Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6786/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02.01.2006-cı il təvəllüdlü X4 və 29.08.2008-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 07.07.2014-cü il tarixli, 2(105)-1246/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment miqdarının artırılaraq hər ay onun xeyrinə bir uşağın saxlanması üçün 175 manat olmaqla iki uşağın saxlanması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19.01.2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 02.01.2006-cı il təvəllüdlü X4 və 29.08.2008-ci il təvəllüdlü X8 adlı iki övladları var. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-269/14 saylı 17.03.2014-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, nikahlarının pozulması, birgə nikahdan 02.01.2006-cı il təvəllüdlü X4 və 29.08.2008-ci il təvəllüdlü X6 onun yanında qalmaları və Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin 15.11.2013-cü il tarixdən başlayaraq tutulub 02.01.2006-cı il təvəllüdlü X4 və 29.08.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ona verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1246/14 saylı, 07.07.2014-cü il tarixli, qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh 15.11.2013-cü il tarixdən başlayaraq hər bir uşaq üçün 103 (yüz üç), cəmi 206 (iki yüz altı) manat tutulub 02.01.2006-cı il təvəllüdlü X4 və 29.08.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ona verilməsi qət edilmişdir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. AR Ali Məhkəməsinin 2(102)-4148/14 saylı, 29.12.2014-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1246/14 saylı, 07.07.2014-cü il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Elə həmin tarixdən də cavabdeh yadına düşəndən-düşənə və yaxud məhkəmə iclasının xəbərdarlığından sonra aliment göndərməklə valideynlik borcunu bitmiş hesab edir. Övladlarının saxlanması onun üçün çox çətindir. O, övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Keçən bu neçə il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də o, aliment miqdarını artırmamışdır. 2014-cü ildən indiyə qədər yaşayış minumumu haqqında qanun bir neçə dəfə artırılmışdr. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. O, yalnız özü üçün yaşayır. O, valideynlik borcunu dərk etmir. Əksinə onu və uşaqlarını əsassız ittihamlarla söyüb təhqir edir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.07.2014-cü il tarixli, 2(105)-1246/2014 saylı qətnaməsi ilə birgə nikahlarından olan 02.01.2006-cı il təvəllüdlü X4 və 29.08.2008-cı il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəyir. Hazırda o, alimentin artırılması iddiası ilə razı deyil. Belə ki, 350 manat məbləğində alimenti ödəmək onun imkanı xaricindədir. O, "xxxx" MMC-də işləyir və o, 330 manat maaş alır. Onun işi saat 11- 12 radələrində bitir. İşi az olduğundan maaşı da az olur. Bundan başqa onun banka kredit borcu da var. Özü şəkər xəstəliyindən əziyyət çəkir. Cavabdeh qeyd etdiklərinin nəzərə alınması və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ-İ-190046 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmiş və barədə nikahın ləğv edilməsi akt qeydləri kitabında 2014-cü ilin may ayının 16-cı günündə 192 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından 02.01.2006-cı il təvəllüdlü X4 və 29.08.2008-c il təvəllüdlü X8 anadan olmuşdur (iş materiallarında olan AZE seriyalı 12315756 və 12315706 nömrəli şəxsiyyət vəsiqələrinin surətinə əsasən) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(060)- 269/2014 saylı qətnaməsinə əsasən X7 ilə Cavabdeh arasında olan Sumqayıt şəhəri Nikah evində 19 yanvar 2003-cü il tarixdə bağlanmış və 61 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, 02.01.2006-cı təvəllüdlü X4 və 29.08.2008-ci il təvəllüdlü X8 anaları-X3 himayəsinə verilməsi, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin 15.11.2013-cü il tarixdən başlayaraq tutulub, 02.01.2006-cı təvəllüdlü X2 və 29.08.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X5 verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 07.07.2014-cü il tarixli 2(105)-1246/2014 saylı qətnaməsi ilə iddiaçı X3 apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 17 mart 2014-cü il tarixli 2(060)- 269/2014 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı X3 Cavabdeh qarşı nikahın ləğv edilməsi və sabit pul məbləğində aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, xx xxxxxxxx 1968-ci il təvəllüdlü Cavabdeh 15 noyabr 2013-cü il tarixdən başlayaraq hər bir uşağ üçün 103 manat olmaqla, cəmi 206 (iki yüz altı) manat tutulub 02 yanvar 2006-cı il təvəllüdlü X2 və 29 avqust 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün X5 verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Ali Məhkəməsi Mülki Kollegiyasının 29.12.2014-cü il tarixli 2(102)-4184/2014 saylı qərarına əsasən Cavabdeh və onun vəkili A.M.Əzizovun Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.07.2014-cü il tarixli saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 07.07.2014-cü il tarixli saylı qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 14 nömrəli, 11.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 09.03.2021-ci il tarixdən "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və orta aylıq əmək haqqı 330 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 07.07.2014-cü il tarixli 2(105)-1246/2014 saylı qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşaqların müvafiq olaraq 8 və 6 yaşları olmuşdur. Hazırda isə uşaqların 15 və 13 yaşları var. Bu isə uşaqların saxlanılması üçün zəruri olan xərclərin təxminən iki dəfə artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə həm cavabdehin əmək haqqının yüksək olmadığını, həm də başqa işlərdə çalışaraq əlavə gəlir əldə etmək imkanının olduğunu nəzərə alaraq hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 07.07.2014-cü il tarixli 2(105)-1246/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 07.07.2014-cü il tarixli 2(105)-1246/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 02.01.2006-cı il təvəllüdlü X4 və 29.08.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6786/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6786/2021
16.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver