Məhkəmə qərarları › İş №2(060)-6804/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6804/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6804/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC borclu Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat ərizəsi ilə məhkəməyə müraciət edərək, borcludan 330 manat əsas borc, kreditor tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə 350 manat məbləğində pulun kreditor "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış, həmçinin ərizəyə imza səlahiyyətinin ona aid olması, səlahiyyətlərini təsdiq edən sənədləri əlavə etməmiş, ərizənin forma və məzmun tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxs, xüsusilədə bank fəaliyyəti göstərən hüquqi şəxs məhkəməyə iddia ərizəsi təqdim edərkən hüquqi şəxsin nizamnaməsini və ya hüquqi şəxsin iddia qaldırmaq səlahiyyəti olan orqanının və ya vəzifəli şəxsinin hüquq və vəzifələrini müəyyən edən əsasnaməsini, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının hüquqi şəxsin təsisçiləri, qanuni nümayəndəsi (təmsilçisi) və digər zəruri məlumatlar barədə çıxarışı (arayışı) və ya digər təsis sənədlərini iddia ərizəsinə əlavə etməlidir. Lakin kreditor "xxxx" MMC belə zəruri sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa kreditor "xxxx" MMC iddia ərizəsini kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında vermiş olsada tərtibində yanlışlığa yol verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-3-cü maddələrinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatın normalarına istinad etməsini qeyd etməmiş, sadəcə ümumi sözlərdən istifadə etmişdir. Məhkəmə hesab edir ki, bütün qeyd olunan pozuntular sadələşdirilmiş icraat qaydasında işə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4-cü maddəsinə əsasən (284-4.1.2) işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin tələblərindən biri də 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinə əsasən ərizənin forması və məzmunu nəzərdə tutan (284-3.1-ci bəndi) görə ərizə məhkəməyə ümumi qaydada verilir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən, iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3, 284-4 və 152-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı kiçik iddialara dair verilmiş iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması kreditor "xxxx" MMC-nin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar