Məhkəmə qərarları › İş №2(060)-7179/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7179/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7179/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Bakı şəhər filialı ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli 42 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 3000 manat məbləğində mənzil təmiri məqsədi ilə kredit verilmişdir. Kredit müqaviləsinin 2.2.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 24.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2986,73 manat təşkil edir. Bundan 1161,72 manat əsas, 198,25 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 1313,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 313,12 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və qarşı tərəfə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Göstərilənlərə əsasən cəmi 2986,73 manat – bundan 1161,72 manat əsas, 198,25 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 1313,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 313,12 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh vəfat edib və onun hüquqi varisinin olub-olmaması barədə məlumatları yoxdur. Məhkəmə işə iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 03.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17.09.201-cü il tarixli kredit müqaviləsi üzrə 1161,72 manat əsas, 198,25 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 1313,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 313,12 manat faiz borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.09.2014cü il tarixli, 42 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 18 faiz ödənilməsi şərti ilə 12 ay müddətində, 3000 manat məbləğində kredit verilmişdir. Borcalan krediti 12.09.2015-ci il tarixədək borcverənə qaytarmalıdır. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 17.10.2014-cü il tarixdən başlayaraq hər ay banka 275,04 manat, sonuncu ay 275,02 manat, ümumilikdə 3300,45 manat ödəməklə 17.09.2015-ci il tarixədək qaytarmalıdır. İş materiallarında olan 17.09.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 3000 manat məbləğində pul verilmişdir. İş materiallarında olan Azərbaycan respublkikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 2702№-li 29.09.2021-ci il tarixli məktubundan görünür ki, 18.04.2015-ci il tarixdə ölmüş Cavabdeh barəsində Sumqayıt Asan Xidmət Mərkəzi notariat ofisində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC-nin Bakı şəhər filialı ilə Cavabdeh 17 sentyabr 2014-cü il tarixli, 42 saylı kredit müqaviləsinə əsasən illik 18 faiz olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. Cavabdeh 18 aprel 2014-cü il tarixində vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirə bilməmiş, nəticədə cavabdehin İddiaçı ASC-yə 1161,72 manat əsas, 198,25 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 1313,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 313,12 manat faiz borcu yaranmışdır. 18.04. 2014-cü il tarixdə vəfat etmiş Cavabdeh miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Həmçinin Cavabdeh adına heç bir vərəsəlik işi açılmamışdır. Cavabdeh nə qanun, nə də vəsiyyət üzrə vərəsəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh qismində mərhum Cavabdeh qarşı iddia qaldırsa da, mülki prosessual qanunvericiliyin tələbi baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin yönəldiyi şəxs, Cavabdeh vəfat etdiyindən, ölümündən sonra nə qanun, nə də vəsiyyət üzrə vərəsəsi olmadığından, mərhum Cavabdeh ölümündən sonra notariat ofisində heç bir vərəsəlik işi açılmadığından, ona qarşı tələb yönələ bilməz. İşin məhkəmə araşdırması zamanı tədqiq edilən hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar