Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6832/2025 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi ilə, X1 Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh-ya qarşı “maneənin aradan qaldırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh-ya qarşı “maneənin aradan qaldırılması” barədə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehin üzərinə "ŞƏRQ” Mənzil-Tikinti Kooperativi tərəfindən Sumqayıt şəhəri, 9-cu mkr ərazisində tikilən 14 mərtəbəli yaşayış binasının zirzəmisində maşınının parkinq edilməsinə yaradılan maneəni aradan qaldırmaq öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o 21 iyul 2013-cü ildə "ŞƏRQ” mənzil-tikinti kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mkr ərazisində tikilən 14 mərtəbəli yaşayış binasında mənzil almış və hal-hazırda orada yaşayır. İndi isə yaşadığı ərazidə parking ərazisindən istifadə ilə bağlı problem yaranıb. Yaşadığı həmin ərazidə parking yerindən istifadə etmək istədiyi zaman onu ora buraxmırlar və əsassız olaraq pul tələb edirlər. Həmin yaşayış sahəsinin parking hissəsi "Mənzil Məcəlləsi" haqqında qanunun 35-ci maddəsi, Mülki Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan hallara uyğun olaraq onun və binadakı mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aiddir və həmin ərazi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə ümumi istifadə üçün nəzərdə tutulduğuna görə o həmin sahədən istifadə edə bilər. Cavabdehin nümayəndəsi Vəkil1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən binanın zirzəmisi 54 ədəd qarajdan ibarətdir. Bu hal binanın eskiz və işçi layihələrindən aşkar şəkildə görünür. Həmin qarajlar uzun müddət öncə müxtəlif şəxslərə satılmışdır. Qarajların bir qismi onların mülkiyyətçiləri tərəfindən icarəyə verilmişdir. İddiaçı 2013-cü ildə həmin binada mənzil almış və 2014-cü ildən orada yaşayır. İddia ərizəsində guya hal-hazırda qarajlarla bağlı problem yarandığı göstərilsə də, iddiaçının binada yaşadığı vaxtdan, yəni 2014-cü ildən etibarən o qarajlardan istifadə etməmişdir. İstifadə etdiyi halda isə qarajların mülkiyyətçilərinə icarə haqqı ödəməklə istifadə etmişdir. Şərh edilənlərdən də göründüyü kimi iddia tamami ilə əsassızdır. MTK olaraq onlar bu işdə hər hansı bir məsuliyyət daşımırlar. Binada MTK-nə məxsus qaraj mövcud deyildir. İddianın təmin edilməməsini xahiş etmişlər. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı özü hazırlıq iclasında izahat vermişdir. İddiaçı Cavabdeh-dan mənzil əldə etmişdir. Binanın parkinq hissəsində qarajlar mənzil mülkiyyətçilərinə satılmamışdır. Parkinq indidə boşdur. İddiaçı bildirdi ki, mənzillər satılanda ümumi istifadə də olmuşdur. MTK iddiaçıdan aylıq 30 manat vəsait tələb edir. MTK bildirdi ki, həmin qarajlar ayrı-ayrı mülkiyyətçilərə satılmışdır. İddiaçı bildirdi ki, əvvəl aylıq 10 manat ödəmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı artıq 3-cü iddia qaldırmışdıır. 2-si təmin olunmamışdır. Mühəndis və texniki zirzəmilər ümumi istifadəyə aiddir. Bu haqda 3 qərar təqdim etmişdir. İddiaçı 2013-cü ildən ev alıb 2014-cü ildən yaşamışdır. İddiaçı indiyə qədər maşını necə parkinq etmişdir. Qarajlar 54 sahibə satılmışdır. İddiaçı ordan qaraj almamış, mənzil almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh-nın xx.xx.2016-cı il tarixli qəbzindən görünür ki, Sumqayıt şəhəri 9-cu mikrorayon 24 və 31 saylı yaşayış binalarının arasında yerləşən 14 mərtəbəli yaşayış binası Cavabdeh-ya məxsusdur. Payçı İddiaçı N 59 üç otaqlı mənzil üçün 52640 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Kooperativ Mənzil Tikintisi haqqında müqaviləsindən görünür ki, satıcı Cavabdeh alıcı İddiaçı 9-cu mikrayon, 1a giriş, 10-cu mərtəbə, 59 saylı mənzili satır. Mənzil 3 otaq, 112 kv.m-dir. Mənzilin dəyəri 52640 manatdır. Alıcı hər ay 527 manat pul ödəməlidir. Sonuncu ödəniş xx.xx.2015-ci ildir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin hesabına iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan koperativ qaraj tikintisi haqqında müqavilələrdən görünür ki, qarajlar müxtəlif adamlara satılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən kooperativ yaşayış binasının zirzəmisi parkinq sahəsidir və qarajlar artıq satılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfin inşa etdiyi binada mənzili olmaqla, həmin binanın sakinidir.Yəni binada mübahisələndirdiyi qarajların əslində mülkiyyətçiləri olduğunu tərəflər mübahisələndirmirlər.Hətta iddiaçı tərəf əvəllər qaraj üçün müəyyən pul məbləğinin ödənilməsini də inkar etmir.Hazırda iddiaçının yaşadığı mənzildə ona qarşı maneənin nədən ibarət olmasını əks etdirən hallar və bu halları təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasının zirzəmisində olan qarajların hamısının satıldığından, iddiaçının isə belə bir hüququnun olmadığından iddia əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh-ya qarşı – Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında ona qarşı maneəçilik törətməsinə görə Cavabdeh-nın, onun rəhbərliyi və səlahiyyətli şəxsləri tərəfindən edilən maneələrin aradan qaldırılmasına, həmin qeyri-yaşayış sahəsində iddiaçıya təmir-tikinti işlərinin aparılmasına maneə olmamalarına dair iddiası sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh-ya qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6832/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6832/2025
06.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver