Məhkəmə qərarları › İş №2(060)-6807/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6807/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6807/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında 20 avqust 2021-ci il tarixdə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcludan 344 manat əsas borc və kreditor tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə 364 manat məbləğində pulun kreditor "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor ilə borcıu arasında 07.09.2019-cu il tarixində 748 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borclu aldığı əşyanın dəyərini müəyyən müddət ərzində Kreditora ödəmək vəzifəsini üzərinə götürmüşdür. Borclu üzərinə götürdüyü vəzifəni tam icra etməmişdir və bununla da müqavilənin şərtlərini birtərəfli qaydada pozmuş olmuşdur. Kreditor Borcluya borcu ödəməyi təklif etsə də, borclu yaranmış borcu ödəməkdən yayınmışdır. Borclunun 344 manat borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş sənədlərdən də görünür ki, borclu müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş 748 saylı, 07.09.2019-cu il tarixli Kredit şərti ilə malın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh "xxxx" MMC-dən 588 manat dəyərində alan “Samsung A 405” markalı telefon almış və həmin telefona görə 12 ay müddətinə hər ay 44 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 748 saylı, kredit çekinə əsasən, Cavabdeh 07.09.2019-cu il tarixli Kredit şərti ilə malın alqı-satqı müqaviləsi üzrə 07.09.2019-cu il tarixdə 60 manat məbləğində ilkin ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 748 saylı, 07.09.2019-cu il tarixli Kredit şərti ilə malın alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıdan ümumi dəyəri 588 manat olan bir ədəd avadanlıq almış, lakin onun dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçıya 344 manat əsas borcu yaranmışdır. Cavabdeh yaranan borcun ödənilməsini təmin etməmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə satış müqaviləsi üzrə yaranmış 344 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 20 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 510-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 07.09.2019-cu il tarixli Kredit şərti ilə malın alqısatqı müqaviləsi üzrə yaranmış 344 (üç yüz qırx dörd) manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, ümumilikdə 364 (üç yüz altmış dörd) manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar