Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7123/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 avqust 2020-ci il tarixli, 147-EMB-0761-20 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə 1516 manat əsas borc, 227,40 manat cərimə, 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1773,80 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 06 avqust 2020-ci il tarixli, 147-EMB-0761-20 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə, 1986 manat kredit vermişdir. Lakin cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Cavabdehə pretenziya məktubları göndərilmiş, lakin o öhdəliyi icra etməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1987-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 06 avqust 2020-ci il tarixli, 147-EMB-0761-20 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə, 1986 manat kredit vermişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 110 manat, sonuncu ay 116 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 22.07.2021-ci il tarixinə banka əsas borc üzrə 1516 manat, cərimə üzrə 227,40 manat olmaqla, cəmi 1743,40 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 22.07.2021-ci il tarixinə banka əsas borc üzrə 1516 manat borcu qalmışdır. Kredit müqaviləsinin 2.1.1. bəndinə əsasən bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun laraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş ödəmə vasitələrinə ödəniş məbləğlərini ödəmədikdə , vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edə bilər. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımıca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış bağlanmış 06 avqust 2020-ci il tarixli, 147-EMB-0761-20 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1516 manat əsas borc məbləğinə 227,40 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2020-ci il tarixli, 147-EMB-0761-20 nömrəli kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 1516 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 1616 (min altı yüz on altı) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7123/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7123/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver