Məhkəmə qərarları › İş №2(060)-6798/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6798/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6798/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh 3000 manat məbləğində borc pul vermişdir. Bu barədə cavabdeh öz xətti ilə qəbz də yazıb ona vermişdir. Bildirir ki, cavabdeh onun iş yoldaşıdır. Aralarında olan razılaşmaya görə cavabdeh borc pulu hissəhissə olaraq ona qaytarmalı idi. Lakin bu günə kimi cavabdeh ondan aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün cavabdehə müraciət etdikdə o, müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 3000 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən iddia edilən borc məbləğindən hazırkı vaxtadək heç bir məbləğ qaytarılmamışdır. Məhkəməyə təqdim etdiyi cavabdeh tərəfindən yazılmış qəbzlər cavabdehin ondan borc pul götürdüyünü təsdiq edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. İş materiallarına əlavə edilmiş pulun götürülməsi ilə bağlı qəbzlərdəki imzalar ona məxsusdur, həmin qəbzləri o, yazmışdır. Lakin o, iddiaçıdan cəmi bir dəfə 1500 manat borc almış və həmin məbləği də faizi ilə birlikdə 2000 manat olaraq qaytarmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı ikinci qəbzi təkrar ona yazdırıb. Belə ki, o, 1500 manat borc götürərkən qəbz yazmış, bir müddət sonra iddiaçı həmin qəbzdə səhv olduğunu demiş və yenidən qəbz yazmasını xahiş etmiş, o da təkrarən qəbz yazıb vermişdir. O, iddiaçıdan iki dəfə borc almayıb. Eləcə də iddiaçıya inanaraq heç bir qəbz tərtib etmədən borcunu qaytarmışdır. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı 21 may 2016-cı ildə 1500 manat (2016-cı ilin sentyabr ayından başlayaraq hissə-hissə iyun ayınadək qaytarmaq şərtilə) və 25 dekabr 2016-cı il tarixdə 1500 manat (2016-ci ilin dekabr ayından başlayaraq 2017-ci ilin sentyabr ayınadək hissə-hissə qaytarmaq şərtilə) məbləğində borc pul götürərək qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər aralarında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, cavabdeh iddianın əsası olaraq göstərilən qəbzləri yazmaqla borcu etiraf etmişdir. İş üzrə mübahisə edilən hal borcun məbləği və həmin borc məbləğinin qaytarılması ilə bağlıdır. İddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 3000 manat borc verildiyini, cavabdehin həmin məbləği qaytarmadığını iddia edir və qeyd olunan məbləğdə borc verildiyini təsdiq edən sübut növü olaraq cavabdeh tərəfindən yazılmaqla imza edilmiş qəbzlərə istinad edir. Məhkəmə iclasında cavabdeh həmin qəbzlərin onun tərəfindən icra edildiyini etiraf etdi. Məhkəmə hesab edir ki, tərəflər arasında borc ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin «Öhdəliklərin icrası» və «Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq iddiaçı tərəfindən iddianın əsası olaraq təqdim edilən qəbzləri sübut növü kimi qəbul edir və mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, cavabdehdən 3000 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, cavabdehin etirazına gəlincə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Cavabdehin etirazın əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar