Məhkəmə qərarları › İş №2(060)-7029/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7029/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7029/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə 25 oktyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). Göründüyü kimi iddia məhkəməyə müraciət edilənədək ölmüş şəxsə qarşı qaldırılmışdır. Bununla iddiaçı tərəfindən qanunvericiliyin göstərişləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. 254.1.1-ci maddənin tələbinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır. MPM-nin 58-ci maddəsinin tələbindən çıxış edərək məhkəmə hesab edir ki, həmin hüquq norması məhkəmənin icraatında olmayan mübahisə edilən hüquq münasibətində tərəflərdən birinin sıradan çıxdığı halda həmin tərəfi hüquq varisi ilə əvəz etməyə digər tərəfə hüquqi imkan verir. MPM-nin 254-cü maddəsinin məzmunundan da bəlli olur ki, işdə tərəf olan şəxsin sıradan çıxması imperativ olaraq göstərilmişdir. Mülki prosessual qanunvericilikdə “iş” anlayışı ərizənin məhkəmənin icraata qəbul edilməsindən sonra yaranır. Yəni ki, məhkəmənin icraata qəbul edilmiş iddia ərizəsi üzrə mülki iş başlanmış olur və bu halda işdə tərəflərdən birinin sıradan çıxaması nəticəsində və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verirsə məhkəmə icraatı dayandırmaq vəzifəsini daşıyır. Araşdırılan işin faktiki hallarından göründüyü kimi borclu iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək ölmüşdür. İddiaçı faktiki olaraq hüquq qabiliyyəti xətm olmuş şəxsə qarşı iddia qaldırmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz. Mülki qanunvericilikdə göstərilmişdir ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qanunun tələbindən aydın olduğu kimi şəxsin ölümü ilə mülki hüquq vəzifələri daşımaq qabiliyyəti itirilmiş olur. Bu halda şəxsin mülki hüquq vəzifələrinin hüquqi varisliyi qaydasında ötürülməsini mülki qanunvericilik tanımışdır. Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilən hüquqi mövqeyə görə məhkəmə həmçinin izah edir ki, sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün miras qoyanın hüquqi varisini müəyyən etməklə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normasına əsasən qiymətləndirərək bu nəticəyə gəlir ki, iddiaçı İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, kreditorun mənafelərinin təmin edilməsi məqsədi ilə miras qoyanın hüquqi varislərini müəyyən etməklə ona qarşı tələb hüququ ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar