Məhkəmə qərarları › İş №2(060)-703/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-703/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-703/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2717,69 manat əsas borc, 354,51 manat faiz borcu olmaqla, ümumilikdə 3072,20 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25%-lə, 18 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-dək Cavabdeh1 banka 2717,69 manat əsas borc, 354,51 manat faiz borcu olmaqla, ümumilikdə 3072,20 manat borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh1 xx.xx.1986-cı ildə, Sumqayıt şəhərində, Cavabdeh2 isə xx.xx.1958-ci ildə, Göyçay rayonu, Bığır kəndində anadan olmuşdur. Cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4-MZ-2-0- 1167-19 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə, illik 25%-lə, 3000 manat kredit vermişdir. Kreditin cavabdehə verilməsini eyni tarixli kassa məxaric orderi təsdiq edir. Müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıya 18 ay müddətinə hər ay 201,58 manat, sonuncu ay isə 201,47 manat ödəniş etməli idi. xx.xx.2019-cu il tarixli, 4-MZ-2-0-1167-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit öhdəlikləri üzrə zamin olmuşdur. İddiaçı tərəfindən cavabdehlərə xx xxxxxxxx 2020-ci il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və cavabdehlər tərəfindən qəbul edilmişdir. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka əsas borc üzrə 2717,69 manat, faiz borcu üzrə 354,51 manat olmaqla, ümumilikdə 3072,20 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi Cavabdeh1la iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit öhdəliklərini lazımınca icra etməmişdir. Bu səbəbdən iddiaçı əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o, iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1 birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 da müştərək qaydada tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4-MZ-2-0-1167-19 saylı kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 2717,69 manat, faiz borcu üzrə 354,51 manat olmaqla, ümumilikdə 3072 (üç min yetmiş iki) manat 20 (iyirmi) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Yelobank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar