Məhkəmə qərarları › İş №2(060)-6789/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6789/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6789/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 3 000 manat məbləğində borc pul vermişdir. Bu barədə o, öz xətti ilə qəbz də yazıb iddiaçıya vermişdir. Cavabdeh iddiaçının iş yoldaşıdır. Aralarında olan razılaşmaya görə cavabdeh borc pulu 2019-cu ilin dekabr ayına kimi iddiaçıya qaytarmalı idi. Lakin bu günə kimi o, iddiaçıdan aldığı borcu ona qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün cavabdehə müraciət etdikdə o, müxtəlif bəhanələr gətirərək iddiaçıya olan borcunu ödəməkdən yayınır. İddiaçı bu məqsədlə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, onlar cavabdehlə eyni məktəbdə müəllimə işləyirlər. Cavabdeh pulu ondan 2019-cu ilin avqust ayında alıb və dekabr ayında qaytaracağını bildirib. Pulu alanda cavabdeh bildirib ki, anası xəstədir və müalicə üçün pul lazımdır. Bu səbəbdən o, cavabdehi çox sıxışdırmayıb. Pulu cavabdehdən bir il sonra tələb edib. Cavabdeh isə pulu ödəyəciyini bildirib və onu aldadaraq yenə heç bir ödəniş etməyib. Cavabdeh 2021-ci ilin may ayında iddiaçıya növbəti ay ödəniş edəcəyini bildirmişdir. Hətta 1000 manat da artıq ödəniş edəcəyini qeyd etmişdir. Amma yenə də heç bir ödəniş etmədi. Sonda cavabdeh isə bildirib ki, onun pulu yoxdur və ödəniş edə bilmir. Cavabdeh aldığı puldan ona heç bir ödəniş etməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, o, 3000 manat pulu iddiaçıdan faizlə götürmüşdür. İddiaçının qeyd etdiyi 1000 manat da faiz borcudur. O, iddiaçıya ilkin olaraq 500 manat ödəniş etmişdir. Həmin pulu ondan iddiaçının oğlu götürmüşdür. Onun iddiaçı ilə söhbəti uyğunlaşmadığından ödənişləri şəxsən ona etmirdi. İddiaçı ilə iş yoldaşları olan Elnurə adlı şəxsə demişdi ki, iddiaçıdan xahiş etsin ki, iddiaçı borcun hissə-hissə ödənilməsinə razılıq versin. Elnurə iddiaçının razılaşdığını bildirmiş və o, 2021-ci ilin iyun ayında iddiaçıya verməsi üçün Elnurəyə 200 manat pul vermişdi. Lakin elə həmin ay bilmişdir ki, iddiaçı bu işlə bağlı artıq məhkəməyə müraciət edib. Bu səbəbdən daha ödəniş etməyib. İddiaçıya cəmi 700 manat pul qaytarıb. Borcu birdəfəyə qaytarmağa imkanı yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışılarından görünür ki, iddiaçı xx.xx.1972-ci ildə, Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır, cavabdeh isə xx.xx.1977-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh tərəfindən yazılmış əlyazmanın surəti əlavə olunmuşdur. Həmin əlyazmada göstərilmişdir ki, “Mən Cavabdeh AZE ******** əməliyyat üçün pul lazım olduğundan X1 üç min manat borc pul götürmüşəm. Həmin pulu dekabr ayında qaytaracağıma söz verirəm. Yazdığım qəbzi öz xəttim və imzamla təsdiq edirəm.”. Əlyazma imzalanmış və tarix 12.08.2019-cu il kimi göstərilmişdir. Əlyazmada pulun X2 və X3 şahidlikləri ilə götürüldüyü qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan yazılı qəbzdə cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin qəbzə borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında iş materiallarında olan qəbzdəki imzanın ona məxsus olmasını mübahisələndirməmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcu qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehə 3 000 manat pul vermiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmamışdır. Buna görə də iddia təmin edilməli, 3 000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Cavabdeh iddiaçı tərəfindən borcun ona faizlə qaytarmaq şərti ilə verildiyini, həmin borcdan 700 manat pulu iddiaçıya qaytardığını bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3000 (üç min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar