Məhkəmə qərarları › İş №2(060)-6822/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6822/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6822/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi X1 Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. 14.10.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 14.03.2022-ci il tarixədək müəyyən edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09.07.2021-ci il tarixədək Cavabdeh banka 18.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1977,73 manat əsas borc, 239,33 manat faiz borcu və 70,57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2287,63 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1977,73 manat əsas borc, 239,33 manat faiz borcu və 70,57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2287,63 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 18.09.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini, maddi vəziyyətinin pis olması ilə əlaqədar olaraq ödəmək imkanının olmadığını, bank tərəfindən müddətin uzadıldığını və faiz dərəcəsinin artdığını, 8 aydır ki, ödəniş edə bilmədiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 18.09.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 30% hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.10.2019-cu il tarixdən 18.09.2021-ci il tarixədək banka ümumilikdə 3781,24 manat ödəməlidir. İş materiallarında olan 12.05.2020-ci il tarixli "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə sazişdən görünür ki, əvvəlki müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilmiş, müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25%-ə endirilmiş, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edilmiş, müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edilmişdir. İş materiallarında olan 12.05.2020-ci il tarixli "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə 1 saylı əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.06.2020-ci il tarixdən 18.09.2021-ci il tarixədək banka ümumilikdə 2769,18 manat ödəməlidir. İş materiallarında olan 14.10.2020-ci il tarixli "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə sazişdən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 2200,49 manat təşkil etmiş, müqavilə üzrə kreditin müddəti 14.03.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 14.10.2020-ci il tarixli "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə 1 saylı əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14.11.2020-ci il tarixdən 14.03.2022-ci il tarixədək banka ümumilikdə 2635,76 manat ödəməlidir. İş materiallarında olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09.07.2021-ci il tarixə İddiaçı ASC-yə 1977,73 manat əsas, 239,33 manat faiz borcu və 70,57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2287,63 manat məbləğində kredit borcu var. İş materiallarında olan 30.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 18.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcunu 5 gün ərzində banka ödənilməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 09.07.2021-ci il tarixə İddiaçı ASC-yə 1977,73 manat əsas borc, 239,33 manat faiz borcu və 70,57 manat cərimə, ümumilikdə 2287,63 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2 maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçının nümayəndəsinin izahatına və iş materiallarında olan xəbərdarlıq məktublarına əsasən cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh 1977,73 manat əsas borc, 239,33 manat faiz borcu, 30 manat cərimə, ümumilikdə 2247,06 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1977,73 (min doqquz yüz yetmiş yeddi manat yetmiş üç qəpik) manat məbləğində əsas kredit borcu, 239,33 (iki yüz otuz doqquz manat otuz üç qəpik) manat faiz borcu və 30 (otuz) manat cərimə, ümumilikdə 2247,06 (iki min iki yüz qırx yeddi manat altı qəpik) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-yə ödənilsin. Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 18.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar