Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6775/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Yelobank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 19.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6494,09 manat əsas borc, 1839,75 manat faiz borcu, 629,66 manat cərimə olmaqla, cəmi 8963,5 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh1 19.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 25 faizlə, 18 ay müddətinə 7000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq iddiaçı Cavabdeh2 ilə 19.02.2020-ci il tarixli zaminlik müqaviləsi bağlamışlar. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09.07.2021-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin banka 6494,09 manat əsas borc, 1839,75 manat faiz borcu, 629,66 manat cərimə olmaqla, cəmi 8963,5 manat borcu manat borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 07.09.2021-ci il tarixində məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, əsas borc tələbi ilə razıdır. O, fərdi sahibkardır. Bankdan krediti götürən zaman işləyirdi və bu krediti biznes məqsədi ilə götürmüşdü. Lakin sonradan pandemiya ilə əlaqədar olaraq işləməyib və bu səbəbdən banka ödəniş edə bilməyib. O, işlədiyi vaxtlar ödənişlər edirdi. Etdiyi ödənişlər faiz borcu olaraq çıxılıb. Həmin faizlər karantin rejimi dövrü üçün hesablandığına görə faiz borcu ilə razı deyildir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh1 xx.xx.1977-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 xx.xx.1985-ci ildə, Rusiya Federasiyasında anadan olmuşdur. O, hazırda ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2020-ci il tarixli, 4-MZ-1-0-1300-20 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə, illik 25 faizlə, 7000 manat kredit vermişdir. Kredit məbləğinin cavabdehə verilməsini işdə olan kassa məxaric orderi də təsdiq edir. İddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış 19.02.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh1 iddiaçıya 18 ay müddətinə hər ay 470,34 manat, sonuncu ay 470,39 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehlərə 05 iyul 2021-ci il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh1 09.07.2021-ci il tarixinə borcu əsas borc üzrə 6494,09 manat, faiz borcu üzrə 1839,75 manat, cərimə üzrə 629,66 manat olmaqla, cəmi 8963,5 manat təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 09.07.2021-ci il tarixinə onun banka əsas borc üzrə 6494,09 manat, faiz borcu üzrə 1839,75 manat borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 6494,09 manat əsas borc məbləğinə 629,66 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 6494,09 manat, faiz borcu üzrə 1839,75 manat, cərimə üzrə 200 manat olmaqla, cəmi 8533 (səkkiz min beş yüz otuz üç ) manat 84 (səksən dörd) qəpik məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «Yelobank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6775/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6775/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver