Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7159/2023 25.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və X1 4000 (dörd min) manat borcun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində texniki yanlışlığa yol verilərək cavabeh kimi X2 qeyd olunduğunu bildirmiş, cavabdehin adının Cavabdeh2 olmasını nəzərə alaraq ondan 4000 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun tanışlarıdır. Onlar onun və ailəsinin etibarını qazanmışılır. Yoldaşı cavabdehlərə ayrı-ayrı vaxtlarda ümumilikdə 4000 manat borc pul verib. Yoldaşının vəfatından sonra onlardan yoldaşına olan borclarını tələb etsə də, cavabdehlər borcu verməkdən imtina edirlər. Onlar özləri də etiraf edirlər ki, yoldaşından borc pul alıblar. Lakin bu günə kimi 200 manat pul qaytarıblar. Bu barədə polisə müraciət etsə də, araşdırılma aparılmış, lakin mülki iddia kimi məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Ona görə də məkhəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, həyat yoldaşı 2000 manat məbləğində Almaza, 2000 manat da Cavidə pul vermişdir. Cavabdeh həyətdə ət satırdı, bu yolla onlar tanış olmuşdular. İlk dəfə Almaz onun yoldaşından pul istəyəndə o, pul verməyə razı deyildi. Lakin həyat yoldaşının yazığı gəldiyi üçün Almaz istədiyi məbləğdə borc pul vermişdi. Artıq 8 ildir ki, cavabdehlərə pul verilib. Həyat yoldaşı isə 3 il əvvəl rəhmətə gedib. Cavabdehlər borclarından cəmi 200 manat məbləğində ödəniş ediblər. O, illər ərzində cavabdehlərdən borcun qaytarılmasını tələb etsə də, onlar bundan imtina edirdilər və ona hara müraciət etsə də, heç kimin inanmayacağını bildirirdilər. Hətta bir dəfə o, pulu tələb edəndə cavabdehin oğlu həmin pulun hədiyyə edildiyini, borc olmadığını demişdi. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Onlar iddiaçı və yoldaşı ilə bazarda tanış olmuşdular. O, şəxsən iddiaçıdan pul götürməyib. Pulu faizlə iddiaçının yoldaşı onun yoldaşına vermişdi. Yoldaşı Cavid də aldığı borcu qaytarmışdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının yoldaşı ilə münasibəti var idi. “Karvan” TM yandığı zaman onun pula ehtiyacı olduğundan iddiaçının yoldaşından borc pul istəmiş və sonuncu da ona 2000 manat borc pul vermişdir. 7 ay sonra Bankdan pul götürərək həmin borcu qaytarmışdı. Daha sonra o, yenidən iddiaçının ərindən 2000 manat məbləğində pul götürməli olmuşdur. Banka ödəniş edə bilməmiş, evini əlindən almışlar. İddiaçının yoldaşı faiz borcunu istəmədiyini, yalnız 2000 manatı istədiyini demişdir. O, da ödənişlər etmiş, sonra 500 manat məbləğində borcu qalmışdır. Həmin pulu ödəməyə maddi cəhətdən gücü çatmamışdır. İddiaçının oğlu ona yaxınlaşıb atasının xəstə olduğunu, onu incitməməli olduğunu demişdir. O, həftədə 50 manat ödəniş edəcəyini bildirmiş, oğlu da onun təklifi ilə razılaşmış, hətta arada 100 manat məbləğində ödəniş etmişdir. Bəzən isə ona və yaxınlarına pulsuz ət vermişdir və ətin pulu həmin borcdan çıxılmışdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, 6-7 il olar ki, pulu ödəmişdir, son olaraq hətta iddiaçı tərəfin onlara 30 manat məbləğində borcu qalmışdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 4-cü Polis Bölməsinin xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, İddiaçı ərizəsində göstərilən xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İşdə olan ölüm haqqında şədatnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının həyat yoldaşı X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun adına vərəsəlik işi açılmamış, ondan iddiaçıya hər hansı miras əmlak qalmamışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçını hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn sahibi kimi qəbul etmək mümkündür. Belə ki, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Məhkəmə hesab edir ki, nikah dövründə ailə büdcəsinin vəsaiti hesabına digər şəxslərə verilən borc məbləği də tərəflərin ümumi birgə mülkiyyətini təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı mərhum həyat yoldaşı tərəfindən cavabdehlərə verilən borc məbləğinin qaytarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İddia tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə sübutetmə yükünün paylanması baxımından borc məbləğinin verildiyini sübut etmək yükü iddiaçının, borcun qaytarıldığını sübut etmək yükü isə cavabdehlərin üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının həyat yoldaşı tərəfindən borc məbləğinin verilməsi cavabdehlərin izahatı ilə öz təsdiqini tapmış, lakin Cavabdeh1 borc verilməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, verilən borcun qaytarıldığını sübut etmək yükü Cavabdeh2 üzərinə düşsə də, həmin borcun verilməsindən təxminən 8-9 il keçdiyindən, eyni zamanda borcverən şəxs (o cümlədən borcun ödənildiyi şəxs) hal-hazırda sağ olmadığından cavabdehin həmin halı sübut etmək imkanları tükənmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 60 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7159/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7159/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver