Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6883/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17 yanvar 2021-ci il tarixdə övladlarının yaşadığı Niderland Krallığından tranzit yolla əvvəlcə Türkiyə Respublikasına, oradan Azərbaycan Respublikasına gəldikdə hava limanında polis əməkdaşları ona yaxınlaşaraq “keçmiş əmlak mübahisəsinə” görə barəsində axtarış qərarı olduğuna görə saxlanılacağını bildirmişlər. Daha sonra polis əməkdaşları iddiaçıya təklif etdilər ki, üzərində olan pul və digər qiymətli əşyaları yaxın bir nəfərə verib, Binəqədi Rayon Polis İdarəsinə getməlidir. Həmin vaxt üzərində olan qızıl-zinət əşyalarını, eləcə də 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaitini iddiaçını qarşılamaq üçün “Heydər Əliyev adına” X3 gələn yaxın tanışı Cavabdeh vermişdir. 19 yanvar 2021-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsindən sərbəst buraxıldıqdan sonra, Cavabdeh bir neçə dəfə zəng etməsinə baxmayaraq, sonuncu zənglərinə cavab vermədi. Narahat olduğuna görə Həmidin bacısı oğlu ilə birgə onun yaşadığı Novxanı bağlar massivində yerləşən bağ evinə getmişlər. Evə daxil olarkən oradakı əşyaların dağıdıldığını görmüşdür. Daha sonra üzbəüz evdə quraşdırılmış kamera görüntülərinə baxdıqdan sonra bilmişdir ki, Həmid polis əməkdaşları tərəfindən evindən aparılmışdır. Məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Cavabdehla bir neçə gün sonra istintaq təcridxanasında görüşərkən iddiaçıya bildirmişdir ki, evdə atasına aid olan silah olduğuna görə polisə gətirilmiş və barəsində cinayət işi başlanmışdır. Daha sonra söhbət əsnasında Həmid iddiaçıya dedi ki, hava limanında ona verdiyi qzıl-zinət əşyalarını və çamadanlarını elə həmin gün aparıb iddiaçıya məxsus olan evə vermiş, pulları isə özü ilə bağ evinə aparmışdır. Polis əməkdaşları tərəfindən saxlanılaraq evdən aparılarkən Hava limanında saxlamaq üçün Həmidə verdiyi 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaiti həmin polis əməkdaşları tərəfindən bağ evindən götürülmüşdür. Cavabdeh Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən ittiham verilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə ona bəraət veilmişdir. Həmin bəraət hökmü apellyasiya və kassasiya instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanmışdır. Cavabdeh azadlığa çıxdıqdan sonra Sumqayıt Şəhər Prokurorluğuna şikayət edərək bildirmişdir ki, 19 yanvar 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçıları X5, X6 və X7 tərəfindən yaşadığı bağ evində saxlanılarkən İddiaçı məxsus olan 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaitini həmin polis əməkdaşları götürmüşdür. Polis əməkdaşları tərəfindən pulun götürülməsinin sübutu kimi video görüntü olduğunu bildirmişdir. Həmin şikayət ərizəsinə əsasən Sumqayıt Şəhər Prokurorluğu tərəfindən adları qeyd edilən polis əməkdaşlarının cinayət əməli törətmələri sübuta yetirilmədiyinə görə Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə müxtəlif tarixlərdə Qərarlar qəbul edilmişdir. Həmin Qərarlar bir neçə dəfə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında ləğv edilib yenidən araşdırmaya göndərilməsinə baxmayaraq, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi X2 tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə Qərar qəbul edilmişdir. Bu o deməkdir ki, Cavabdeh iddia etdiyi kimi iddiaçıya məxsus olan 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaitini adları çəkilən polis əməkdaşlarının götürülməsi öz təsdiqini tapmamışdır. Bütün bu müddət ərzində Cavabdeh inanıb gözləmişdir ki, bəlkə həqiqətən həmin pulun oğurlanması faktı öz təsdiqini tapacaqdır, lakin bu fakt öz təsdiqini tapmadı və həmin faktla bağlı hər hansı bir şəxsə cinayət işi başlanmadı. Cavabdeh bəraət hökmü aldıqdan sonra Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanunsuz həsbsdə qaldığı 5 ay 7 gün müddətinə görə cavabdeh Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərər görə pul vəsaitinin tutularaq ödənilməsi barədə” iddia qaldırmış və məhkəmə iddia tələbini qismən təmin etmişdir. Həmin iddia ərizəsinin birinci səhifəsində Cavabdeh qeyd etmişdir ki, İddiaçıya saxlamaq üçün verdiyi 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaiti polis əməkdaşları tərəfindən götürülmüşdür. Cavabdeh bu müddət ərzində yazdığı çoxsaylı şikayət ərizələrində və verdiyi ifadələrində səmimi etiraf edərək bildirmişdir ki, qeyd edilən 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaiti həqiqətən Zemfıra Əliyevaya məxsusdur və iddiaçıya saxlamaq üçün vermişdir. Sonda iddiaçı Cavabdeh ona saxlamaq üçün verdiyi 5800 ABŞ dolları və 1500 avro məbləğində pul vəsaitini geri tələb etməsinə baxmayaraq, sonuncu həmin pulu iddiaçıya qaytarmaqdan imtina etdi və iddiaçı hazırkı iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının saxlamaq üçün verdiyi 9860 manat (5800 ABŞ dolları) və 2835 manat (1500 avro) olmaqla, ümumilikdə 12695 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, 5800 ABŞ dollarının və 1500 avro pul vəsaitinin ona verildiyini danmır. Həmin pul tərəfindən saxlanılması üçün verilmişdir. O, pul məbləğini saymamış qəbul etmişdir. Həmin pul vəsaiti polis əməkdaşları tərəfindən götürülmüşdür. İddiaçının tələb etdiyi 13000 manat vəsaitdən 5000 manatı onun qardaşına çatacaq məbləğ idi. Belə ki, o, tutulmamışdan qabaq qardaşından 5000 manat borc alaraq iddiaçıya təqdim etmişdir. Bunu iddiaçı özü etiraf etmişdir. İddiaçıya qaytaracağı məbləğ 8000 manatdır.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən toplanmış 462c-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
7. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, xx xxxxxx 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1972-1982-ci illərdə Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 15 saylı orta məktəbdə təhsil almış, 1983- cıı ildə Gürcüstan Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. 1985-ci ildə hərbi xidmətini başa vurub Sumqayıt şəhərinə qayıtmış, 1985-ci ildə Rusiya Federasiyasına köçmüş və 1988-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. 1992-1995-ci illərdə Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirak etmiş, 1995-1998-ci illərdə Karate Federasiyasının Sumqayıt şəhəri üzrə prezidenti vəzifəsində çalışmışdır. 1998-ci ildə yenidən Rusiya Federasiyasına getmiş, bir müddət orada sahibkarlıq fəaliyyəti ilə məşğul olduqdan sonra 2009-cu ildə Azərbaycan Respublikasına geri qayıdaraq müxtəlif sahələrdə işləyərək ailəsini dolandırmışdır. 19 yanvar 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkilləri X5, X6, X7 və adını bilmədiyi dördüncü şəxs mülki formada üzərlərində olan polis vəsiqəsin ona göstərərək evinə daxil olmuş və dərhal telefonun əlindən almışdır. Həmin şəxslərdən biri yanında dayanmış, digərləri evi axtarmağa başlamışdır. Həmin şəxslər evdən ona məxsus 01 ədəd PR-1367 markalı, 9 mm kaliberli Makarov konstruksiyalı yarımavtomalik tapança tapmışdırlar. O, həmin şəxslərə silahın atəş üçün yararsız olduğu və suvenir kimi istifadə etdiyini desə də, buna əhəmiyyət verən olmamışdır. Anar Babayev adlı polis əməkdaşı pencəyinin cibində saxladığı tanışı X1 məxsus 1500 avro və 5800 dollar pulu göstərərək pulu hardan aldığını soruşmuş o, isə həmin pulların tanıdığı şəxsə məxsus olduğunu demişdir. Anar Babayev həmin pulları cibinə qoymuş və orada olan digər polis əməkdaşları da bunun şahidi olmuşdurlar. Polis əməkdaşlarından birinin ona məxsus pulları sayması həyətinin qarşısında olan videomüşahidə kamerasına düşmüşdür. Həmin videogörüntüləri 01 ədəd CD diskə yazaraq izahatına əlavə etmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Sumqayıt şəhər polis idarəsində istintaq edilən cinayət işi tamamlanaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə günahı olmadığından ona bəraət verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 5800 ABŞ dolları və 1500 avro pul məbləğinin saxlama müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddiaçı saxlamaya verdiyi pulun qaytarılmasını tələb edir, cavabdeh isə həmin pulun başqa şəxs tərəfindən mənimsənildiyini göstərir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
10. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını saxlama müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Göstərilən Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
15. Eyni Məcəllənin 824-cü maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.
16. Qeyd olunan Məcəllənin 826.1-ci maddəsinə əsasən əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir.
17. Həmçinin, Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
18. Göründüyü kimi, qanunvericilik pul öhdəliyinin manatla ifadə edilməli olduğunu imperativ norma kimi göstərmişdir. İstisna qismində müəyyən kateqoriya şəxsləri (“xarici fiziki və ya hüquqi şəxs”) göstərsə də, hazırki iş üzrə tərəflər qanunvericiliyin qeyd etdiyi şəxslər kateqoriyasına daxil deyillər.
19. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbini manatla ifadə etsə də, xx.xx.2024-cü il tarixə 1500 avronun valyuta məzənnəsi 2692,20 manat təşkil etmişdir. Halbuki, iddia ərizəsində 2835 manat qeyd edilmişdir.
20. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12552,20 (9860 manat + 2692,2 manat) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
21. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12.552,20 (on iki min beş yüz əlli iki manat, iyirmi qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva