Məhkəmə qərarları › İş №2(060)-6982/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6982/2021

10.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6982/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 22.12.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12857/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 25.09.2017-ci il tarixli, 2(060)-12857/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 22.12.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.08.2017-ci il tarixdən başlayaraq hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Hazırda bu məbləğ uşağın saxlanması üçün kifayət deyildir. Buna görə də alimentin miqdarının artırılmasına zərurət yaranmışdır, iddiaçı bu səbəbdən də məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, tərəflər arasında rəsmi nikah olmayıb. Uşağa atalıq verilib. Cavabdeh Cəlilabad rayonunda müəllim kimi işləyir. İddiaçı heç bir yerdə işləmir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı 15.11.1983-cü ildə anadan olmuş, hazırda Sumqayıt SKZ-nın 2 saylı yataqxanasında yaşayır. Cavabdeh xx.xx.1983-cü ildə anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatdadır. Yetkinlik yaşına çatmayan uşağın doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X2 22.12.2009-cu ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12857/2017 saylı, 25.09.2017-ci il tarixli qətnaməsi ilə 22.12.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.08.2017-ci il tarixdən başlayaraq hər ay 136,60 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). İddiaçı “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsinə əsaslanaraq cavabdehdən həmin məbləğdə aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının qazancını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12857/2017 saylı, 25.09.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2021-ci il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22.12.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12857/2017 saylı, 25.09.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar