Məhkəmə qərarları › İş №2(060)-7026/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7026/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7026/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 200840-756130/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər - Cavabdeh2 arasında 27 avqust 2019-cu il tarixli, 200840-756130/1 nömrəli və Cavabdeh3 arasında 27 avqust 2019-cu il tarixli, 200840- 756130/1/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazıminca icra etməmiş, kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. 28 iyul 2021-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 3045.79 manat məbləğində əsas borcu və 512.07 manat faiz borcu olmaqla, ümumilikdə 3557.86 manat məbləğində kredit borcu yaranmışdır.Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3045.79 manat məbləğində əsas borc və 512.07 manat faiz borcu olmaqla, ümumilikdə 3557.86 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, hesabdan çıxarış təqdim edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında borcu olduğunu qəbul edir. Sadəcə olaraq pandemiya ilə bağlı ödəmələrdə çətinlik çəkmiş, bankın tələb etdiyi məbləği hissə hissə ödəməyə imkanı olduğunu məhkəmənin nəzərinə çatdırdı. Digər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh2 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 200840-756130/1 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 27 avqust 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, əsas borclu Cavabdeh1 27 avqust 2019-cu il tarixli, 200840-756130/1/2 nömrəli istehlak kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 27.09.2019-cu il tarixdən başlayaraq hər ay banka 269,37 manat, yalnız sonuncu ay 269,46 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan 27 avqust 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 5000 manat məbləğində pul verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 ünvanladığı 06.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətindən gec olmayaraq ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 200840-756130/1 saylı, 27 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3045,79 manat əsas, 512,07 manat faiz borcu olmaqla, cəmi 3557,86 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərindən və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçı "xxxx" ASC-yə 27 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3045,79 manat əsas, 512,07 manat faiz borcu olmaqla, cəmi 3557,86 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubuna əsasən cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdehlər, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3045,79 manat əsas, 512,07 manat faiz borcu olmaqla, cəmi 3557,86 manat məbləğində borc və 30,4 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3045,79 (üç min qırx beş manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc, 512,07 (beş yüz on iki manat yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3557,86 (üç min beş yüz əlli yeddi manat səksən altı qəpik) manat borc və 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar