Məhkəmə qərarları › İş №2(060)-7038/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7038/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7038/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh və Zamin qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh və Zamin (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1 ədəd “Samsung Galaxy A11” markalı telefon üçün 348,3 manat ödənilməmiş hissə, 108 manat cərimə olmaqla, cəmi 456,3 manat borc və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 20.06.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1 ədəd “Samsung Galaxy A11” markalı telefon almış və nəticədə iddiaçıya 456,3 manat borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 432 manat olan 1 ədəd “Samsung Galaxy A11” markalı telefon üçün 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq 36 manat olmaqla ödəməli idi. Lakin cavabdehin həmin məbləğdən 348,3 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 83,7 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 20.06.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, cavabdeh Tağıyev Fariz Sülhi oğlu iddiaçı qarşısında cavbdeh Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Digər cavabdeh Zamin isə xx.xx.1989-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20.06.2020-ci il tarixli, 20363957 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd “Samsung Galaxy A11” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 20.06.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 36 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 26.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 432 manat olan 1 ədəd “Samsung Galaxy A11” markalı telefon üçün, 12 manat ilkin ödəniş etməklə 83,7 manat ödəniş etmişdir. Cavabdehin 348,3 manat ödənilməmiş hissə və 108 manat cərimə olmaqla, cəmi 456,3 manat borcu qalmışdır. İşdə olan 20.06.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən alqı-satqı müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə müvafiq olaraq digər cavabdeh Zamin iddiaçı qarşısında zamin olmuşdur. İş materiallarında olan 20.06.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh 1 ədəd “Samsung Galaxy A11” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İddiaçı tərəfindən cavabdehlərə 04.05.2021-ci ildə borcun qısa müddət ərzində ödənilməsi barədə xəbərdarlıq məktubu göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 348,3 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən iddiaçı Cavabdeh borcun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Zaminlik müqaviləsinə əsasən Cavabdeh iddiaçı qarşısında öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o, iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh alqı-satqı müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Zamin da müştərək qaydada tutulmalıdır. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə hesab edir ki, 348,3 manat əsas borc məbləğinə 108 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 30 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1 ədəd “Samsung Galaxy A11” markalı telefon üçün 348,3 manat ödənilməmiş hissə və 30 manat dəbbə pulu olmaqla, cəmi 378 (üç yüz yetmiş səkkiz) manat 30 (otuz) qəpik borc və 20 manat dövlət rüsumunun 10 (on) manatı cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar