Məhkəmə qərarları › İş №2(060)-6898/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6898/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6898/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Hüseyn oğlunun iştirakı ilə, İddiaçı Hüseyn oğlunun Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə 23 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hüseyn oğlu Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 17.08.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hüseyn oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 17 avqust 2019-cu il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən cavabdeh ona 20.12.2020-ci ilədək qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehlə aralarında bağlanmış borc müqaviləsi formal xarakterli olmuş, əslində cavabdeh ona bir manat da olsun borc pul verməmişdir. Qeyd edir ki, cavabdeh onun həyat yoldaşının bacısı oğlu Süleymanov Orxanın həyat yoldaşıdır. 2017-ci ildə həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq ondan hissə-hissə borc pul götürmüş və həmin borc faizi ilə birlikdə 30000 manat olmuşdur. Qeyd etdiyi kimi cavabdeh həmin pulu onlara faizə vermişdir. Pula ehtiyacları olduğu üçün, çətin vəziyyətdə olduğundan o, borc müqaviləsini bağlamışdır. Bundan sonra borcunun əvəzinə, o, tələb etmişdir ki, evlərini onun adına keçirsinlər. Beləliklə, onlara aid Yaşma bağ massivində yerləşən 199 saylı xüsusi mülkiyyəti onun adına keçirmişlər, o isə həmin mülkü sataraq 36500 manat məbləğində pul götürmüşdür. Bundan sonra İlahədən kredit müqaviləsinin ləğvini tələb etsə də, o, müqaviləni ləğv etmək üçün notariusa gəlməmişdir. Bundan əlavə pulun faizi olaraq 20000 manatı da ona qaytarmışdırlar. Bununla bağlı qəbzlər də var. Onlar cavabdehə olan borcu iki qat qaytarmışdırlar. Bu səbəbdən də onun hal-hazırda cavabdehə heç bir borcu yoxdur. Qeyd etdiklərinə əsasən iddiaçı iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Hüseyn oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, iş üçün əhəmiyyətli olan bütün sübutları, o cümlədən ödəniş qəbzlərini vəkilinə təqdim etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) işdə iştirak edən digər şəxslər məhkəmə baxış iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5 və 185.6-ci maddələrinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 17.08.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Hüseyn oğlu Cavabdeh 30000 manat məbləğində borc almış və həmin borcu 20.12.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götümüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)- 2808/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı Hüseyn oğlundan 30000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İş materiallarından görünür ki, tərəflər arasında 17.08.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Hüseyn oğlu Cavabdeh 30000 manat məbləğində borc almış və həmin borcu 20.12.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götümüşdür. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü də nəzərdə tutur. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Hüseyn oğlu 17.08.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilən hallara dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi mübahisələndirilən borc müqaviləsinin formal olaraq bağlanmasına istinad etmişdir. Halbuki, bu hal müqavilənin ləğvi üçün deyil, onun etibarsızlığı üçün əsas ola bilər. İddia tələbinin digər əsasları (borcun əvəzində Yaşma bağ massivində yerləşən 199 saylı evin cavabdehin ərinin adına alqı-satqı edilməsi və borc məbləğinin tam məbləğdə ödənilməsi) ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan İddiaçı Hüseyn oğlunun Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Hüseyn oğlunun Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar