Məhkəmə qərarları › İş №2(060)-6969/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6969/2024

24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6969/2024 24.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 7912/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilərək Cavabdeh birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında tutulması, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 4913/2023 saylı, xx.xx.2023-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci ildə Sumqayıt şəhər “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 7912/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cu il tarixli, MŞS/MT030/2023-01242 saylı barışıq sazişi təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün maraqlı şəxs Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq ərizəçi İddiaçı xeyrinə verilməsi qət olunmuşdur. Hal-hazırda təyin olunmuş alimentlə uşaqlarını saxlamağa çətinlik çəkir. Cavabdeh isə əlavə olaraq heç bir köməklik etmir. Onda olan məlumata görə cavabdeh işləyir, aylıq gəliri yüksəkdir. Övladlarının böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqlarının menafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Uşaqların qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi nəzərdə tutulan müddət «uşağı saxlamaq» anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən icra edilməlidir. Valideynlərin uşağını saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanın olub-olmamasından asılı deyildir. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, mediasiya sessiyasına gəlməmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Sumqayıt şəhəri Mediasiya Mərkəzinin mediatoru X2 tərəfindən MŞS/MT030/-2024-01681 № li, xx.xx.2024cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Hal-hazırda işləmir, buna qədər ki, alimenti də valideynləri ödəmişdir. Onlar cehizləri çıxardarkən də onlara aliment ödəməyə vəsaiti olmadığını bildirmişdir.

Tədqiq olunan sübutlar:

5. AZ-İV 127347 və AZ-T 255130 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2018-ci ildə, X4 xx.xx.2022-ci ildə anadan olmuşdurlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-4913/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci ildə Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2(060)-7912/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01242 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün maraqlı şəxs Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq ərizəçi İddiaçı xeyrinə verilməsi, maraqlı şəxs Cavabdeh 100 manat dövlət rüsumu tutularaq ərizəçi İddiaçı ödənilməsi qət edilmişdir.

8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt xərci ödəmişdir.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, cavabdehi dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

17. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində.

18. İş materiallarından görünür ki, tərəflər arasında barışıq sazişi bağlanmış, onlar öz aralarında iki uşağa görə alimentin 440 manat məbləğində müəyyən edilməsi ilə bağlı razılaşmışlar. Həmin saziş icra olunmadığından iddiaçının müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2(060)-7912/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01242 saylı barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir.

19. Hazırda iddiaçı cavabdedən qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutulub ona ödənilməsini xahiş edir. Belə ki, o, alimentin miqdarının dəyişdirilməsini müəyyənləşdirilmiş aliment məbləğlərinin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir.

20. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

21. Alimentin sabit pul məbləğində və ya gəlirin bir hissəsi miqdarında tutulmasını qanunvericilik xeyrinə aliment tutulan şəxsin seçimindən aslı etmişdir. Hazırki halda tərəflər arasında alimentin sabit pul məbləğində tutulması ilə bağlı razılaşmanın olmasına baxmayaraq, iddiaçının uşaqların ehtiyaclarının artmasına görə alimentin məbləğinin hissəvi müəyyən edilməsi ilə bağlı tələbini məhkəmə alimentin miqdarının artırılması kimi qiymətləndirir və hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

22. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi miqdarında tutulmasına dair tələbi əsaslıdır.

23. Alimentin miqdarına gəlincə məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehin iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Qanunverilikdə iki uşağa görə qazancın 1/3 hissəsi miqdarında alimentin tutulması təsbit edilmişdir. Eyni zamanda həmin məbləğin məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilməsinin mümkünküyü təsbit edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, alimentin miqdarı cavabdehin qazancının 1/3 hissəsi miqdarında tutulmalıdır.

24. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

25. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt xərci ödəmişdir.

26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci cavabdehdən alınaraq ona ödənilməlidir.

27. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutulmalıdır.

Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən hesablansın. Cavabdeh dövlət rüsumu qismində 50 (əlli) manat və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar