Məhkəmə qərarları › İş №2(060)-691/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-691/2023

31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-691/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2018ci ildə doğulmuş X5 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşma çatana qədər hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat - cəmi 500 (beş yüz) manat sabit pul məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci ildə doğulmuş X5 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat – cəmi 500 (beş yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3333/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdehlə iddiaçı arasında olan nikah pozulmuş, uşaqları xx.xx.2018-ci ildə doğulmuş X5 və xx.xx.2019-cu ildə doğulmuş X4 iddiaçının himayəsində qalması, eyni zamanda uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabir pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı öncəki illərdəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Hər iki uşaq müxtəlif xəstəliklərdən əziyyət çəkir və onların müalicəsi, müayinəsi, dərman ləvazimatları əhəmiyyətli xərc tələb edir. Belə ki, 11,09.2018-ci il təvəllüdlü qız övladı olan X5 epilepsiya xəstəsidir. O, 2020-ci ilin dekabr ayından bugünə kimi 6 dəfə sudurqa keçirmişdir. X12 vasitəsilə Sumqayıt şəhərində yerləşən Uşaq İnfeksion xəstəxanasına yerləşdirilmişdir. Epilepsiyanın səbəbi bilinmədiyindən Bakıdakı həkim vasitəsilə sudurqanın allergiyanın təsiri nəticəsində beyin qıcıqlanması verdiyini aydınlaşdırmışlar və ona uyğun olaraq hər ay müayinə, müalicə və dərman qəbulu təyin olunub, uşağın xüsusi qida rasionu var və yalnız dietik yeməklərlə qidalanır. Həkimlərin ciddi xəbərdarlığına əsasən o növbəti sudurqadan sığortadan və xüsusilə qidalanmağına xüsusi və ciddi nəzarət olmalıdır. xx.xx.2019-cu il təvəllüdlü X9 da X8 diaqnozundan əziyyət çəkir və gündəlik dərmanlar qəbul edir. Cavabdehin işi ilə bağlı ən son model minivan tipli avtomobilə sahiblik edir və onunla xeyli pul qazanır, həmin məbləğdə alimenti ödəmək üçün zəruri olan vəsaiti əldə etmək imkanına malikdir. Bu baxımdan uşaqların zəruri xərclərinin ödənilməsi üçün hər ay hər uşağa görə ən azı 250 manat aliment zəruridir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək İddiaçı Fəyaz qızının ona qarşı alimentin müəyyən edilmiş məbləğinin artırılması barədə iddiasının rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-3333/2021 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah ləğv olunmuş və cavabdehdən uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla 2 uşağa görə 340 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Alimentin tutulması 10 mart 2021-ci il tarixdən hesablanmışdır. İddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və bir neçə dəlil irəli sürmüşdür.Həmin dəlillər sırasında qızı X2 2020-ci ildən 6 dəfə sudruqa keçirməsi, müalicə edilməsi və ona dava-dərmanlar alınması, digər uşaq-oğlu Fateyev Fəridin yüksək allergiya xəstəliyindən əziyyət çəkməsini qeyd etmişdir. Onun bu dəlili ilə bağlı bildirir ki, əvvəla hər iki uşaq dövlət müəssisəsində müalicə almış və iddiaçı işlədiyi və sığortalı olduğu üçün uşaqların bütün müayinə və müalicə xərcləri də dövlət sığorta şirkəti hesabına qarşılanmışdır. Əgər həqiqətən də iddiaçı bu müalicələrə böyük məbləğdə vəsaitlər sərf etmişsə, onda o bununla bağlı sübutlar təqdim etməklə həmin əlavə xərclərin bölünməsi barədə məhkəmədə iddia qaldıra bilərdi. Bu hal alimentin artırılmasına səbəb olan hal kimi qəbul edilməməlidir. İddiaçı iddia tələbində cavabdehin son model minival tipli avtomobilə sahiblik etdiyini qeyd edir, halbuki bu maşının cavabdehə hər hansı bir aidiyyəti yoxdur, cavabdeh sürücü işləyirəm, əmək haqqı alır və iş yerindən verilmiş maşının sahiblik hüququ da həmin işlədiyi şirkətə aiddir. İddiaçı hətta vaxtı qabaqlayaraq iddia tələbində 2023-cü ildən bir uşağın saxlanılması minimumunun 250 manat olacağını proqnoz etmiş və həmin vaxt gəlmədən aliment hər uşaq üçün artırılmaqla 250 manat məbləğində müəyyən olunmasını məhkəmədən istəmişdir. Bildirir ki,aliment qət edilən vaxt cavabdeh "xxxx" MMC-də sürücü işləmiş və cavabdehin həmin vaxt orta aylıq əmək haqqı 900 manat təşkil etmişdir. Lakin bu müddət ərzində aylıq əmək haqqında hər hansı bir müsbət dəyişiklik-artım olmamış, əksinə cavabdeh əvvəlki işindən çıxmış və hazırda daha az maaşlı işdə çalışır. Bundan başqa onu da qeyd edir ki, iddiaçı özü də «Azərkimya» istehsalat birliyində iqtisadçı işləyir və onun orta aylıq əmək haqqısı mən bildiyim qədərincə 500-600 manat civarındadır. Bundan başqa iddiaçı ilə evlilik dövründə bankdan kredit götürmüş və hazırda həmin kredit məbləği də cavabdehin əmək haqqımdan tutulur. Hal-hazırda aliment və kredit üzrə tutulmalardan sonra cavabdehə cəmi 90 manat vəsait qalır ki, bu da dolanışıq üçün yetərli deyildir,belə olan təqdirdə həmin aliment məbləğinin artırılması cavabdehin ümumiyyətlə dolanışıq üçün vəsaitdən məhrum olmağı deməkdir. Göründüyü kimi aliment qət edildikdən sonra cavabdehin maddi, ailə vəziyyətimdə hər hansı bir diqqətəlayiq müsbət dəyişikliklər olmamışdır, əksinə cavabdeh əvvəlkindən də azmaaşlı işdə işləyir və iddiaçının da özünün ayrıca qazanc, gəliri vardır. İddiaçı aliment qət ediləndən sonra bir uşağın Respulika üzrə minimum dolaşığıında artım olduğunu qeyd etmişdir. Lakin bu artımın olması o demək deyildir ki,həmin artım məbləğini bütünlüklə cavabdeh-ata ödəməlidir, iddiaçı işlədiyi, stabil qazanc və gəlirə malik olduğu üçün o da bu tələbatın ödənilməsində iştirak etməlidir, həmin minimal tələbatla hazırda qət edilmiş aliment məbləği arasında elə də böyük bir fərq yoxdur və belə hesab edir ki, iddiaçının aylıq qazanc və gəliri həmin fərqi dəfələrlə qarşılaya bilər. İiddiaçı cavabdehin maddi durumunun yaxşılaşdırılması ilə bağlı iddia tələbinə hər hansı bir sübut əlavə etməmiş və ümumiyyətlə buna dəlalət edən hallar da mövcud deyildir. Əksinə cavabdeh tərəfindən təqdim edilmiş iş yeri üzrə gəlirlərinə dair arayışlar ona dəlalət edir ki, alimentin artırılmasına əsas ola biləcək dəyişiklik olmamış, əksinə cavabdehin aylıq əmək haqqı həmin dövrə nisbətən azalmışdır. Bu günkü cavabdehin aylıq əmək haqqımı nəzərə aldıqda ( hazırda mən «Scanex” MMC şirkətində sürücü işləyirəm, aylıq əmək haqqı 800 manat təşkil edir) və AR AM-nin 76-cı maddəsinə əsasən 2 uşağa görə qazancının 1/3 hissəsi miqdarında aliment tutulduqda bu məbləğ təxminən 266 manat təşkil edir ki, bu da məhkəmə qətnaməsi ilə 2 uşağa görə qət edilmiş 340 manat alimentdən də azdır. Bütün bu hallar ona dəlalət edir ki,məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin artırılması üçün əsaslar mövcud deyildir və ona görə də qeyd olunanlara əsasən xahiş edir ki, İddiaçı Fəyaz qızının cavabdehə qarşı alimentin müəyyən edilmiş məbləğinin artırılması barədə iddiasının rədd edilməsi barədə qətnamə qət edilsin. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədi. Etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3333/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və Fateyeva (İsmayılzadə) Jalə Fayaz qızı arasında xx.xx.2017-ci il tarixində Sumqayıt “ASAN Xidmət” X3 bağlanmış 1712 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, Cavabdeh 10 mart 2021-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X7r. xx.xx.2022-ci il tarixli, №-MŞB/13-00160 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh gəlir məlumatlarından görünür ki, o, "xxxx" Şirkətində sürücü vəzifəsində çalışır, aylıq əmək haqqı 960 manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh və İddiaçı xx.xx.2017-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşlar və nikahda olduqları dövrdə xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı 2 (iki) övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli № 2(060)-3333/2021 saylı qətnaməsi ilə Cavabdeh və Fateyeva (İsmayılzadə) Jalə Fayaz qızı arasında xx.xx.2017-ci il tarixində Sumqayıt “ASAN Xidmət” X3 bağlanmış 1712 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, Cavabdeh 10 mart 2021-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. İddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqlarının artmaqda olan tələbatlarını qarşılamaqda çətinlik çəkir, buna görə də hazırki iddia tələbi ilə məhkəəyə müraciət edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3333/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3333/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3333/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə hər ay üçün 400 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar