Məhkəmə qərarları › İş №2(060)-7145/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7145/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7145/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 18 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 127,45 manat əsas borc, 29,77 manat faiz borcu, 37,56 manat cərimə və kredit müqaviləsi üzrə 09 yanvar 2021-ci il tarixdən, 22 iyul 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 196,48 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 09 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 18 ay müddətinə 500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22 iyul 2021-ci ilədək Cavabdeh banka 09 iyul 2019-cü il tarixli kredit müqaviləsi üzrə 127.45 manat əsas borc, 29.77 manat faiz borcu, 37.56 manat cərimə və kredit müqaviləsi üzrə 09 yanvar 2021 il tarixdən, 22 iyul 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.70 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi – 196,48 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə mübahisənin məhkəmədənkənar qaydada həlli mümkün olmamışdır. 23 sentyabr 2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, həqiqətən onunla "Nikoyl” İKB ASC arasında 2019-cu il 09 iyul tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə bank ona illik 27% olmaqla 18 ay müddətinə 500 manat manat məbləğində pul vermişdir. Müharibədə iştirak etmiş, bununla əlaqədar olaraq uzun müddət müalicə almışdır. Mövcud kredit borcunu birdəfəlik ödəmək üçün maddi vəziyyəti yetərli deyil. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin 18.10.2021-ci il tarixl iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanılmış 09 iyul 2019-cu il tarixli, 4-Y-1-0-1705-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən (Bank) 18 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 500 manat məbləğində kredit götürmüşdür. İşdə olan 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" X2 ASC ilə Cavabdeh arasında bağlanılmış 09 iyul 2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh banka 127,45 manat əsas borc, 29,77 manat faiz borcu, 37,56 manat cərimə və kredit müqaviləsi üzrə 15 yanvar 2021-ci il tarixdən, 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 196,48 manat borcu yaranmışdır. Kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 500 manat məbləğində pulu "xxxx" İKB ASC-dən qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 09 iyul 2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə 28.04.2021-ci il tarixli, KBD-6746 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 127,45 manat əsas borcun və 29,77 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 37,56 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 1 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, qeyd edilənlərə istinad edərək, hesab edir ki, 15 yanvar 2021-ci il tarixdən, 22 iyul 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1,7 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehdən tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 127,45 (bir yüz iyirmi yeddi manat qırx beş qəpik) manat əsas borc, 29,77 (iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat faiz borcu, 1 (bir) manat cərimə və kredit müqaviləsi üzrə 09 yanvar 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1,70 (bir manat yetmiş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 159,92 (bir yüz əlli doqquz manat doxsan iki qəpik) manat pul və iddia qaldırılması üçün ödənilmiş 24 (iyirmi dörd) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar