Məhkəmə qərarları › İş №2(060)-6989/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6989/2022

21.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6989/2022 21.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-oğlu Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsiniə müraciət edərək Cavabdeh 53000 (əlli üç min) ABŞ dolları pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 53000 (əlli üç min) ABŞ dolları pulun və əlavə olaraq Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 400 kv.metr torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş tikiliyə çəkilmiş xərclərin əvəzi olaraq 250000 (iki yüz əlli min) manatın əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci ildə Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 600 kv.metr torpaq sahəsini ilə Cavabdeh 80000 (səksən min) ABŞ dolarına almaq barədə razılığa gəlmişdir. İlkin olaraq İddiaçı cavabdehə 20000 (iyirmi min) ABŞ dolları vermiş, sonra isə ayrı-ayrı vaxtlarda hissə-hissə pullar vermişdir ki, ümumilikdə bu məbləğ 53000 (əlli üç min) ABŞ dolları təşkil etmişdir. Cavabdeh iddiaçıya vəd etmişdir ki, satdığı torpaq sahəsi onun adına qərarla ayrılmış 5 ha torpaq sahəsinin daxilində yerləşir, qeyd edilən torpaq sahəsini tezliklə özəlləşdirəcək və razılaşdıqları kimi həmin torpaqdan 600 kv.metrlik hissəni rəsmi alqı-satqı müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirəcək, iddiaçı bu rəsmiləşdirmədən sonra qalan məbləği ona verəcəkdir. Qeyd edilən razılaşmadan sonra iddiaçı həmin torpaq sahəsində öz vəsaiti hesabına sexlər inşa etmişdir. Lakin 14 ildən çox vaxt keçməsinə baxmayaraq cavabdeh verdiyi sözü tutmamışdır. Buna baxmayaraq cavabdeh iddiaçıdan qalan məbləği tələb etmişdir. Məbləği verəcəyi halda sənədləşdirmə məsələsinin hansı yerdə qalacağını soruşduqda cavabdeh icarə müqaviləsi bağlayaraq öz sahəsini özəlləşdirməsini iddiaçıya təklif etmişdir. İddiaçının sənədləşdirmə işindən anlayışı olduğundan bu qaydada istifadəsində olan torpaq sahəsini sənədləşdirə bilməyəcəyini anlamışdır. Hər bir halda onun istifadəsində olan torpaq sahəsi ilkin torpaq ayırma sənədi əsasında özəlləşdirilməlidir ki, onlar notariat qaydasında müqaviləni rəsmiləşdirə bilsinlər. Bu səbəbdən cavabdehlə aralarında mübahisə yaranmışdır. Cavabdeh sexlərdə işləyən işçilərə təzyiq edir, onları mütəmadi təhdid edir. İddiaçı tərəfindən polisə müraciət edilsə də, mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göründüyü kimi iddiaçının hüquqları pozulmuşdur. Cavabdeh isə pozulmuş hüquqların bərpası üçün hər hansı bir addım atmır. Bununla yanaşı iş üzrə Cavabdeh vaxtilə faktiki alqı-satqı müqaviləsi ilə iddiaçıya satdığı torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş tikilini ələ keçirmək istəyir. Bununla belə cavabdeh həmin tikililərdən istifadəni mümkünsüz edir. Həmin tikilinin 14 il bundan əvvəl inşa edilməsinə, bu zaman ərzində saxlanılmasına və təmirinə çəkilmiş xərclər də həmçinin nəzərə alınmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Hesab edir ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 400 kv.metr torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş və hazırda mövcud olan tikililərə görə cavabdeh tərəfindən iddiaçıya 250000 manat pul ödənilməlidir. Sözügedən əmlakın dəqiq dəyərinin müəyyən olunması üçün ekspertiza təyin olunması barədə qərar qəbul edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsiniə müraciət edərək cavabdehin ilkin iddiasının rədd edilməsi, cavabdeh İddiaçı 127200 manat əsas borc və 4492,8 manat dəbbə pulunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiada qeyd olunan məlumatlar doğruluğu əks elətdirmir və iddia üzrə tələbin heç bir qanuni əsası yoxdur. Bildirir ki, 2008-ci ilin may ayında"xxxx" QSC-nin Bakı filialının direktoru olaraq İsmayılov X9 Ramazanovla güzəştli qiymətlə uzun müddətli, əvvəlcədən ödəmək şərti ilə 600 kv. Metr sahəsi olan kommersiya obyektini icarəyə vermək haqqında razılaşmışdır. Həmin Razılaşmaya əsasən M. Ramazanov əvvəlcədən 62400 manat (80 000 - ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrdə Cəmiyyət tərəfindən təqdim olunmuş torpaq və tikinti sahələrinin icarə üzrə qiyməti 1 kv. metr üçün 3-5 manat təşkil etmişdir. Lakin həmin razılaşma əsasında İddiaçı 1kv. metr üçün 1 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 2008-ci il tarixdə razılaşdırılmış məbləğin cəmi 41340 manat olan hissəsini ödəmişdir. Sonradan isə qalan 21060 manat ödəməmiş və əvəzində isə müxtəlif bəhanələr gətirərək həmin dövrdə bu məbləği ödəyə bilməyəcəyini bildirmişdir. İddiaçı həmin 600 kv. metr sahəni müxtəlif icarədarlara hər bir kvadrat metrini 3-5 manat icarəyə verərək gəlir əldə etsə də razılaşma əsasında yaranan borc öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Orta hesabla cavabdeh ayda 2000-2500 manat gəlir əldə etmişdir. Bildirdi ki, cavabdehin təyin etdiyi icarədarların icarə müqaviləsi cəmiyyətlə olduğundan mənfəət, torpaq və digər əmlak vergiləri şirkət tərəfindən ödənilmiş, bu da öz növbəsinbdə Cəmiyyət üçün əlavə 500-550 manat xərc etməyinə səbəb idi, halbuki həmin xərclərin ödənilməsini İddiaçı ilkin razılaşma əsasında özü ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin güzəştli şərtlərlə icarə əsasında ödədiyi 41340 manat icarə haqqının müddəti 2014-cü ilin yanvar ayında bitmişdir. Həmin kommersiya sahəsini cavabdehdən təhvil verərək geri qaytarmasını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirmiş və əməkdaşlara hədə-qorxu gələrək oranı təhvil verməkdən imtina etmişdir. Hal-hazırda razılaşmaya əsasən Cavabdehin xx.xx.2022-ci il tarixədək 57200 manat, icarə və dövlət və digər vergiləri nəzərə almaqla 70000 manat borc öhdəliyi yaranmışdır. Borc məbləği ümumi 127200 manat təşkil edir. Bununla yanaşı borc öhdəliyini yerinə yetirmədiyinə görə və Bank uçot dərəcəsinin 7.8 əmsalında olmasını nəzərə alarq illik 561,6 manat dəbbə və 8 il ödəniş olmadığını nəzərə alaraq 4492,8 manat dəbbə pulu cavabdeh tərəfindən ödənilməlidir. TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclasında iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etmədi. Bildirdi ki, 2006-cı ildə kafe tikdirmiş, həmin kafenin qarşısındakı torpaq sahəsi abad vəziyyətdə olmadığı üçün oranı abadlaşdırmaq qərarına gəlmişdir. Bununla əlaqədar həmi torpağın sahibi kimi tanıdığı cavabdehlə danışmış, cavabdeh torpağın 1 sotunu ona 15000 ABŞ dolları olmaqla 6 sot torpaq sahəsini ona 90000 ABŞ dollarına sata biləcəyini qeyd etmiş, lakin müəyyən danışıqlardan sonra torpağın 6 sotunu (600 kv. m) ona 80000 ABŞ dollarına satılması barədə razılaşmışdır. Danışıq belə olmuşdur ki, o cavabdehə qısa müddət ərzində 80000 ABŞ dollarının böyük hissəsini ödəyəcək, cavabdeh isə torpaq sahəsini onun adına alqısatqı edərək rəsmiləşdirəcək, belə ki, cavabdehin bildirdiyinə əsasən həmin zaman torpaq sahəsinə dair mülkiyyət hüquqları olamamışdır. Bundan sonra o, Cavabdeh ilk dəfə xx.xx.2008-ci il tarixdə 20000 (iyirmi min) ABŞ dolları, daha sonra xx.xx.2008-ci il tarixdə 3000 (üç min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 7000 (yeddi min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 4000 (dörd min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 9000 (doqquz min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 10000 (on min) ABŞ dolları olmaqla ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları ödəniş etmişdir. Cavabdeh torpağı özəlləşdirib çıxarış alacağını bildirsə də, sənəd hazır olmadığından 27000 ABŞ dollarını danışıqlarına əsasən ödəməmişdir. Cavabdehdən həmin torpaq sahəsinin cavabdehə aid olmasını təsdiq edən sənəd təqdim etməsini istəməmişdir. Çünki bir çox şəxs həmin torpaq sahəsinin cavabdehə məxsus olduğunu bilmiş, ona inanmışdır. Qeyd edilən ərazi bataqlıq ərazi olmuş, 2008-2009-cu illərdə həmin əraziyə 100 maşınadək şlak tökdürərək, həmin ərazini qurutmuş və üzərində öz vsaiti hesabına 10x40 mt ölçüdə qeyri-yaşayış sahəsi tikərək digər şəxslərə icarəyə vermişdir. Cavabdeh ona bələdiyyəyə icarə haqqı və vergilər verdiyini bildirmişdir. Bununla əlaqədar cavabdehlə bu növ xərclər üçün aylıq 120 manat ödəniş etməsi barədə razılığa gəlmişlər. Bu ödənişi 2022-ci ilin yaz aylarına qədər ödəmişdir. 2022-ci ilin yaz aylarında cavabdeh 80000 ABŞ dollarından ödənilməmiş 27000 ABŞ dolları qalıq vəsaiti tələb etmiş, bundan sonra aralarında mübahisə yaranmışdır. İddiaçı Məhkəmə tərəfindən ona ünvanlanan suallara cavab verərək bildirdi ki, cavabdehdən aldığı torpaq sahəsində tikinti işlərinə 2008-ci ildə başlamışdır, tikinti tikmək üçün hər hansı bir sənədləşmə aprılmamış, müvafiq qurumlardan razılıqlar alınmamışdır, 2009-cu ildə isə həmin tikinti işlərini bitirmişdir. Tikintinin 20008-2009-cu illərdə tikilməsi barədə Google Earth görüntülərini də Məhkəməyə təqdim edir. Torpaq sahəsində tikdiyi qeyri-yaşayış sahələrini icarəyə vermiş, həmin icarə əsasında aldığı haqq əvvəl ayda 400- 500 manat arası, daha sonra isə ayda 700-800 manat arası təşkil etmişdir, həmin icarə haqqından hər ay 120 manatı vergi və digər xərclər üçün cavabdehə ödəniş etmişdir. 2009-cu ildən 2022-ci ilədək cavabdehdən torpağın sənədləşməsini tələb etmədiyini onunla izah edir ki, həmin ərazidə inşa etdiyi sahələrdən sərbəst istifadə etmiş və cavabdeh tərəfindən ərazidən çıxması barədə iddialar və maneələr olmamışdır, hərdəfə hesab etmişdir ki, cavabdeh torpağı onun adına sənəndləşdircək və o da, cavabdehə qalan 27000 ABŞ dollarına ödəyəcək, lakin 2022-ci ilin əvvəllərində cavabdeh və oğlu ona təzyiqlər göstərərək ərazidən çıxmasını və ya 27000 ABŞ dollarına tələb etmişlər, belə olduğu halda hüquqlarının pozulduğunu və cavabdeh tərəfindən aldadıldığını görərək Məhkəməyə müraciət etmişdir. Məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsioğlu Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə etdi. Əvvəlki izahatında bildirdi ki, atası Cavabdeh rəhbəri olduğu "xxxx" QTSC ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında 2003-cü ildə bağlanmış icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsi QTSC-nin bakı filialına icarəyə verilmişdir. Bundan sonra atası İddiaçı ilə 2008-ci ildə aralarında güzəştli şərtlərlə (1 kv.metr-0,80 AZN) olmaqla uzunmüddətli, əvvəlcədən ödəmək şərtilə 6 sot sahəsi olan kommersiya obyektini icarəyə vermək haqqında razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən İddiaçı əvvəlcədən 80000 ABŞ dollarını ödəməyi öhdəsinə götürmüşdür ki, hər ay icarə haqqı depozut kimi ödənilmiş həmin 80000 ABŞ dollarından çıxılsın, İddiaçı VÖEN-i olmadığı üçün müqaviləni rəsmiləşdirə bilməmişlər, yalnız şifahi razılaşmışlar. Mürvət həmin məbləğdən 53000 ABŞ dollarını ödəmişdir. Ödənilən 53000 ABŞ dolları puldan hər ay 480 manat çıxılmış və həmin depozit qurtardıqdan sonra Ramazanov müəyyən bəhanələrlə ödəniş etməmişdir, bundan sonra pandemiya ilə əlaqədar Mürvətin orada icarəsiz işləməyinə mane olmamışlar, belə ki, həmin ərazidə obyektin boşalması, onların həmin ərazidə olan digər obytektlərinin icarə dəyərinin düşməsinə gətirib çıxara bilərdi. Pandemiya başa çatdıqdan sonra Mürvətdən icarə haqqı tələb etsələrdə sonuncu bunu verməmiş və ona görədə, Mürvəti həmin sahədən çıxarmağa çalışmışlar. Qeyri-yaşayış sahələri o cümlədən mübahisəli sahə 2003-2004-cü illərdə atası tərəfindən inşa edilmişdir. İnşaata QTSC-nin əməkdaşı Mükafat müəllim rəhbərlik etdiyindən, həmin inşaatda işləyən usta, fəhlə və təhcizatçıları tanımırlar, Mükafat müəllimin özü isə, həm xəstəliyi, həm də, ailə vəziyyəti ilə əlaqədar hazırki işdə şahid qismində iştirak edə bilmir. Cavabdeh nümayəndəsi-oğlu Nümayəndə sonrakı izahatında qeyd etmişdir ki, əvvəlcə Ramazanovla uzun müddətli icarə müqaviləsi bağlamaq barədə razılaşmaları olmuşdur, lakin Ramazanovun VÖEN-i olmadığı üçün bunu edə bilmədikdən sonra sonuncunun 53000 ABŞ dollarını qaytarmamaqlarının səbəbi o olmuşdur ki, həmin vəsaiti "xxxx" QTSC-nin Bakı filialı həmin ərazidə olan qeyri-yaşayış sahələrinin ətrafını və şəhərin həmin yerlərə yaxın ərazilərinin abadlaşdırılmasına xərcləmişlər. Ramazanovun pulu qaytara bilmədikləri üçün hazırda mübahisəsi gedən ərazini onun istifadəsinə vermişlər ki, sonuncu həmin ərazini icarəyə verməklə əldə etdiyi vəsait onlara ödədiyi 53000 ABŞ dollarının hissə-hissə qaytarılması kimi qəbul edilsin. Bununla yanaşı vəsatət verərək ilkin iddia üzrə iddia müddəti keçdiyi üçün ilkin iddianın əsaslı olub olmamasından asılı olmayaraq rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etdi. ŞAHİDLƏRİN İFADƏLƏRİ: Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, İddiaçı tanıyır, Cavabdeh isə şəxsən tanımasa da görmüşdür. Bir neçə il əvvəl işlərinin böyüməsi ilə bağlı anbar lazım olduğundan Mürvətdən 15x40 ölçüdə tikili inşa etməsini xahiş etmişdir. Həmin tikilidən sex kimi istifadə etməyi nəzərdə tutsa da, sonradan həmin tikilinin sənədsiz olduğunu görüb anbar kimi istifadə etmişdir. İddiaçı bu yeri necə əldə etdiyini soruşmuşdur, o, Cavabdeh pul verərək aldığını bildirmişdir. Tikilidən anbar kimi istifadə etdiyi üçün icarə haqqı kimi İddiaçı əvvəllər 50 ABŞ dolları, 3 il sonra isə 100 ABŞ dolları ödəmişdir. Bildirdi ki, tikilidən anbar kimi 2009-cu ildən təxmini 2016-cı ilədək istifadə etmiş, 2016-cı ildən sonra isə artıq sexi bağladığı üçün anbar kimi istifadə etməyinə ehtiyac olmamışdır. İddiaçıla Cavabdeh arasında məhkəmə mübahisəsinin olduğunu təzəlikcə eşitdiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, təxminən 10 il əvvəl İddiaçı moyka yeri düzəltdikdə, həmin yeri qreyderlə yaymışdır. O, ancaq moykanın yerini düzəltmiş, Cavabdeh görməmişdir. Bildirdi ki, daimi tikinti bazarında olmamış, fərdi qaydada fəaliyyət göstəmişdir. İddiaçıla arasında müqavilə olmamış, İddiaçı ona zəhmət haqqı olaraq ödədiyi məbləği təsdiq edən ödəniş qəbzinin də olmadığını qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, bazarda işləyir, həm İddiaçı, həm də Cavabdeh tanıyır. İşlədiyi bazar tərəfdə İddiaçı yeməkxanası var. İddiaçı böyük məbləğdə pul verərək Cavabdeh yer alacağını, həmin yerdə bokslar (qeyri-yaşayış sahəsi) tikdirəcəyini söyləmişdir. Mürvətin aldığı yer boş olmuş, sonradan Mürvət həmin yeri düzəldərək bokslar tikmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, İddiaçı tanıyır. İddiaçı yararsız torpaq sahəsi almışdır. 2008-ci ildə briqadir kimi həmin sahədə eni 10 metr, uzunluğu 40 metr olmaqla obyektin tikintisinə başlamışlar, 2009-cu ildə tikintini başa vuraraq təhvil vermişdir. Briqadir kimi tikinti işləri zamanı İddiaçı onların yemək ehtiyacı və zəhmət haqlarını ödəmişdir. Tikinti işləri görərkən Cavabdeh görməmiş, onunla hər-hansı iş birliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, İddiaçı tanıyır, Cavabdeh və Aqşini isə tanımır. Sumqayıtda taxta bazarı deyilən ərazidə mübahisəli yer bataqlıq ərazi olduğundan şlaqla doldurulmuş, 2008-2009-cu illərdə həmin yerdə eni 10 metr, uzunluğu 40 metr olmaqla obyekt tikilib İddiaçı təhvil verilmişdir. Tikinti işlərinə onu İddiaçı cəlb etmiş, orada usta kimi çalışmış, usta kimi hörgü və suvaq işləri ilə məşğul olmuşdur. İddiaçı zəhmət haqlarını nağd şəkildə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, İddiaçı tanıyır, münasibəti yaxşıdır, Cavabdeh isə tanımır, sadəcə adını eşitmişdir. Bildirdi ki, Mürvətlə BT-də (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində) bir yerdə işləmişlər, mübahisəli yerin yerləşdiyi ərazinin yaxınlışında yeməkxana olmuş, onlar günorta, bəzən də axşam yeməyinə ora getmişlər. Mürvət hazırki mübahisəli yeri Cavabdeh alıb obyekt tikəcəyini bildirmiş, Mürvətə bunun lazımsız olduğunu söyləmişlər. Qeyd etdi ki, tikilinin yerləşdiyi yer, demək olar ki, bataqlıq olmuş, həmin tikilinin inşa edilməsində əsas məqsəd dondurma sexinin tikilməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, Cavabdeh tanıyır, İddiaçı isə görmüşdür, hər ikisi ilə münasibəti normaldır. 2003-2011-ci illərdə "xxxx" QSC-nin hüquqşünası vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində işləmişdir. Bir gün İddiaçı Cavabdeh yanına gəlib ona icarəyə yer verməsini istəmişdir. Hazırki mübahisəli tikili də 2003-cü ildən yarıtikili vəziyyətdə olmuş və tavanı qoyulandan sonra 2008-ci ildə həmin tikili İddiaçı güzəştli şərtlərlə 1 kvadrat metri 0,80 manat olmaqla icarəyə verilmişdir. Bildirdi ki, digər icarədarlarla isə icarə haqqı üzrə 1 kvadrat metrin qiyməti 2-5 manat arası təşkil edirdi, habelə Cavabdehlə İddiaçı şifahi şəkildə razılığa gəlmiş, onlar arasında müqavilə bağlanmamışdır. Onlar arasında razılığa əsasən, İddiaçı torpaq sahəsini 80000 ABŞ dolları məbləğinə almalı olmuş, lakin sonra İddiaçı etiraz etmişdir və nəticədə, belə razılığa gəlmişlər ki, həmin məbləğ İddiaçı icarədarlardan alacağı icarə haqqı ilə əvəzləşdirilsin. İddiaçı icarədarlardan icarə haqqını özü almış, habelə onun ilk icarədarı Rəvan adlı şəxs olmuşdur. İddiaçılə müqavilə bağlanılmamasının səbəbi onun VÖEN-nin olmaması olmuşdur, çünki o dövlət qulluqçusu kimi çalışırdı. İddiaçılə güzəştli şərtlərlə razılaşmağın səbəbi isə həmin vaxt müəssisənin vəsaitinin olmaması olmuşdur. Qeyd etdi ki, bələdiyyə vergilərini Cavabdeh vermiş, İddiaçı isə bələdiyyə vergiləri verib-verməməsi barədə məlumatlı deyildir. Kommunikasiya xətləri ümumi olmuş, elektrik enerjisini Cavabdeh çəkmiş və ondan istifadə nəticəsində yazılan pulu Cavabdeh ödəmişdir. Məhkəmə işdə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İŞ MATERİALLARİNDA OLAN: - İddiaçı tərəfindən təqdim edilmiş və Nümayəndə tərəfindən doğruluğu təsdiq edilmiş ödənişlə bağlı məlumat vərəqələrindən görünür ki, Ramazanov X2 Yasin Teymur oğluna ilk dəfə xx.xx.2008-ci il tarixdə 20000 (iyirmi min) ABŞ dolları, daha sonra xx.xx.2008-ci il tarixdə 3000 (üç min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 7000 (yeddi min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 4000 (dörd min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 9000 (doqquz min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 10000 (on min) ABŞ dolları olmaqla ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları ödəniş etmişdir. - xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, aparılmış təhqiqat zamanı Cavabdeh izahatında göstərmişdir ki, Rusiya Federasiyasının təsis etdiyi "xxxx" QSC-nin Bakı filialının direktoru işləyir. Həmin cəmiyyət 1995-ci ildən 100 % xarici investir kimi qeydiyyatdan keçmişdir. Həmin cəmiyyətin Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsini Sumqayıt bələdiyyəsindən 2003-cü ildə 99 illiyə icarəyə götürmüşdür. xx.xx.2008ci il tarixdə o rəhbəri olduğu cəmiyyətin balansında olan torpaq sahəsindən İddiaçı 600m2 obyekt kimi işlətmək məqsədi ilə uzun müddətli güzəştli qiymətlə, yəni hər hər kvadrat metri 0,8 manata olmaqla icarəyə vermişdir. Mürvət 3 ay ərzində ona verməli olduğu 62000 manatdan 43000 manatını ödəmişdir. Qalan pulu isə ödəməsi ilə bağlı şifahi öhtəlik götürmüşdür. Mürvət ondan icarəyə götürdüyü həmin yeri başqa şəxslərə ayda 1000-2500 arası manata icarəyə vermişdir. Lakin həmin yerin icarə müqaviləsi onun adına olduğu üçün həmin icarə haqqının əmlakı, mənfəət, torpaq və digər vergiləri rəhbəri olduğu cəmiyyətə gələmişdir. Demək olar ki, hər ay 700-800 manat məbləğində cəmiyyət - Mürvətin icarəyə götürdüyü yerdə tikdiyi sexlərə görə vergi ödəmişdir, cəmiyyətin bu vergi ödəməsi hazıradək davam edir, cəmiyyət tərəfindən həmin obyektə görə vergi xərcləri 15 il ərzində 100.000 manata yaxın olmuşdur. Təxminən 1 ay əvvəl o Mürvətə onun əvəzinə cəmiyyət tərəfindən vergi pulu ödədiyini deyib cəmiyyətə olan borcunu verməsini, yada həmin yerdə olan icarədarlardan pul almamasını, həmin pulun cəmiyyətə ödənilməsni bildirmişdir. Mürvət isə onunla razılaşmamışdır və ona həmin torpaq sahəsini və obyektləri ona satdığını demişdir. O da Mürvətə izah etmişdir ki, o həmin yeri Mürvətə icarəyə vermişdir, satmağa icazəsi yoxdur. Mürvətdən aldığı həmin pulu da icarə haqqı olaraq almışdır. O bir daha qeyd etmişdir ki, Mürvət il yadında deyil, ona cəmi bir il 120 manatdan hansısa verginin pulunu ödəmişdir. Mürvət onu hədələməyə başlamışdır, həmin yeri ona verməyəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə cəmiyyətinin sahəsinin sərhəddində olan daş hasarın 15-17 metr hissəsini Mürvətin adını bilmədiyi oğlu 2-3 nəfər şəxslə bir yerdə gecə vaxtlarında sökmüşdür. O də bu barədə Mürvətə dedikdə Mürvət ona yaxşı etdiyini demişdir. O da məcbur olub bu barədə şikayət etmişdir. Divarın sökülməsi ilə bağlı cəmiyyətə 600 manat maddi ziyan vurulmuşdur. O da bu barədə şikayət etmişdir. xx.xx.2022-ci il tarixdə o həmin tikilini təkrar tikdirmişdir, həmin gecə Mürvət yenə də həmin tiklini sökmüşdür. Hadisə nəticəsində bu dəfə ona 300 manat maddi ziyan dəymişdir. - xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, təhqiqat zamanı Abşeron rayonu Saray qəsəbəsi Bəhlulzadə küçəsi ev 24-də yaşayan İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh 2006-cı ildən tanıyır, aralarında həmişə yaxşı münasibət olmuşdur, dava-dalaş olmamışdır. Yasinin Rusiya Federasiyasının təsis etdiyi "xxxx" QSC-nin Bakı filialının direktoru işlədiyini bilir. 2008-ci ilin may ayında o Sumqayıt şəhəri 52-ci məhəllədə yerləşən yeməkxananın qarşısında olan Yasinin deməsinə görə icarə müqaviləsinə əsasən ona məxsus olan bataqlıq torpaq sahəsindən 6 sot torpaq sahəsini Yasindən istəmişdir. Yasində ona həmin 6 sot sahəni 80000 ABŞ dollarına satacağına razı olmuşdur. Həmin vaxtda o həmin yerdə ilkin olaraq beh kimi Yasinə 20000 ABŞ dolları pul vermişdir. Bundan sonra isə 4 ay müddətində Yasinə 33000 ABŞ dolları da vermişdir və buna dair aralarında sənədlər imzalamışlar və o həmin qəbzləri izahatına əlavə etmişdir. Həmin vaxtlarda Yasin ona demişdir ki, müəssəyə məxsus olan 5 ha sahəsini özəlləşdirir, yaxın günlərdə çıxarış alacaqdır. O da Yasinə çıxarış aldıqdan sonra satdığı həmin torpağın rəsmiləşməsi sənədlərini icra edərik, yəni həmin yeri onun adına sənədləşdirərlər, o da yerdə qalan 27000 ABŞ dollarını verər. Aralarında olan bu söhbətdən 14 il keçməsinə baxmayaraq Yasin 5 ha torpaq sahəsini özəlləşdirə bilməmişdir, o da ona görə Yasinə qalıq pulu verməmişdir. Təxminən 2 ay əvvəl Yasin ondan qalıq pulu istəmişdir, o da Yasinə satdığı torpağın sənədlərini düzəltdikdən sonra ona qalıq pulu verəcəyini demişdir, o bir daha edir ki, Yasindən aldığı həmin 6 sot torpaq sahəsini yararlı hala salaraq orada 400m2 sex tikmişdir və həmin sexləri bir müddət işlətdikdən sonra icarəyə vermişdir. Həmin vaxtlarda Yasin ona həmin sexlərə görə icarə haqqı olaraq vergilər verməsini demişdir, o da təxminən 9-10 il müddətində hər ay 120 manat olmaqla Yasinə vergi pulu vermişdir. Yasinlə onun mübahisəsi Yasin ondan qalıq pulu istədikdən sonra başlamışdır. Həmin vaxtdan sonra Yasinin 2 oğlu və adlarını bilmədiyi bir neçə adamı sexi işlədən işçilərin yanına gələrək onlara həmin gündən icarə haqqını o şəxslərə verəcəklərini demişlər. O da bunu bilib bununla razılaşmadıqda Yasin onun tikdirdiyi və icarəyə verdiyi sexlərin qarşısından iki kubik hündürü 20 metr enində hasar tikdirmişdir və onun sexinə gedən yolu kəsmişdir. O da bu barədə DİN-nin 102 XZMS-nə zəng edərək məlumat vermişdir, polisə ərizələr yazmışdır və bildirmişdir ki, Yasin özbaşına tikili aparır, buna baxmayaraq polis tərəfindən Yasinin barəsində hər hansı bir formada tədbir görülməmişdir, Yasin 20 metr uzunluğunda 2 kubik daşı hündüründə tikilini davam etdirmişdir. Belə olduqda o Yasinin hasarı tikdiyi gündə, yəni xx.xx.2022-ci il tarixdə saat 22 radələrində əlinə lom alıb tək başına həmin tikilini sökmüşdür. Həmin günün səhəri Yasinlə onun kafesinin qarşısında qarşılaşmışlar, Yasin ona tikilini sökdünmü demişdir, o da Yasinə sökdüm, yeknə tiksə yenədə sökəcəm demişdir. Yasində ona həmin yerin və tikilinin dövlətə məxsus olduğunu, buna görə onu tutduracağını demişdir. Həmin vaxt onların arasında hansı bir dava-dalaş olmamışdır. xx.xx.2022-ci il tarixdə Yasin yenə də həmin tikilini tikdirmişdir, o da həmin gecə tikilini sökmüşdür. - Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli Qərarına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi "xxxx" QSC-nin Bakı filialına 99 il müddətinə icarəyə verilməlidir. - 26 noyabr 2004-cü il tarixli, 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi "xxxx" QSC-nin Bakı Filialına 25 il müddətinə icarəyə verilmişdir. - S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən sex binasının inşası zamanı tikinti-quraşdırma işləri layihə əsasında sərf edilmiş tikinti materiallarının bazar qiyməti 129537,799 manat təşkil edir. İlkin iddia üzrə - TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi - 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.7. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri Əsassız varlanmadır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. İlkin iddia üzrə MƏHKƏMƏNİN MÖVQEYİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2006-2007-ci illərdə tanış olmuşlar. İddiaçı Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən kafeyə sahiblik etmiş, Cavabdeh isə həmin ərazidə fəaliyyət göstərən "xxxx" QTSC-nin Bakı filialının rəhbəridir. Sumqayıt şəhər Bələdiyyəsi Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsini, həmin ərazini subicarəyə vermək hüququ olmadan 99 il müddətinə "xxxx" QTSC-nin Bakı filialına icarəyə vermişdir. QTSC-nin rəhbəri qeyd edilən torpaq sahəsinə dair heç bir sərəncam vermək hüququ olmadan, yəni Sumqayıt Şəhər Bələdiyyəsi və ya "xxxx" QTSC-nin bakı filialı tərəfindən ona belə səlahiyyət verilmədən, ətrafdakılara özünü həmin torpaq sahəsinə dair sərancam verə biləcəyi görüntüsü yaratmaqla, həmin torpaq sahəsinin 600 kv m hissəsini sənədləşdirərək İddiaçı 80000 ABŞ dollarına satmağı sonuncu ilə razılaşdıraraq, heç bir əsas olmadan ondan xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları vəsait almışdır. İddiaçı qalan 27000 ABŞ dolları vəsaiti torpaq sahəsinə dair adına rəsmiləşdirərkən ödəyəcəyini bildirmişdir. Bundan sonra İddiaçı 2008-2009-cu illərdə müvafiq qurumlardan tikintiyə heç bir razılıq almadan, yalnız Cavabdeh vədlərinə əsaslanaraq qeyd edilən 600 kv. m. torpaq sahəsi üzərində 400 kv m özbaşına tikili inşa etmişdir. Göründüyü kimi Cavabdeh heç bir əsası olmadan İddiaçı 53000 ABŞ dolları almaqla əsassız varlanmışdır. Odur ki, İddiaçı bu hissədə iddiası əsaslı olduğundan təmin edilməlidir. Tikintiyə çəkilmiş 250000 manat xərcin Cavabdeh tələb hissəsinə gəldikdə müəyyən edilir ki, İddiaçı həmin tikintini özbaşına tikinti kimi Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSC-nin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa etmişdir ki, bunun nəticəsində də Cavabdeh varlanmamışdır. Qanunvericiliyin normalarına əsasən İddiaçı Cavabdeh xərclərin əvəzinin ödənilməsini yalnız işlərin aparılması prosesində sonuncunun varlandığı halda tələb edə bilər. Odur ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 400 kv.metr torpaq sahəsində inşa edilmiş tikiliyə çəkilmiş xərclərin əvəzi olaraq 250000 (iki yüz əlli min) manatın əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsinə dair tələb rədd edilməlidir. Qarşılıqlı iddia üzrə - TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi- 100.1. Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu – 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Qarşılıqlı iddia üzrə MƏHKƏMƏNİN MÖVQEYİ: İddiaçı Cavabdeh 2008-ci ildə buna heç bir əsası olmadan, Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən "xxxx" QTSC-nin Bakı filialına icarəyə verilmiş Sumqayıt şəhəri 53cü məhəllədə yerləşən 5 ha torpaq sahəsinin 600 kv m hissəsini əvvəldən tanıdığı İddiaçı adına rəsmiləşdirilməsinə söz verərək sonuncudan 53000 ABŞ dolları vəsait almışdır. Cavabdeh torpaq sahəsini və həmin zamann artıq sahənin üzərində olan 400 kv m tikilini kv m 0,80 manat olmaqla İddiaçı uzunmüddətli icarəyə verdiyini və bunun müqabilində Ramazanovdan əvvəldən 53000 ABŞ dolları aldığını bildirsə də Məhkəmə onun göstərdiklərini ağlabatan hesab etmir. Belə ki, mübahisəli torpaq sahəsinin üzərində tikililərin 2008-2009-cü illərdə məhz İddiaçı tərəfindən inşa edilməsi, şahid ifadələri və dügər sübutlarla öz təsdiqini tapır. Cavabdeh tikilinin özü tərəfindən inşa edilməsinə dair hər hansı bir sübut təqdim edə bilmir. 600 kv m hər kv m 0,80 manata olmaqla hesablasaq aylıq icarə dəyəri 480 manat təşkil etməli idi, İddiaçı hər ay 480 manat ödəmək əvəzinə bir dəfəyə böyük məbləğ hesab edilən (480 manata nisbətdə) 53000 ABŞ dollarını Cavabdeh ödəyərək depozit kimi qəbul etməsini və hər ay həmin məbləğdən 480 manat çıxılmasına razılaşması ağlabatan hesab edilmir. Cavabdeh sonrakı qeyd etdiklərinə əsasən, o, Ramazanovdan 53000 ABŞ dolları alıb icarə müqaviləsi bağlamaq istəsə də sonuncun VÖEN-i olmadığından bunu edə bilməmələri və artıq 53000 ABŞ dollar tərəfindən israf edildiyi üçün mübahisəli sahədə olan tikilinin Ramazanovun istifadəsinə verərək sonuncunun həmin sahələri üçüncü şəxslərə ayda toplam olaraq 500-700 manat arası icarəyə verərək, həmin məbləğin Cavabdeh İddiaçı qaytarmalı olduğu 53000 ABŞ dolların çıxılmasına dair Cavabdeh göstərdiklərinə Məhkəmə tənqidi yanaşır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İsmayılovun istəyindən asılı olmayaraq mübahisəli torpaq sahəsini Ramazanova icarəyə verə biməz, ona görə ki, torpaq sahəsi nə İsmayılovun mülkiyyətində nədə ki, sonradan ikinci əl icarəyə vermək hüququ ilə icarəsində olmamışdır. Cavabdeh Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsinin 600 kv m hissəsinə heç bir hüququ olmadığından onun, cavabdeh İddiaçı icarə haqqı kimi tələb etdiyi 127200 manat əsas borc və 4492,8 manat dəbbə pulunun tutulmasına dair iddia tələbi rədd edilməlidir. Məhkəmə Cavabdeh nümayəndəsi Nümayəndə iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsinə dair ərizəsini araşdıraraq hesab edir ki, Nümayəndə istinad etdiyi Mülki Məcəllənin 373-cü maddəsi hazırki halda tətbiq edilə bilməz, belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. İddiaçı ilə cavabdehin hazırki mübahissəsi Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Bununla yanaşı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən - Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bu müddəa ilə əlaqədar Məhkəmə qeyd etməyi zəruri bilir ki, araşdırma zamanı müəyyən edilənlərə əsasən İddiaçı hüququ məlum olduğu vaxtdan iki müddət keçməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 53000 (əlli üç min) ABŞ dolları məbləğində vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə İddiaçı xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 127200 manat əsas borc və 4492,8 manat dəbbə borcunun tutulmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar