Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7001/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 01/506/19-T saylı 29 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 18 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı 01/506/19-T saylı 29 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/506/19-T saylı 29 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 1290,84 manat, dəbbə pulu 684,44 manat, cəmi 1975,28 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında 29 noyabr 2019-cu il tarixdə 01/506/19-T saylı Nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 3.250.84 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafıkinə müvafıq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 1290.84 manat, dəbbə pulu 684.44 manat olmaqla, cəmi 1975.28 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayara, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 272 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə bağlı qeyd etdi ki, İddiaçı MMC ilə onun arasında 29 noyabr 2019-cu il tarixdə 01/506/19-T saylı Nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Lakin müqavilə bağlanan zaman o, müqaviləni oxumamış və nəyə qol çəkdiyini başa düşməmişdir. Lakin sonra işdən çıxarılmış və ödənişlərini davam etdirə bilməmişdir. O, ancaq Tural adlı şəxsi tanıyır. Tural ona imkanı daxilində ödənişlər etməyi bildirib. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. . Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixdə 01/506/19-T saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən X3 İddiaçı MMC-dən qiyməti 3.250.84 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanı (sənəd və ləvazimatları ilə birlikdə) almışdır. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixdə 01/506/19-T saylı Nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, divardan asılan məişət qaz qazanı, 1 divardan asılan məişət qaz qazanı asqi seti, qaz requlyator, stabilizator optimal, polobarot vintil, qaz shlanqı, qaz vintil, radiator, radiator asqi seti, radiator vintil koshe, boru 25, dirsek 90*20 mm, dirsek 90*25 mm, kechid 25-20, mufta 25 mm, rekor 20 mm duz, boru 16 cin izolyaciya, troynik 25 mm, boru 16 sade unidelta, radiator vintil koshe 16, troynik 25-20 mmkimi texniki hissələrdən ibarətdir. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixdə 01/506/19-T saylı Nisyə alqı-satqı müqaviləsinə 2 nömrəli Əlavədən görünür ki, obyektin (divardan asılan məişət qaz qazanının) dəyəri 3250,84 manatdır. İş materiallarında olan 27.12.2019-cu il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, satıcı İddiaçı MMC tərəfindən divardan asılan məişət qaz qazanının onun texniki hissələri birlikdə alıcı X2 ünvan 1 ünvanında təhvil verilmişdir. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixdə 01/506/19-T saylı Nisyə alqısatqı müqaviləsinə əsasən cavabdehin İddiaçı MMC-yə 1290,84 AZN əsas, 684,44 AZN cərimə borcu yaranmışdır. İşdə olan 16.09.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə X2 yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 29 noyabr 2019cu il tarixdə 01/506/19-T saylı Nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı MMC sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X3 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, Nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə 16.09.2020-ci il tarixdə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış 1975,28 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 684,44 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 10 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 66% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 20 manatı cavabdehdən tutulmalı, 10 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 29 noyabr 2019-cu il tarixdə 01/506/19-T saylı Nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri olan 1290,84 (bir min iki yüz doxsan manat səksən dörd qəpik) manat, 10 (on) manat dəbbə pulu, cəmi 1300,84 (bir min üç yüz manat səksən dörd qəpik) manat və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7001/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7001/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver