləyəndə onun yanında təhqir edirdi. Münasibətləri barədə anasına, bacılarına deyəcəyi ilə hədələyirdi. Ən sonda bacısı və əmisi qızı ilə işlədiyi məktəbdə rüsvay edəcəyi ilə hədə-qorxu, şantaj edərək, oğlunun gözü qarşısında onu söyüb, təhqir edib əli ilə üzünə vuraraq, dilindən kağız yazmağa məcbur etdi. Bankın 3 illik faizlərini hesablayıb 21000 manat yazmağı tələb etdi. Bankın adını qeyd etməyə qoymadı. Anasının, bacılarının münasibətlərinin olmasını bilməsini istəmirdi. Ata evinə davamlı gedib-gəlirdi. 14 dekabr 2022-ci il tarixdə, dilindən kağız yazıb verməyinə baxmayaraq, sözünün üstündə dayanmayıb hər şeyi onlara danışdı. Bacıları ilə arasını vurdu, münasibətiərini birdəfəlik bitirdi. Demək olar ki, hər gün evinə hücum çəkirdi, təhqir edirdi, döyürdü. Azyaşlı oğlu hər şeyə şahid idi. Barışmaq istəmədiyi üçün hər iki bankın borcunu bağlamağı tələb edirdi. İşlədiyi məktəbdə 6 b sinfində oxuyan oğlu ilə əmisi nəvəsi oxuyur. Həmçinin sinif valideyn qrupuna yüngül xasiyyətli qadın olduğunu yazdıracağı ilə hədələyib, onu işdən qovduracağını, tutduracağını bidirirdi. Onun hədələrinə dözməyib məcbur olub yenidən barışdı. Amma qısa vaxtdan sonra şiddətlərinə dözməyib bitirdi. Yenə şantajları başladı. Əlacsız qalaraq anasından xahiş etdi ki, onunla bir mənzildə yaşayan bacıları ata evindəki haqqından imtina etməyinin əvəzində ona 5000 manat pul versinlər. Notarial qaydada anası Hürü Əliyeva 15 mart 2023-cü il tarixdə onunla müqavilə bağladı, ata evindəki bütün imtiyazlarımdan imtina edərək əvəzində ona 5000 manat pul verdi. 4-5 gün sonra evimdə, banka olan borcunu ödəməsi üçün Zaura 2000 manat pul verdi. Səhəri gün anası X6 1500 manat pulu onun hər ay bank ödənişlərini etdiyi yaşadığı evin yaxınlığındakı İmran marketdəki terminalın qarşısında Zaura verdi. Zaur onun yanında ödənişi etsə də onun qəbzini anasına verməkdən imtina etdi. 2023-cü ilin oktyabr ayında isə banka olan borcunu ödəməsi məqsədilə uşağa görə aldığı 400 manat aliment pulunu Zaura vermişdir. Davamlı təzyiq və təhqirlərinə tab gətirməyib 2024-cü ilin may ayında Sumqayıt şəhər 1-ci Polis bölməsinə şikayət ərizəsi yazdı. Sahə rəisi onu çağırdı, amma əmisi arvadının qohumu olduğu üçün şikayətinə soyuq yanaşıldı. Onu evində nalayiq ifadələrlə təhqir etdiyi video və whatsApp yazılan, onu öldürəcələyi ilə hədələdiyi səs yazısı, evinə gecə saatlarında vaxtsız gəlməsinin kamera görüntüləri öncə qeyd etdiyi sözləri təsdiq edir və həmin sübutları etirazına əlavə edir. 2024-cü ilin may ayına kimi təxminən banka Zaurun adından 6345 mant pul ödəmişdir. Öncə qeyd etdiyi kimi anası ilə əxsən özünə 3500 mant pul verilmişdirlər. Ona olan borcunu tam ödəməyinə baxmayaraq, zorla yazdırdığı kağızı sübut kimi göstərərək, əsassız olaraq məhkəməyə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kartından və öncə qeyd etdiyi million aparatından ödəniş qəbzləri xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təqdim etmişdir. Müraciət etməkdə onun əsas məqsədi yenə onu şantajla əvvəlki münasibətlərini bərpa edib özündən asılı vəziyyətdə saxlamaqdır. Məhkəmənin davam etdiyi müddətdə də, hər gün evinə gələrək, qapını açmadığı təqdirdə qonşuların eşitməsi üçün uca səslə qışqıraraq ünvanına nalayiq sözlər işlədib. Sonuncu məhkəmə günü xx.xx.2025-ci il tarixdə keçirilən iclasdan sonra barışmağı qəbul edəcəyi təqdirdə yazdırdığı 21000 manat borc məbləğini 13000 manata endirəcəyini dedi. Təbii kimi qəbul etmədi. 22 fevral 2025-ci il tarixdə gecə saat 23 radələrində qapını açmadığı üçün onu möhkəm döyməyə başladı, uca səslə onu söyüb təhqir edirdi. Qapını açmadığını görüb pəncərəsini daşla döyməyə başladı, pəncərənin altında qışqır-bağır saldı. 102 xidmətini yığıb şikayətini bildirdi. 23 fevral 2025-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində növbəti dəfə şikayət ərizəsi yazdı. 01 mart 2025-ci il tarixdə evinə hücum etdiyi üçün 102 xidmətinə zəng vurdu. Elə həmin gün İddiaçı Corata anasının evinə gedərək, məhkəməni uduzacağına onu inandıraraq, polisdən şikayətini götürəcəyi təqdirdə məhkəmədə məbləği 10000 manata endirəcəyini bildirmişdir. Həmçinin anasından məhkəməyə şahid kimi gəlməməsini istəmişdir. Tərəflər arasında mübahisənin yaranması zamanı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş, yaxud yazılı borc müqaviləsi bağlanmamışdır. Halbuki, qanunda edilən bu dəyişiklik gələcəkdə əsassız iddiaların qarşısının alınması məqəsdilə edilmişdir. Göründüyü kimi 2022-ci ildə İddiaçı bankdan özünün adına və bacısının bankdan götürüb ona verdiyi cəmi 16500 manat pulu ona vermişdir. Öncə qeyd etdiyi kimi onun təhqirlərinə, şiddətinə dözməyib münasibəti bitirəndən sonra əvvəlki münasibəti bərpa etmək məqsədi ilə İddiaçı onu şantaj edərək, üzündən vuraraq ona 21000 manat məbləğində pul vermədən ondan həmin məbləğdə borc pul götürməyi barədə iradəsinə zidd olaraq dilindən kağız yazdırmağa məcbur etmişdir. İddiaçı pulu olsa bankdan adına pul götürüb ona verməzdi. Bacısından xahiş edib özü üçün götürdüyü borc məbləğini ona verməsi bu fikrini təsdiq edir. 2022-ci ildə eyni vaxtda bankdan həm kredit götürüb, həm də 21000 manat nağd şəkildə ona pul verməsi işin faktiki hallarına uyğun olmadığı qədər də normal ağla sığmır

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iltizamda açıq-aydın şəkildə borc alındığı göstərilmişdir. Cavabdeh iltizamı anlaqlı şəkildə yazmışdır. cavabdehin ödəniş etdiyini təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi qəbzlər cavabdeh tərəfindən yox, onun tərəfindən ödənilmişdir. Cavabdeh hər şeyi planlı şəkildə etmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş əlyazmadakı imza ona məxsusdur. İddiaçıdan əlyazmada qeyd olunan məbləğdə borc almamışdır. Həmin əlyazmanı övladının gözü qarşısında iddiaçının ona hədə-qorxu gəlməsi ilə məcburiyyət qarşısında qalaraq imzalamışdır. Məbləğin çox hissəsini isə ödəmişdir. Əlyazmada göstərilən tarixdən 3 il müddət keçdiyinə görə iddiaçı öhdəliyin icra olunması üçün iddia edə bilməz. Borcu olduğunu qəbul edir. Göyçək adlı şəxs iddiaçının əmisinin həyat yoldaşıdır. Onlardan hərəsində 3000 manat olmaqla, iki dəfə borc götürmüş və borcu olduğunu etiraf etmişdir. Borcun tutulması əmək haqqına yönləndirilmiş və borc bağlanmışdır. İddiaçıya olan real borc məbləğini ödəməyə razıdır. İddiaçıya görə telefonunu da dəyişdirmişdir. İddiaçının etdiyi təhqirlər hazırda da telefonundadır. Əlyazısını təhdid altında imzalamışdır. Körpə uşağı olduğu üçün qorxub əlyazısını imzalamışdır. İddiaçının hesabladığı məbləğ 3 il müddətində faizləri ilə birlikdə banka olan borc məbləğidir. Real borc məbləğini ödəməyə razıdır. İddiaçı işlədəyi məktəbə gələn zaman da onunla üzləşmişdir. Onların arasında ödənişlər iki banka, "xxxx" və "xxxx"a olmuşdur. Həmin ödənişlər X1 və iddiaçının adına olmuşdur. Keçən ilin may ayından, polisə müraciət etdikdən sonra ödənişləri etməmişdir. İddiaçının təqdim etdiyi qəbzlərdəki ödənişləri onun özünün etdiyini söyləyəcəyini gözləməzdi. Cavabdehə 21000 manat borcu olmamışdır. Hər iki bank borcu birlikdə təxminən 15000-16000 manat olmuşdur. İddiaçının banka aylıq ödənişi 235 manat, bacısının aylıq ödənişi isə 150 manat olmuşdur. Anası öz təqaüdündən dəfələrlə iddiaçıya pullar vermişdir.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı cavabdehə pulunu qaytarması ilə bağlı dəfələrlə təzyiq göstərmişdir. Cavabdehin borcları olmuşdur. Həmin borcların ödənilməsinə iddiaçı köməklik göstərmişdir. Həmin vaxt iddiaçı "xxxx" ASC-dən 8000 manat kredit götürmüş, 8000 manat isə cavabdehə məlumat vermədən götürmüşdür. İddiaçının cavabdehə kobud davranışları ilə bağlı video-görüntülər də vardır. O, dəfələrlə cavabdehi təhqir etmişdir. İddiaçı cavabdehə 8000 manat borc verməsinə baxmayaraq cavabdehdən 20000 manat pul tələb edir. 8500 manat isə cavabdehin bacısınıb borcudur. Bütün borcları cavabdeh ödəmişdir. Borc məbləği 2022-ci il tarixdən ödənilir. Cavabdehin iddiaçıya borcu qalmamışdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, cavabdeh onun qızıdır. Cavabdeh iddiaçıdan borc pul götürmüşdür. İddiaçı bu pulu öz adından kredit götürməklə bankdan əldə etmişdir. Həmçinin, onun digər qızının adına kredit götürülmüşdür, bu krediti hazırda o ödəyir. Cavabdeh ödənişləri həyata keçirirdi. İddiaçı tez-tez cavabdehə şiddət göstərmiş, sonuncu dəfə isə onu döyərək 21 000 manat özünə borcu olduğu barədə iltizam almışdır. O, iddiaçıya bildirmişdir ki, onun bir banka kredit qalmış, qalan borc isə 1500-2000 manata yaxın olmuşdur. O, ona bildirmişdir ki, bank ödənişləri bitən kimi iltizamı cırıb atacaq. Məbləğ o qədər olmamışdır, iddiaçı digər qızının bankdan götürdüyü kredit məbləğini də onun üstünə gəlmişdir. Banka qoyulan qızıllar onun qızına məxsusdur. İddiaçı axırıncı dəfə 10 000 manat ödəniş edəcəyi təqdirdə, iltizamı ləğv edəcəyini bildirmişdir.

Tədqiq olunan sübutlar:

8. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci ilədək İddiaçı ayır-ayrı vaxtlarda 21000 manat pul aldığını, göstərilən məbləğin 3500 manatını martadək qaytaracağını bildirmiş və imzası ilə təsdiq etmişdir.

9. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 22 avqust 2022-ci il tarixli müqavilədən görünür ki, bank tərəfindən İddiaçı illik 22,50 faiz ödəmək şərtilə 36 ay müddətinə 6200 manat məbləğində nağd pul krediti verilmişdir.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı: Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. ... Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

1. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

2. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, 14 dekabr 2022-ci il tarixli iltizama əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci tarixədək İddiaçı ayır-ayrı vaxtlarda 21000 manat pul aldığını, göstərilən məbləğin 3500 manatını martadək qaytaracağını bildirmişdir. Məhkəmə iclası zamanı cavabdeh işdə olan xx.xx.2022-ci il tarixli əlyazmanın ona məxsus olması barədə etiraz etməmiş, lakin təhdid altında iltizama qol çəkdiyini bildirmişdir. İddiaçı hazırda 21000 manat borc məbləğinin ödənilməsini cavabdehdən tələb edir.

3. Cavabdeh isə iddiaçıya həmin məbləğdə borcu olmadığını, iddiaçının 2022-ci ildə "xxxx" ASC-dən götürdüyü 8000 manat və bacısı İradənin "xxxx" ASC-dən götürüb iddiaçıya verdiyi 8500 manat pulu ona verdiyini, ümumilikdə iddiaçının ona 16500 manat pul verdiyini, 2022-ci ildə həmin borca görə ödənilməli olan üç illik faizi də nəzərə alaraq 21000 manat məbləğin qeyd olunduğu iltizamı imzalamağa məcbur etdiyini bildirmişdir.

4. Beləliklə cavabdeh məhkəmə iclasında izahatında və iddiaya qarşı etirazında iddiaçı tərəfindən ona pul vəsaitinin verildiyini və iltizamı özünün imzaladığını etiraf etmiş, lakin tələb olunan məbləğdə borcunun olması ilə razılaşmamışdır.

5. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

6. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

7. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

8. Hazırki halda cavabdehə iddiaçı tərəfindən pul vəsaitinin verilməsi onun izahatı və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin yazılı qeydi əsasında öz təsdiqini tapır.

9. Cavabdehin yazılı iltizamı hədə-qorxu, şiddət əsasında yazmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin halları sübut etmək vəzifəsinin iddiaçının üzərində olmasına baxmayaraq, o, qeyd olunan halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalar, habelə səs yazmaları isə həmin dövrə aid olmamaqla, habelə iltizamın şiddət və ya hədd-qorxu altında yazılmasını əks etdirən hər hansı ifadələri özündə ehtiva etməməklə qeyd olunan halın sübutu kimi nəzərə alına bilməz. Bunun əksinə olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, işin məhkəmənin icraatında olduğu dövrdə tərəflərin “whatsapp” tətbiqi vasitəsilə apardıqları yazışmalar əsasında iddiaçının yenidən cavabdehdən borca pul istəməsi öz əksini tapmışdır ki, bu hallarda cavabdehin qeyd etdiyi dəlilləri təkzib edir.

10. İddiaçı tərəfindən tələb edilən borcun məbləğinə gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya olan borcunu cavabdehin banka olan öhdəliyinin icrası yolu ilə ödədiyini bildirmiş və həmin borcun müəyyən dövrlərdə ödənilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etmişdir.

11. Məhkəmə sözügedən qəbzlərin cavabdeh tərəfindən təqdim olunduğunu, cavabdehin yaşayış yerinə yaxın vasitə ilə ödənildiyini nəzərə alaraq hesab edir ki, həmin qəbzlər cavabdehin iddiaçının borcunun müəyyən qismini ödəməsinin sübutu qismində qəbul oluna bilər. Məhkəmə eyni zamanda tərəflər arasında olan “whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmaların məzmunu əsasında da bu qənaətə gəlir. Belə ki, onlar arasında olan yazışmalarda iddiaçı cavabdehə borcun ödənilməyəcəyi təqdirdə adına gecikmənin düşəcəyindən narazıçılığını ifadə etmişdir ki, məhkəmə də cavabdehin narazıçılığının banka olan borcunun gec ödənilməsi ilə bağlı olduğu nəticəsinə gəlir. İddiaçının həmin qəbzlərin cavabdeh tərəfindən oğurlanmasını bildirməsini isə məhkəmə iddiaçı tərəfindən həmin ödənişlərin nəzərə alınmaması məqsədilə özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 35 manat, xx.xx.2023-cü il tarixli, 137351 nömrəli qəbzlə 235 manat, xx.xx.2023-cü il tarixli, 140301 nömrəli qəbzlə 235 manat, xx.xx.2023-cü il tarixli, 146501 nömrəli qəbzlə 235 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 235 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 20 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 215 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 232 manat, xx.xx.2024-cü il tarixli, 1800 nömrəli qəbzlə 200 manat, xx.xx.2024-cü il tarixli, 29073 nömrəli qəbzlə 220 manat İddiaçı məxsus 956097 saylı müştəri kodu üzrə ödəniş edildiyi müəyyən olunur.

13. Qeyd olunan məbləğlərin ümumilikdə 1862 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin məbləğdə pul vəsaiti cavabdeh tərəfindən ödənilmişdir.

14. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş MilliÖn elektron ödəmə sistemi vasitəsilə İddiaçı məxsus hesaba xx.xx.2023-cü il tarixli, 02204 saylı qəbzə əsasən 90 manat, xx.xx.2023-cü il tarixli, 51622 saylı 100 manat, 05 oktyabr 2023-cü il tarixli, 50117 saylı qəbzlə 300 manat, xx.xx.2024-cü il tarixli, 92010 saylı qəbzlə 100 manat məbləğində pul vəsaitləri ödənilmişdir. Beləliklə sözügedən qəbzlər vasitəsilə də iddiaçıya ümumilikdə 590 manat məbləğində pul vəsaitinin ödənildiyi öz təsdiqini tapmışdır.

15. Cavabdehin məhkəməyə təqdim etdiyi ona məxsus AZ18JBBK03801000AL3747211A89 nömrəli hesabdan çıxarışlar üzrə ödənilmiş məbləğlərin məhz yuxarıda adı qeyd edilən kreditlər üzrə ödənildiyini müəyyən etmək mümkün olmamışdır. Hətta həmin ödənişlərin tarixləri və məbləği ilə sözügedən kredit müqaviləsi üzrə ödənişlərin məbləğlərini tutuşdurduqda da həmin tarixlər üst-üstə düşməmiş, qeyri iş günləri və saatlarında ödənildiyi təqdirdə məbləğin hesaba gec yerləşməsi ehtimalının olması nəzərə alınaraq yaxın tarixlərdə isə ödənişlərin məbləği fərqli olmuşdur. Hətta qeyd edilən hesab üzrə cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə ödənilmiş məbləğ kimi işarələnmiş məbləğin plastik kart üzrə ödənildiyi qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş kredit müqaviləsindən iddiaçı tərəfindən nağd pul kreditinin götürüldüyü müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin çıxarışlar iddiaçıya olan borcun ödənilməsini təsdiq edən sübut kimi nəzərə alına bilməz.

16. Məhkəmə cavabdehin iddiaçı tərəfindən tələb edilən pul məbləğinin bir hissəsinin X1 iddiaçıya verdiyi "xxxx" ASC-dən götürdüyü kredit məbləği olması və həmin kreditləri də cavabdehin və anasının ödəməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən məbləğin bir hissəsinin cavabdehin bacısı tərəfindən götürülmüş kredit məbləği olması məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunmur. Habelə iddiaçı da qeyd edilən halı etiraf etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 tərəfindən götürülmüş kredit məbləği üzrə ödənişlərin həyata keçirilməsi, hazırki iş üzrə borcun müəyyən qisminin ödənilməsini sübut edən hal kimi nəzərə alına bilməz.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin anası X3 ifadəsinə gəlincə məhkəmə qeyd edir ki, şahid cavabdehin anası olduğundan, onun qızının xeyrinə ifadə verməsi ehtimalı yüksək olduğundan və onun ifadəsi iş üzrə təqdim edilmiş digər sübutlarla öz təsdiqini tapmadığından təkzibolunmazlıqla bağlı tələblərə cavab verən mötəbər sübut kimi qəbul edilə bilməz.

18. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X6 ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli notarial müqaviləyə münasibətdə qeyd edir ki, həmin müqavilədən görünür ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh 5000 manat məbləğində pul veməyi, Cavabdeh 5000 manat pulu aldıqdan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdan çıxmağı və bütün hüquqlarından imtina etməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, həmin müqavilədə qeyd edilən məbləğin iddiaçıya ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

19. Hazırki mübahisənin qanuni əsasına gəldikdə isə məhkəmə tərəflər arasında pul vəsaitinin aralarında yazılı müqavilə bağlanmadan digər tərəfə verilməsi səbəbindən hazırki mübahisəyə borc müqaviləsi ilə bağlı müddəların tətbiq edilməli olmaması qənəatinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki halda isə tərəflər arasında şifahi razılaşma (müqavilə) olsa da və bu şifahi razılaşma əsasında tərəflərin borc verilməsi və alınması ilə bağlı iradə ifadələri olsa da, müqavilənin yazılı formada bağlanması ilə bağlı qanunvericiliyin imperativ tələbinə riayət edilməmişdir. Belə olan halda tərəflər arasında borc vəsaitinin verilməsi ilə bağlı şifahi razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından həmin Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından etibarsız əqddir.

20. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

21. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).

22. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.

23. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

24. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ irəli sürülə bilər.

25. Hazırki işdə də tərəflər arasında qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdehə borc məbləği yazılı formada bağlanmış borc müqaviləsi əsasında deyil, şifahi razılıq əsasında verildiyindən və cavabdehin əldə olunmuş pul vəsaiti üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından iddiaçı əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır.

26. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

27. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tələb edilən məbləğ əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halı ilə bağlı olduğundan hazırki mübahisəyə də 1 illik iddia müddəti tətbiq oluna bilər. Lakin Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

28. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

29. Hazırki işdə də yuxarda qeyd edilənlərdən göründüyü kimi cavabdeh tələb edilən borc üzrə müəyyən məbləğlər ödəməklə borcun etiraf edilməsinə yönəlik hərəkətlər etmiş, bununla da müddətin axımı kəsilmiş və iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 1 illik müddət keçməmişdir.

30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 18548 (on səkkiz min beş yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 145 (yüz qırx beş) manat, 64 (altmış dörd) qəpik hissəsi tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18548 (on səkkiz min beş yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 145 (yüz qırx beş) manat, 64 (altmış dörd) qəpik hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar