Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6922/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 16.09.2011-ci il tarixli “plastik kartlarının əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında” müqavilə əsasında cavabdehə “Visa card/Visa electron chip” növlü kart hesabı açılmışdır. Həmin müqavilə əsasında 4268 6512 1513 7869 saylı kart üzərində kart istifadəçisi kimi cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və 23.09.2011-ci il tarixində həmin kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin iyun ayında 4268 6512 1513 7869 saylı kart vasitəsilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 980,81 (doqquz yüz səksən manat altmış bir qəpik) manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən 24.06.2021-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin tam ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış 16.09.2011-ci il tarixli müqavilənin 6.1.5-ci bəndinə əsasən, kart sahibi plastik kartdan istifadə ilə bağlı yaranan borcu, həmçinin faizi, komissiya haqqını və digər ödəmələri ödəməyi öhdəsinə götürür. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh İddiaçı QSCnin xeyrinə overdraft nəticəsində yaranmış 980,61 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 idida ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında həmin borcun kart üzrə etdiyi ödəniş vasitəsilə limitdən artıq istifadə etdiyi üçün yarandığını, hal-hazırda 1150 manat kreditinin olduğunu, ayda 137 manat ödəniş etdiyini, həmin krediti ödəyib qurtardıqdan sonra limiti keçməsi səbəbindən yaranmış faktiki borcu ödəmək istədiyini, lakin ayda 30-40 manat ödəyə biləcəyini bildirdi. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 14.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 980,61 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 16.09.2011-ci il tarixli “plastik kartlarının əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında” müqavilə və ərizədən görünür ki, cavabdehə “Visa card/Visa electron chip” növlü kart hesabı açılmışdır. İş materiallarında olan Cavabdeh iddiaçı tərəfindən edilmiş 24.06.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə götürdüyü kartla əlaqədar artıq istifadə edilmiş borcu ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən kartın limitindən artıq 980,61 manat istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Tərəflər arasında olan 16.09.2011-ci il tarixli “plastik kartlarının əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında” müqavilənin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit kartı üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı QSC-yə 980,61 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 980,61 manat ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 980,61 (doqquz yüz səksən manat altmış bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6922/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6922/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver