Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7125/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 09 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23.12.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş X3 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, X8 ilə 15.12.2004-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 25.01.2006-cı il təvəllüdlü X6, 26.05.2007-ci il təvəllüdlü X9 və 20.12.2008-ci il təvəllüdlü X7 adlı 3 övladları olmuşdur. Sonradan yoldaşını evdə Türkiyə Respublikasına getdiyini bildirərək, özünə aid şəxsi əşyaları götürərək 17.03.2016-ci il tarixdə çıxıb getmişdir. Getdiyi vaxtdan 1 ay ərzində Whatsapp adlanan sosial şəbəkə vasitəsi əlaqə saxlamış, getdiyi yerləri onlarla bölüşmüşdür. Bir müddət sonra həmin nömrə ilə nə qədər əlaqə saxlamağa çalışsalar da, öz nömrəsi kimi təqdim etdiyi nömrəyə zəng çatmamışdır. X5 Respublikasında olarkən əlaqə saxladığı nömrəyə zəng vurarkən həmin nömrədən tanımadığı şəxs tərəfindən “Cəlal abi başqa şehere getdi” cümləsi yazılmışdır. O gündən bu günə kimi ondan xəbər ala bilmirlər. O, ərinin axtarışı ilə əlaqədar əlaraq AR DİN Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinə müraciət etmişdir. Həmin bölmədə müraciəti ilə əlaqədar axtarış işi açılsa da, sonradan 07.02.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən, əri 23.12.1976-cı il təvəllüdlü X3 qohumları ilə əlaqəni kəsmiş hesab edilmişdir. Bundan əlavə olaraq o, ərinin axtarışı ilə əlaqədar olaraq X10 Komitəsinə də müraciət etmişdir. Əri barədə 21.01.2021-ci il tarixdə BQXK-da axtarış sorğusu açılmışdır. O, müvafiq orqanlara bu axtarışla bağlı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ərinin ona, uşaqlarına, ailəsinə biganə yanaşması mümkün deyil. Bu illər ərzində övladları ilə maraqlanmaması onun üçün də şübhə doğuran məsələdir. Bütün bu hallar cavabdehin hər hansı bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən haldır. Uşaqları azyaşlıdır, məktəblidir. Günü-gündən ehtiyac və tələbatları artır. O, uşaqları təkbaşına qarşılamaqda çətinlik çəkir. Yoldaşının sağ olub olmamasından dəqiq məlumatlı olmadığına görə aliment tələb etməyi nə qanuni cəhətdən, nə də vicdani cəhətdən düzgün hal deyil. Lakin uşaqlara yetkinilik yaşına çatanadək dövlət tərəfindən ailə başçısının itirilməsinə görə müavinət düzəltmək olar. Bu da ona uşaqlarının maddi tələbatlarının ödənilməsi üçün köməkdir. Həmçinin qanunvericilikdə qeyd olunmuşdur ki, həmin müavinəti düzəltmək üçün cavabdehin ölüm şəhadətnaməsinin olması şərtdir. Lakin yoldaşının indiki halı və vətəndaşlıq vəziyyəti ilə bunu etmək mümkün deyil. Hesab edir ki, yuxarıda qeyd etdikləri və iş materillarına əlavə etdiyi lazımi sənədlər yoldaşının xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi üçün qanunvericlikdə nəzərədə tutulan hallar üçün yetərlidir. Həmçinin uşaqları böyüyür, gələcəkdə də uşaqlarının bəzi sənədləşmə işlərində də bu sənədə ehtiyac duyulacaq. Əlavə olaraq qeyd edir ki, özü heç bir yerdə işləmir. Bu müavinətə çox ehtiyacı var. Bunun təyin olunması üçün də ərinin itmiş elan edilməsi məhkəmə qətnaməsi əsasında elan olunmalıdr. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə slahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçıda olan sonuncu məlumata görə X3 Gürcüstan Respublikasından Türkiyəyə, oradan da Suriyaya keçmişdir. Qeyd edilənlərə əsasən, vəkil 23.12.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş X3 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan X10 Komitəsi tərəfindən verilmiş 29.04.2021-ci il tarixli məktubdan görünür ki, 23.12.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş X8 barəsində 21.01.2021-ci il tarixdə BQXK-da axtarış sorğusu açılmış və BQXK həmin işi hazırkı vaxta qədər bağlanmamış hesab edir. İş materiallarında olan AZ-İ 132153 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X2 15.12.2004-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah 1512 saylı akt qeydilə rəsmiləşdirilmiş, arvada Seyidova soyadı verilmişdir. Tərəflərin birgə nikahından 25.01.2006-cı il təvəllüdlü X6, 26.05.2007-ci il təvəllüdlü X9 və 20.12.2008-ci il təvəllüdlü X7 adlı üç yetkinlik yaşına çatmayan uşaqları var. (iş materiallarına əlavə edilmiş AZ-742093, AZ İ 951494 və AZ İİ 212544 nömrəli doğum haqqında şəhadətnamələrə əsasən). İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərviz Babayevin 07.02.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, X8 qohumları ilə əlaqəni kəsmiş şəxs hesab edilmişdir. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 30.11.2021-ci il tarixli, 33/4166 nömrəli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında X1 dəfə 17.03.2016-cı il tarixdə Gürcüstan istiqamətinə çıxışı qeydə alınmışdır. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 40.1 və 40.2-ci maddələrinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X8 Azərbaycan Respublikasından sonuncu dəfə 17.03.2016-cı il tarixdən çıxmış, aprel ayında ailə üzvləri onun C.Seyidovla əlaqə saxlasa da, həmin ilin may ayından isə ailə üzvləri onun harada olması barədə məlumat əldə edə bilməmişlər. X3 17.03.2016-cı il tarixdən Azərbaycan Respublikasını tərk etməsi və bir daha geri qayıtmaması həm də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 30.11.2021-ci il tarixli, 33/4166 nömrəli məktubu və digər iş materialları ilə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin müddəalarına görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir (mad. 312). Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir (mad. 313). Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X3 harada olması barədə artıq 5 ildən çoxdur ki, məlumat yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X3 xəbərsiz itkin düşmüş şəxs elan edilməsi üçün yetərli əsaslar vardır. Məhkəmə onu da qeyd edir ki, X13 itkin düşməsi haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadığından onun xəbərsiz itkin düşmüş sayılması üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, yəni 2016-cı ilin iyun ayının 1-dən başlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 23.12.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş X8 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 312- 316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23.12.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş X8 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7125/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7125/2021
09.12.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver