Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6817/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4402,13 manat əsas borc, 806,84 manat manat faiz borcu və 66,89 manat cərimə borcu olmaqla, ümumilikdə 5275,86 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin 14.10.2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 münasibətdə iş üzrə icraata xitam verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 27.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 27.08.2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09.07.2021-ci ilədək Cavabdeh1 banka 27.08.2019-cü il tarixli kredit müqaviləsi üzrə 4402.13 manat əsas borc, 806.84 manat faiz borcu və 66.89 manat cərimə borcu olmaqla, ümumilikdə 5275.86 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən onunla "Yelo Bank” ASC arasında 27.08.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə bank ona illik 23% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində pul vermişdir. O, daha əvvəl bankdan 10000 manat məbləğində kredit götürmüş və həmin məbləği tam şəkildə ödəmişdir. Daha sonra bank ona əlavə 5000 manat məbləğində kredit təklif etmiş, o həmin təkliflə razılaşaraq 5000 manat pul götürmüşdür. Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq ticarət mərkəzindəki obyektləri bağlanmışdır. Ona görə də o, bank arşısında olan öhdəliklərini lazımı qaydada yerinə yetirə bilməmişdir. Daha sonra ödənişləri əsasında borcunun azalmasına baxmayaraq ona əlavə cərimələr tətbiq olunmağa başlanılmışdır. İşi olmadığı üçün borcu ödəyə bilməmişdir. Borcunu zamanla ödəməyi üçün müqavilənin müddətinin uzadılmasını bankdan xahiş etmişdir. Lakin bank bununla razılaşmamışdır. Müqavilənin yalnız bir dəfə uzadılma imkanının olduğunu bildirmişdir. Beləliklə bank ona heç bir güzəşt etməmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 27.08.2019-cu il tarixli 4-MZ2-2-0-853-19 nömrəli kredit müqaviləsi və ona edilmiş 27.08.2019-cu il tarixli 4-MZ2-2-0-853-19 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh1 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 27.08.2019-cu il tarixli 4-MZ2-2-0-853-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmiş və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi imzalanmışdır. İşdə olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 27.08.2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 banka 4402,13 manat əsas borc, 806,84 manat faiz borcu, 66,89 manat cərimə borcu olmaqla, ümumilikdə 5210,67 manat borcu yaranmışdır. İşdə olan 01.06.2021-ci il tarixli, KBD-108471 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 27.08.2019-cu il tarixli 4- MZ2-2-0-853-19 saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 27.08.2019-cu il tarixli müqavilə ləğv edilməli, həmin müqavilə üzrə yaranmış 4402,13 AZN əsas, 806,84 AZN faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 66,89 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 5 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 27.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4402,13 manat (dörd min dörd yüz iki manat, on üç qəpik) manat əsas, 806,84 (səkkiz yüz altı manat səksən dörd qəpik) manat faiz borcu, 5 (beş) manat cərimə olmaqla, ümumilikdə 5213,97 (beş min iki yüz on üç manat doxsan yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6817/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6817/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver