Məhkəmə qərarları › İş №2(060)-7024/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7024/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7024/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 3109,34 manat əsas borc, 664,83 manat faiz borcu olmaqla, cəmi 3774,17 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 08.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə digər Cavabdeh1 arasında 08.02.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh2 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 28.07.2021-ci il tarixinə iddiaçıya 3109,34 manat əsas borc, 664,83 manat faiz borcu olmaqla, cəmi 3774,17 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, doğrudur, o, bankdan krediti 2019-cu ilin fevral ayının 8-də götürmüşdür. Əvvəllər o, ödənişləri də yerinə yetirirdi. Lakin sonradan pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimi ilə bağlı işləməmiş və ödənişləri edə bilməmişdir. Sonradan ödəniş etmək istəyəndə artıq iddiaçının məhkəməyə müraciət etməyini öyrənmiş və bu səbəblə ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh1 məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Cavabdeh1 xx.xx.1972-ci ildə, Yardımlı rayonunun Yardımlı kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 xx.xx.1972-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olmuş, hazırda Yardımlı rayonu, Alçabulaq kəndində qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 08.02.2019-cu il tarixli, 200840-391804/3 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 27 faizlə, 7000 manat kredit verilmişdir. Həmin kreditin cavabdehə verilməsini eyni tarixli kassa məxaric orderi təsdiq edir. İddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış 08.02.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərilərinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh 24 ay müddətinə hər ay 380,66 manat, sonuncu ay isə 380,71 manat ödəməli idi. 28.07.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə banka 3109,34 manat əsas borc, 664,83 manat faiz borcu olmaqla, cəmi 3774,17 manat borcu vardır və müqavilə üzrə gecikmə 415 gün təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı cavabdehə 21.12.2020-ci il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit öhdəliklərini yerinə yetirməmiş və 28.07.2021-ci il tarixinə banka iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.1.5-ci bəndinə əsasən borcalan borcu ödəniş cədvəlinə uyğun icra etmədikdə və ya faizlərin ödəniş cədvəlində müəyyən edilmiş ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödənilməməsi bankın kredit öhdəliyinin icrasının vaxtından əvvəl tələb etməsi üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh1 zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 3109,34 manat, faiz borcu üzrə 664,83 manat olmaqla, cəmi 3774 (üç min yeddi yüz yetmiş dörd) manat 17 (on yeddi) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar