Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6965/2025 27.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı Məlikova (Baxışova) Aynurə Vəzirxan qızının Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə (açar sözlər: alimentin tutulması üsulunun və miqdarının dəyişdirilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, iddiaçı Məlikova (Baxışova) Aynurə Vəzirxan qızının iştirakı ilə iddiaçı Məlikova (Baxışova) Aynurə Vəzirxan qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(060)-6820/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması üsulunun və məbləğinin dəyişdirilməsi, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh xeyrinə hər ay minimum əmək haqqının 1.10 misli həddində (440 manat) sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 12 dekabr 2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(060)-6820/2017 saylı qətnaməsinə əsasən hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment təyin edilmişdir. Övladının tələbatı gündən günə artır. Onun məktəb, yeyib içmək və digər xərcləri uşağın istəklərinə uyğun ödəyə bilmir. Odur ki hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, mediasiya prosesi zamanı cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. X13 Sessiyasında (İMS) iştirak edilməməsi barədə 04 oktyabr 2025-ci il tarixli, MSŞ/M T 064/2025-00092 saylı arayış təsdiq edir.
b) iddiaya etiraz
3. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı “alimentin hissəvi tutulmadan sabit pul məbləği ilə əvəz edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(060)-6820/2017 saylı qətnaməsi ilə 12 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş hər ay qazancının (başqa gəlirlərininin) 1/4 hissəsi miqdarında alimentin hissəvi tutulmasının sabit pul məbləği ilə əvəz edilərək 12 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay minimum əmək haqqı məbləğinin (400 manatın) 1,10 misli məbləğində (440 manat) alimentin ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia ərizəsində qeyd edilənlərlə qətiyyən razılaşmır və iddia tələbini qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflndən alimentin iqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hüquq normasının tələbindən də göründüyü kimi alimentin dəyişdirilməsinə dair iddia qaldırmağın hüquqi əsası tərəflərdən birinin maddi və ya ailə vəziyyətində dəyişikliyin olmasıdır. Onun maddi vəziyyəti alimentin məbləğinin artırılıb 440 manat olması üçün yaxşılaşması tələb olunur və iddiaçı da bununla bağlı məhkəməyə sübutlar təqdim etməlidir. Reallıqda olan isə onun maddi vəziyyətininin daha da ağırlaşmasıdır. Belə ki, o, uşaqlıqdan İİ qrup müddətsiz əlildir və əmək qabiliyyəti yoxdur. Yeganə qazanc yeri İİ qrup əlilliyə görə aldığı 250 manat məbləğində sosial müavinətdir. Həmin məbləğin də 1/4 hissəsi hər ay iddiaçının xeyrinə tutulur və o, buna etiraz etmir. İddiaçının halhazırda iddia etdiyi 440 manat sabit pul məbləğində alimenti ödəmək onun imkanları xaricindədir və o, heç bir zaman həmin məbləği ödəyə bilməz. Bu isə iddiaçı ilə birgə nikahdan doğulmuş övladı Ömər Baxışovun da mənafeyinə uyğun deyildir, kağız üzərində alimentin artırılmasının nə uşağa, nə də heç kimə faydası yoxdur. İddiaçının ondan tələb etdiyi aliment Azərbaycan Respublikası qanunvericiliyində 1 uşağın saxlanması üçün nəzərdə tutulmuş yaşayış minimumundan da dəfələrlə artıqdır. Qeyd etmək istəyir ki, uşaqlıqdan İİ qrup əlil olduğu və təqdim etdiyi arayışlardan da göründüyü kimi əmək qabiliyyətinin olmaması səbəbindən heç bir yerdə işləyə bilmir . Ona görə də tələb edilən məbləğdə alimenti ödəmək onun imkanları xaricindədir. Bundan əlavə maddi vəziyyəti 2017-ci ildən bu günə kimi yaxşılaşmamış, əksinə pisləşmişdir. Belə ki, kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün ikinci dəfə ailə qurmağa məcbur olmuşdur. Ona görə də xx.xx.2023-cü il tarixdə X8 ilə nikaha daxil olmuş, həmin nikahdan da xx.xx.2023-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Həyat yoldaşı hal-hazırda ikinci övladına hamilədir. Göründüyü kimi onun maddi vəziyyəti iddiaçının iddia etdiyi kimi yaxşılığa doğru deyil, əksinə dəyişib və 250 manat məbləğində aylıq gəlirlər, həm iddiaçı ilə birgə nikahlarından olan övladın ailment ödəməli, həm də digər övladına baxmalıdır. Azərbaycan Respubiiaksı Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən normanın tələbindən də göründüyü kimi alimentin sabit pul məbləğində tutulması üçün onun gəlirləri qeyri-müntəzəm, dəyişən olmalı, və ya alimentin hissəvi tutulması mümkün olmamalıdır. Onun gəlirləri dəyişən deyil, hər ay ikinci qrup əlilliyə görə 250 manat məbləğində müavinət alır, həmin müavinətin məbləği qanunvericiliklə artırıldıqda onsuz da alimentin məbləği də hissəvi olaraq artır, o, həmin hissənin tutulmasına heç bir zaman etiraz etməmişdir. Yuxarıda sadaladığı halları nəzərə alaraq İddiaçı ona qarşı “alimentin hissəvi tutulmadan sabit pul məbləği ilə əvəz edilməsi” tələbinə dair iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən iddiaçı Məlikova (Baxışova) Aynurə Vəzirxan qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, əvvəllər ¼ hissə olmaqla, 152 manat aliment almışdır. Hazırda isə 62 manat aliment alır. Həmin pulla uşağın artan tələbatlarını ödəyə bilmir. Uşaq hazırlıqlara gedir, tez-tez xəstə olur. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı qeyd edilənlərin nazərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6820/2017 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə X4 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, Cavabdeh ilə X1 birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 boşanmadan sonra anası X2 yanında qalması, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin X3 ödənilməsi qət edilmişdir.
7. AZ-İİİ seriyalı, 685425 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur.
8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Məlikova (Baxışova) Aynurə Vəzirxan qızı 50 manat mediasiya xərcini ödəməkdən azad edilmişdir.
9. AZ-İİ seriyalı, 545173 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və Ağayeva (Baxışova) Nuranə Əziz qızı arasında bağlanmış nikah 30 yanvar 2023-cü il tarixdə Quba regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində 89 saylı akt qeydilə rəsmiləşdirilmişdir.
10. AZ-İV seriyalı, 931753 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X7 anadan olmuşdur.
11. xx.xx.2025-ci il tarixli ultrasəs müayinəsindən görünür ki, X8 27 həftəlik hamilədir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 710580 nömrəli arayışdan görünür ki, Cavabdeh uşaqlıqdan müddətsiz 2-ci qrup əlildir.
b) mülki iş üzrə tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
16. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.”
17. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…
1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). ... 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. ... 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmənin mövqeyi
20. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
21. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında nikah pozularkən birgə nikahdan doğulmuş uşaq – xx.xx.2015-ci il təvəllüdlü X11 ananın yanında saxlanılmış, onun saxlanılması üçün üçün Cavabdeh aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment təyin edilmişdir.
22. İşin halları ilə müəyyən edilir ki, cavabdehin əmək haqqından hissəvi alimentin tutulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, cavabdehin qüvvədə olan rəsmi əmək müqaviləsi ilə gəliri olmadığından və yeganə qazanc yeri İİ dərəcə əlilliyə görə təyin olunmuş 250 manat pensiya olduğundan alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulan məbləğ 62.5 manat təşkil edir ki, iddiaçı həmin məbləğlə uşağın saxlanmasının mümkün olmamasını qeyd edir.
23. Məhkəmənin qənaətinə görə işin bu halı tərəflərdən birinin maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirilməli və iddia ərizəsinə Ailə Məcəlləsinin 112 və 78-ci maddələrinin tələbi baxımından qiymət verilməlidir.
24. Aliment məbləğinin müəyyən edilməsi zamanı yuxarıda göstərilən Plenum qərarındakı mövqe və formalaşmış məhkəmə təcrübəsi baxımından uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu müəyyən mənada meyar kimi qəbul edilir, lakin tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir. Məhkəmə cavabdehin rəsmi gəlirinin az olduğunu, uşağın yaşayış minimumu həddində maddi tələbatının ödənilməsinin zəruriliyini, şəxsin digər qazanca malik olmamasının onu uşağı saxlamaq vəzifəsindən azad etmədiyini, cavabdehin yenidən nikaha daxil olmasını, həmin nikahdan başqa övladının olmasını nəzərə alır və hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6820/2017 nömrəli qətnaməsi ilə müəyyən edilən alimentin tutulma üsulu və məbləği dəyişdirilməli, hər ay cavabdehdən 246 manat sabit pul məbləğində aliment tutulmalıdır.
25. Məhkəmə bu qənaətə gəlir ki, 246 manat məbləğdə alimentin tutulması, həm cavabdehin maddi vəziyyətinə, həm də uşağın əvvəlki təminat səviyyəsinə uyğundur.
26. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
27. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0,615 misli həddində müəyyən edilməlidir.
28. Cavabdehin etiraz ərizəsində göstərdiklərinə münasibətdə məhkəmə iddiaçının ikinci nikahdan olan övladına qarşı maddi və mənəvi öhdəliklər daşıdığını qəbul edir və bu halı Ailə Məcəlləsinin 112-ci maddəsi kontekstində qiymətləndirir. Bununla belə valideynin öhdəlikləri qarşısında seçim etmək və bir uşağın qanunla təsbit edilmiş minimum təminat hüququnu digər uşağın təminatı hesabına pozmaq yolverilməzdir. Hər iki uşaq bərabər hüquqlara malikdir və cavabdehin vəzifəsi hər iki uşağın ehtiyaclarını qarşılamaq üçün öz gəlirlərini və resurslarını səmərəli şəkildə idarə etməkdir. Cavabdeh tərəfindən təklif edilən məbləğ uşağı qanunla müəyyən edilmiş yaşayış minimumundan belə məhrum edir ki, bu da maraqların balanslaşdırılması deyil, birbaşa olaraq uşağın hüquqlarının pozulması demək olardı. Həmçinin, cavabdeh 8 il ərzində inflyasiyadan və artan qiymətlərdən xəbərdar olmasına baxmayaraq, könüllü şəkildə aliment məbləğini artırmamış, bu “yükü” tamamilə iddiaçının üzərinə qoymuş, uşağın təminat səviyyəsi illər ərzində azalmışdır. Həmçinin, ailə qanunvericiliyinin tələbinə əsasən alimentin sabit pul məbləğində və ya qazancın (başqa gəlirlərin) müəyyən hissəsi miqdarında tutulmasını tələb etmək iddiaçının müstəsna hüququdur. Hazırda iddiaçının tələbi alimentin sabit pul məbləğində müəyyən edilməsi yönündə olduğundan cavabdehin etirazı əsassızdır.
29. Beləliklə, iddia qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6820/2017 nömrəli qətnaməsi ilə müəyyən edilən alimentin tutulma üsulu və məbləği dəyişdirilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Məlikova (Baxışova) Aynurə Vəzirxan qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalı, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir.
Nəticə hissəsi:
30. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6820/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma üsulu və məbləği dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Məlikova (Baxışova) Aynurə Vəzirxan qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva